Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 20:17

Yeni binaların köhnə problemləri


Yeni tikililərlə bağlı problemlər şəhərin müxtəlif yerlərində var
Yeni tikililərlə bağlı problemlər şəhərin müxtəlif yerlərində var
Bakıda istifadəyə verilmiş çoxmərtəbəli yaşayış binalarından bəzilərində artıq indidən müxtəlif problemlər yaranmağa başlayıb. Yasamal rayonu Həsən bəy Zərdabi küçəsində bir neçə il əvvəl təhvil verilmiş 16 mərtəbəli yaşayış binasındakı liftlərdən bir neçəsi işləmir. İşləyən liftlərin də bəziləri istifadə müddətini çoxdan bitirmiş liftlərə oxşayır. Bəzi bloklarda liftlərin 16 düyməsindən biri salamat ola-olmaya. Düymələrin qoparılmasını hardasa azyaşlıların günahı hesab edən sakinlər deyirlər ki, liftlər çox keyfiyyətsizdir. Titrəyə-titrəyə hərəkət edən liftlər sakinləri əməlli-başlı qorxuya salıb. Sakinlər hesab edir ki, keyfiyyət bir yana, həm də liftlər normal quraşdırılmayıb:

- Düymələrdən əlavə siz özünüz də görürsüz ki, lift tam düzgün qurulmayıb. Həm də keyfiyyətli lift deyil.
-Olurmu ki, bu lift sizi yarıyolda qoysun?
-Olur, əlbəttə. Axı belə olmalı deyil. İki ildir təhvil verilib. Əgər iki il əvvəl quraşdırılan lift indidən belədirsə, onda görün bunun sonrası necə olacaq.

Keyfiyyətsiz hesab edilən liftlə 13-cü mərtəbəyə bir neçə sakinlə mən də qalxdım. Elə liftdə etdiyimiz söhbət zamanı qonşulardan birinin binalarında hər şeyin normal olması barədə dediyi fikir o biri qonşunun ciddi etirazına səbəb oldu:

Binanın həyətində 4-5 yerdə kanatlarla yük qaldıran avadanlıqlar hələ də sökülməyib
- Bu lift qəzalı sayılır.
- Yox, artıq başlayıblar təmirə.
- Nəyə başlayıblar, heç nəyə başlamayıblar. Siz xahiş edirəm hər şeyi ört-basdır etməyin. Bu lift həm pis işləyir, həm də qəzalıdır.

Həmsöhbətim deyir ki, onları bu yeni binada saxlayan bircə yaşayış sahəsinin genişliyidir. Yoxsa çoxdan köçüb gedərdilər.

Sözügedən binada problem təkcə liftdə deyil. Parkı, istirahət düşərgəsi onsuz da olmayan həmin binanın həyətində 4-5 yerdə kanatlarla yük qaldıran avadanlıqlar hələ də sökülməyib.

Binanı tikən şirkət nümayəndələri liftlərdəki problemlərdən xəbərdardılar. Hətta sakinlərlə yığılıb bu məsələni müzakirə də ediblər. Şirkət nümayəndələrindən birinin dediyinə görə, bir neçə gündən sonra bütün liftlər təmirə dayanacaq. Bir də binanın həyətində mişar daşıyla dolu qaldırıcı avadanlıqlar da binanın həyətindən yığışdırılacaq.

«Müvəqqəti çətinliyə bir təhər dözmək elə də problem deyil»
Amma «liftlər təmirə dayanandan sonra adamlar yuxarı mərtəbələrə necə qalxacaqlar» sualına həmsöhbətim cavab verdi ki, müvəqqəti çətinliyə bir təhər dözmək elə də problem deyil.

Həmsöhbətim dönə-dönə binada problemlərin olmadığını deyirdi. Hətta ətrafdakı binaları göstərib həmin binalarda yaşayış olsa da, onların dövlət qurumları tərəfindən hələ də təhvil alınmadığını bildirdi.

Həmsöhbətimin mənə göstərdiyi binada da oldum. Məlum oldu ki, binada adamlar çoxdan məskunlaşsalar da, aidiyyatı qurumlar binanın yaşayış üçün hazır olması barədə rəy verməyiblər.

Yeni tikililərlə bağlı problemlər şəhərin müxtəlif yerlərində var. Yasamal rayonunda Məhəmməd Naxçıvanski küçəsilə Cabbar Qaryağdı küçəsinin kəsişməsində iki il əvvəl istifadəyə verilən yaşayış binasının bir hissəsində eyvanların üz örtüyü tamamilə qopub tökülməkdədir.

İki il əvvəl istifadəyə verilən yaşayış binasının bir hissəsində eyvanların üz örtüyü tamamilə qopub tökülməkdədir.
Memarlar İttifaqının vitse-prezidenti Hafiz Əmirxanov hesab edir ki, əgər yeni tikilən binalarda indidən müxtəlif problemlər üzə çıxırsa, deməli, həmin binalar düzgün təhvil verilməyib. Onun sözlərinə görə, əslində yaşayış binası olduqca ciddi şəkildə yoxlanıldıqdan sonra istifadəyə verilməlidir:

«Heç belə şey olmaz. Bina özü, həyəti tam hazır olmalıdır. Liftlər işləməlidir, qaz, su verilməlidir».

Hafiz Əmirxanov deyir ki, əslində yeni tikilən binanın hazır olub-olmamasına 20-yə qədər dövlət qurumunu özündə birləşdirən Dövlət Qəbulu Komissiyası rəy verir. Fövqəladə Hallar Nazirliyindən tutmuş, liftlərin istismara verilməsinə cavabdeh olan Dağ-Mədən İdarəsinə qədər müxtəlif qurumların daxil olduğu bu komissiyanın müsbət rəyindən sonra bina yaşayış üçün istifadə verilə bilər.

Bəzi tikinti mütəxəssisləri hesab edirlər ki, əgər yeni təhvil verilən binada indidən liftlə və digər məsələlərlə bağlı problemlər varsa, onda həmin binanın təhvili zamanı sənədlərə rəy verən dövlət qurumlarından hansısa müəyyən maraqları nəzərə alıb.
XS
SM
MD
LG