Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 13:33

Ramiz Həsənov: «Sayğacları yoxlamaq üçün stend çatışmır»


«Sayğacları yoxlamaq üçün stend çatışmır». Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin sədri Ramiz Həsənov iyunun 9-da keçirdiyi mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, rəhbərlik etdiyi qurumun tərkibində olan yoxlayıcı stendlər təqdim olunan bütün sayğacları standartlara uyğunlaşdırmağa imkan vermir, bu əməliyyatı vaxtında həyata keçirmək üçün qurğular kifayət etmir.


Cənab Həsənov deyir ki, Agentliyə sayğacların keyfiyyəti ilə bağlı şikayətlər də daxil olur. Buna səbəb isə əsasən qaz sayğaclarının peşəkar səviyyədə daşınmaması və quraşdırılmamasıdır.


«Azəriqaz»ın Mətbuat Xidmətinin rəhbəri Kamandar Eyvazlı isə deyir ki, onlar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinə verilən sifarişlərdən razıdır.


İlin axırına qədər ölkə üzrə 500 min qaz sayğacı quraşdırılmalıdır.


R.Həsənov əlavə edib ki, indiki qanunvericiliyə görə, Agentlik xammalın keyfiyyətinə də nəzarət edə bilmir. Agentliyin rəhbəri deyir ki, standartlaşdırma üzrə funksiyaların bir neçə qurum tərəfindən icra olunması koordinasiyanı yaxşı qurmağa imkan vermir.


İndi satışa çıxarılan yeyinti məhsullarının keyfiyyətini Kənd Təsərrüfatı Nazirliyi, digər məhsulların keyfiyyətini isə İqtisadi İnkişaf Nazirliyi yoxlayır.


XS
SM
MD
LG