Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:04

Ata, məni ərə yox, məktəbə göndər!


«Kim 14 yaşlı qızını ərə verər?» sualına isə lənkəranlı auditoriyanın 50 faizi müsbət cavab verib.
«Kim 14 yaşlı qızını ərə verər?» sualına isə lənkəranlı auditoriyanın 50 faizi müsbət cavab verib.
«Dalğa» Gənclər Hərəkatının erkən nikahlara qarşı kampaniyası belə adlanır.

Kampaniyanın bir qrup iştirakçısı yaxınlarda Lənkəranın Şürük kəndində 50-yə yaxın kənd sakini ilə birlikdə müzakirə təşkil ediblər. Müzakirədə iştirak edənlər ancaq kəndin kişiləri olublar.

Erkən nikaha qarşı kampaniyanın aparıcılarından Emin Abdullayevin «Kim öz 9 yaşlı qızını ərə verər?» sualına 50 nəfərdən 1-i «hə» deyib. Həmin şəxs özünü kəndin mollası kimi - Molla Cəsarət kimi təqdim edib.

«Kim 14 yaşlı qızını ərə verər?» sualına isə lənkəranlı auditoriyanın 50 faizi müsbət cavab verib.

Qızlarını erkən ərə verən atalar bunun səbəbini ailə vəziyyəti, mentalitet və müsəlman qaydaları ilə izah ediblər. Serialların, mobil telefonun, internetin sayəsində qızların oyanmasını dilə gətirib, bunun mənfi nəticəsi olmasın deyə, qızını tez verdiyini bildirənlər də olub.

Emin Abdullayev «namus əldən gedər» deyən valideynlərə 100 il əvvəl – seriallardan, mobil telefondan və internetdən xəbərsiz olan nənəsinin əhvalatını danışıb:

«Mənim nənəm 9 yaşında ərə gedib. 12 uşağından ilk 4 uşağı ölüb. Səbəb erkən nikah olub. Çünki uşaq uşaqlığı ilə məşğul olmalıdır, uşaq özü necə uşaq doğa bilər?!».

«14-24»ə öz əhvalatını danışan Günelin «həri»si 13 yaşındaykən verilib. Günel deyir ki, nişanlı ola-ola məktəbə getməyə utanırmış. Nə qədər qarşı getsə də, valideynləri onu dinləməyib:

«Uşaq idim, heç nə başa düşmürdüm. İlk vaxtlar çox ağlayırdım, anam üçün çox darıxırdım».

Günel ər evində kitab oxuyanda narazılıq da edirmişlər:

«Deyirdilər sən artıq ərli qadınsan, kitab oxuyan vaxtın deyil».

Həyat yoldaşı ilə yola getməyəndə ətrafındakı qadınlar «Bizim canımız can deyildi ki? Biz necə dözmüşük, sən də elə. O, sənin ailəndir. Səni döysə də, söysə də, ac da saxlasa, sən bunu qəbul etməlisən» - deyirmişlər. Bütün bunlara rəğmən, Günel erkən qurduğu ailədən elə erkən də ayrılıb.

Buna da bax:

XS
SM
MD
LG