Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:50

«Az göndərir az yeyirik, çox göndərir çox…»


Xaricə iş dalınca gedən azərbaycanlıların kütləvi şəkildə geri qayıtması ehtimal olunmur
Xaricə iş dalınca gedən azərbaycanlıların kütləvi şəkildə geri qayıtması ehtimal olunmur
«Mənim şirkətimdə 36 nəfər işçi vardı. Hazırda isə 9-u qalıb. 27 nəfəri ixtisara salmışıq. Baxmayaraq ki, ixtisaslı, savadlı kadrdırlar, amma iş problemi yaranıb».

Bunlar Belorusda fəaliyyət göstərən «Elikabel» şirkətində maliyyə böhranının izləridir. Şirkət Rusiyada yaşayan azərbaycanlı iş adamınındır. Onun Belorusdakı filialının təsisçi İbrahim Əhmədov deyir ki, onlar dondurulmuş xəmir məmulatlarının satışını həyata keçirirlər.

O bildirir ki, böhran başlayandan bəri Azərbaycana ailəsinə göndərdiyi vəsait 50 faiz azalıb:
Alıcı var, amma alıcılıq qabiliyyəti azalıb həddən artıq. Hardasa 30-40 faiz qiymətlər düşüb. Əvvəl obyekt 7 idi, indi isə dördü qalıb. İşçi ixtisarı da etmişik. Hər mağazada 4 işçiyə ehtiyac olurdusa da, indi iki işçi ilə kifayətlənməli oluruq


«Bu böhran həm maddi, mənəvi, həm psixoloji cəhətdən Azərbaycandan kənarda yaşayan bütün iş adamlarına çox böyük təsir edib. Çünki əvvəllər istədiyimiz qədər evdəkilərə pul göndərə bilirdiksə, indi böhranla əlaqədar olaraq yarı faizinə, bu göstərici çox aşağı enib».

İbrahim Əhmədov deyir ki, indi onların xərcləri çoxalıb. Azərbaycana göndərdiyi pullar bir yana, öz fəaliyyətlərində çətinliklə üzləşiblər. Buna görə də məhsulların qiymətlərini qaldırıblar:

«Biz də məcburuq ki, öz məhsullarımızın qiymətini qaldıraq».

«Elikabel» şirkətinin Belorusda 45-ə yaxın məntəqəsi var, ayda təqribən 180 ton məhsul satışı həyata keçirilər.

İbrahim Əhmədov deyir ki, indiki vəziyyəti qaydasına salmaq üçün müəyyən çıxış yolları tapıblar:

«Malın dövriyyəsini çoxaldırıq. Bu da nədən ibarətdir? Yeni məntəqələrin, yeni obyektlərin açılması ilə. Ola bilər ki, bizim qazancımız az olsun. Amma bazarı itirmək ümumiyyətlə şirkətin bağlanmasına gətirib çıxarda bilər. Ona görə də əhatə dairəsini genişləndiririk».

Böhran Moskvada norka-şubalarının satışını həyata keçirən «İliev» şirkətindən də yan keçməyib. Şirkətin rəhbəri Dəyanət Əhmədov deyir ki, böhran başlayandan 3 mağaza bağlayıblar.

«Alıcı var, amma alıcılıq qabiliyyəti azalıb həddən artıq. Hardasa 30-40 faiz qiymətlər düşüb. Əvvəl obyekt 7 idi, indi isə dördü qalıb. İşçi ixtisarı da etmişik. Hər mağazada 4 işçiyə ehtiyac olurdusa da, indi iki işçi ilə kifayətlənməli oluruq».

Maliyyə böhranı Azərbaycanda gözünü Rusiyaya dikib çörək gözləyən ailələri də əli qoynunda qoyub. Ziyafət İbrahimova da belələrindəndir:

«İndi pul çox çətinliklə gəlir. Orda vəziyyət yaxşı deyil deyə, bizdə də zəifdir. Az göndərir az yeyirik, çox göndərir çox. Ona görə də Allah hökumətimizin köməyində dursun, zavodlar, fabriklərin işə düşməyinə kömək etsin. Elə burda da işləsin, zəhmət haqqını alsın gətirsin».

Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktorunun müavini İlqar Hacıyev deyir ki, böhrandan təsirlənən azərbaycanlılar çalışır ki, öz gücünü başqa sahələrə xərcləsin. O deyir ki, Rusiya hökuməti azərbaycanlı iş adamlarını işlə təmin etmək üçün müəyyən addımlar atır:

«Azərbaycanın iş adamlarına hökumət tərəfindən idarə edilmək üçün kolxozlar verlir. Onda bizim azərbaycanlıları işə cəlb edirlər. Hazırda Rusiyada kənd təsərrüfatına çox fikir verilir ki, insanların çoxu işsiz qalmasın. Nijni Novqorodda, Çuvaşiya Respublikasında konkret olaraq bizim azərbaycanlı iş adamları bir neçə kolxoz götürüb, hazırda istehsalata başlayıblar».

İlqar Hacıyev bankların məlumatına istinadən deyir ki, hazırda köçürülən pulların miqdarı xeyli aşağı düşüb. Amma Azərbaycana geri dönənlərin sayı o qədər də çox deyil:

«Elə siz deyən çox da gələnlər yoxdur. Ancaq Azərbaycan inkişaf etmiş ölkələrin sırasında olduğu üçün hər bir azərbaycanlı ordan gəlib öz regionlarında işlə məşğul olmağı, hardasa özlərinə borc bilirlər».

Amma Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev hesab edir ki, xaricə iş dalınca gedən azərbaycanlıların kütləvi şəkildə geri qayıtması ehtimal olunmur. Çünki orada yaşam şəraiti daha yaxşıdır.
XS
SM
MD
LG