Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:08

Mahmudəli Çöhrəqanlı niyə gəldi, niyə getdi?


Ağrı Qaradağlı rəsmi açıqlamaları qəbul etmir
Ağrı Qaradağlı rəsmi açıqlamaları qəbul etmir

Cənab Çöhrəqanlını hava limanına aparan əməkdaşlar ölkədən çıxarılmasının səbəbini ona qarşı terror cəhdi olması ilə izah ediblər


Milli Təhlükəsizlik Nazirliyii (MTN), Sərhəd Qoşunları və Xarici İşlər Nazirliyi «Güney Azərbaycan Milli Oyanış Hərəkatı» kimi tanınan təşkilatın rəhbəri doktor Mahmudəli Çöhrəqanlının deportasiya olunması haqda məlumatları təkzib edirlər.


MTN-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Arif Babayev bildirir ki, bazar günü cənab Çöhrəqanlının Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən saxlanması və onun ölkədən deportasiya edilməsi haqda deyilənlər yanlışdır. Nazirliyin verdiyi məlumata görə, Mahmudəli Çöhrəqanlı iyunun 10-da Türkiyədən Azərbaycana gəlib, iyunun 11-də isə Bakı-İstanbul-Nyu-York reysi ilə ölkəni tərk edib.


Xarici İşlər Nazirliyi və Sərhəd Qoşunlarından da eyni cavabı aldıq. Mahmudəli Çöhrəqanlının rəhbərlik etdiyi qurumun Mətbuat Xidmətinin rəhbəri Ağrı Qaradağlı isə rəsmi açıqlamaları qəbul etmir. Cənab Qaradağlı bazar günü onları təhlükəsizlik orqanları əməkdaşlarının saxladığını bildirir: «Mənim özüm də Çöhrəqanlının yanında olmuşam. Düzdü, onu saxlayanlar özlərini təqdim etmədilər. Amma əynində özəl forma, böyründə silah gəzdirən özgə kim ola bilər ki? Yalnız təhlükəsizlik xidməti. Bilmirəm, MTN-di, kimdi, amma təhlükəsizlik xidmətiydi».


Ağrı Qaradağlı onu da əlavə edir ki, iyunun 12-də artıq Nyu-Yorkda olan cənab Çöhrqanlıyla əlaqə saxlayıb. O, ölkədən çıxarılmasına prezident İlham Əliyevin göstəriş verdiyini bildirib. Eyni zamanda, Mahmudəli Çöhrəqanlını hava limanına aparan əməkdaşlar ölkədən çıxarılmasının səbəbini ona qarşı terror cəhdi olması ilə izah ediblər.


«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğluna görə, cənab Çöhrəqanlının deportasiya olunduğunu demək olmaz. Sadəcə, Azərbaycan da Türkiyə kimi hərəkət edib, İranla münasibətlərə xələl gətirməməkdən ötrü Mahmudəli Çöhrəqanlıya ölkədən getməsi üçün bir neçə variant təklif edib. Cənab Çöhrəqanlı da bununla razılaşıb.

Politoloq Zərdüşt Əlizadəyə görəsə, Mahmudəli Çöhrəqanlının ölkədən çıxarılması təhlükəsizlik tədbirlərindən daha çox, siyasi hadisəyə bənzəyir. O, deyir ki, düzdü, cənab Çöhrəqanlı Türkiyədə və ya Azərbaycanda ola-ola İrandakı hadisələrə təsir göstərə bilməyəcəkdi. Sadəcə, Ankara və Bakı siyasi baxımdan həssas bir dönəmdə ehtiyatlı davranmağa məcburdu: «Nə Türkiyə, nə də Azərbaycan İranla münasibətlərdə problem istəmir».


Mahmudəli Çöhrəqanlı 2001-ci ildə İranı tərk edəndən sonra bir neçə ay Azərbaycanda qalmışdı. Bu zaman onun təhlükəsizliyi və ya siyasi baxışları ilə bağlı hər hansı narazılıq yaranmamışdı.


Ekspertlərə görə, Mahmudəli Çöhrəqanlının bu dəfə az qala arzuolunmaz şəxs kimi qəbul olunmasının səbəbi bir yandan İran ətrafında yaranan gərginlik, digər yandan da bu ölkədə karikatura qalmaqalına görə azərbaycanlıların etiraz aksiyaları fonunda cənab Çöhrəqanlının yeni türk cümhuriyyəti yaradılması haqda bəyanatlar səsləndirməsidi. Hər iki amil Tehranı qıcıqlandıra bilərdi. Buna görə də Bakı tədbirli davranmağa çalışıb. Ekspertlər arasında belə fikirlər də var ki, ola bilər həqiqətən də Çöhrəqanlının təhlükəsizliyinə təminat vermək Bakıdan ötrü müşkülə çevrilib.


XS
SM
MD
LG