Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 20:55

«Evimiz yıxılacaq…»


«Zivər Əhmədbəyov 63»də yaşayan sakinlər
«Zivər Əhmədbəyov 63»də yaşayan sakinlər
«Sabah bir qəza baş verdi, gəlib nə edəcəksən, meyitimizi daşıyacaqsan?»

Yasamal rayonunda «Zivər Əhmədbəyov 63»də yaşayan Mehriban Hüseynova bu sualı rəsmi dairələrə ünvanlayır.
O və qonşuları evlərinin arxasında «Afina» MMC-nin çoxmərtəbəli yaşayış binası tikdirdiyi üçün belə təlaşa düşüblər.

«Arxadan maşın, traktor işləyir, nə edirlərsə, bütün evlər silkələnir, elə bil ki zəlzələ var. Camaat qorxusundan evində də yata bilmir».

«Neçə ildir oranı alıblar. Bizi narahat edirlər də. Titrəyir, əsir bütün evimiz. Gedirik, şikayət edirik, Milli Məclisə də ərizə yazmışıq. Bizim şikayətimizə baxan yoxdur. Gecə-gündüz orda tikinti işi aparılır».

Bu ünvanda 19 ailə yaşayır. Sakinlər evlərinin qəzalı olduğu deyirlər. İkinci mərtəbədə yaşayan Sahilə xanım evindəki çatları göstərir, deyir ki, onlar qonşuluqda bina özülü qazılmağa başlanandan əmələ gəlib.


«O qonşunun divarı elə gələcək adamın üstünə ki! Döşəməyə bax, gör necə titrəyir. Dörd aydır yata bilmirəm. Bu çarpayı stola dəyib qayıdır».

Çar dövrünün makaron fabriki

Bu yaşayış yeri çar dövründə salınıb. Evlərin divarları taxtadan və suvaqdan ibarətdir. 19-cu əsrin ortalarında burda makaron fabriki fəaliyyət göstərirmiş. Sonra müxtəlif ölkələrdən gələnlər məskunlaşıb.

1988-ci ildə həyətin yarısı sökülüb, vətəndaşlar başqa yerlərə köçürülüb. Qarabağ müharibəsi başlananda burda qəzalı evlərdə yaşayan digər sakinlər isə yaddan çıxıb. Elə indiki kimi. Vətəndaşlar deyir ki, bu evlərin «Afina» MMC-yə satılıb, amma onlardan xəbərsiz.

«İndi də ki, daha özbaşınalıqdır. Kim haranı istəyir alır, nə istəyir edir. Hara da gedirik şikayətə, deyirlər ki, sizin yeriniz alınıb. Ay balam, bizimlə kim gəlib danışıb?»

«-Sizə kim deyib ki, buranı alıblar?

- Fövqəladə Hallar Nazirliyindən nümayəndə gəldi, dedi ki, bura alınıb. İki dənə üzbəüz bina tikiləcək. Siz imkan verin, şikayət etməyin. Ay balam, biz qorxuruq axı...»

Tikilməmiş sökülür...
Bu köhnə evlərdəki divarların həqiqətənmi tikinti başlanandan sonra, ya əvvəl çatladığını indi müəyyənləşdirmək çətindir.

Amma bu evlərin qarşısındakı yolun vəziyyəti tikintinin hansı fəsadlara səbəb ola biləcəyindən xəbər verir.

Çoxmərtəbəli binanın özülü qazılarkən «Cəfər Cabbarlı» küçəsində şose təxminən 2 metr uçub. Səbəb tikinti yerində su borusunun partlaması idi. Tikinti yerini müşahidə edərkən bəlli olur ki, dirəklər basdırıb yolu bərpa edirlər. Minayə Qurbanova deyir ki, evlərin altında qrunt suları var, istənilən vaxt bura uça bilər:

«Dirək qoymuşdular, su aparmışdı. İndi bizim evin altında sudur. Su bir dəfə getsə, evlərimiz hamısı çökəcək aşağı».

«Nə vaxt faciə olar, onda gələrik»

Sakinlər vəziyyəti aydınlaşdırmaq üçün Milli Məclisə məktub yazıblar. Cavab yoxdur. Fövqəladə Hallar Nazirliyinin «112» xidmətinə də müraciət ediblər:

«Nazirliyə getdik, şikayət elədik, deyir ki, ərizə yazın. Gəlmədilər. Axırda qonşu qayıdıb deyir ki, gərək biz düşək ölək ondan sonra gələsiniz? Deyirlər, hə, nə vaxt faciə olar, ondan sonra gələrik».

«112» xidmətindən leytenant Mətanət Qurbanova «Azadlıq» radiosuna deyir ki, onlara daxil olan şikayətlər araşdırılıb nazirliyin tərkibindəki Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə ötürülür:

«Onlar gedib baxırlar hadisə yerinə. Həqiqətən də qəzalıdırsa, həmin rayonun ərazisindəki polisə xəbər verilir, həmin ərazidən əhali çıxarılır».

Cavabdehlər susur...
Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən bildirdilər ki, məsələ ilə bağlı ancaq FHN-in mətbuat xidməti məlumat verə bilər. Mətbuat xidmətindən isə telefona cavab verən olmadı. Tikintiyə icazə verən qurum – Bakı Şəhər İcra Hakimiyyətindən də rəsmi məktubumuza cavab verilmədi. Yasamal Rayon İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsindən bildirdilər ki, icra hakimiyyəti şəhərdə yalnız abadlaşdırma işlərinə cavabdehdir, tikilən binalara yox.
Tikinti aparan «Afina» MMC də bu ərazidə özül qazmağa kimin icazə verdiyini, icazənin hansı şərtlərlə verildiyini və ekspertlərin tikinti ərazisinə verdikləri rəyi açıqlamaqdan yayındı.

Hüquqşünas Sadiqə Mehdizadə deyir ki, binanın tikilişinə icazə verilsə belə, Fövqəladə Hallar Nazirliyi təkrar ekspertiza təşkil etməlidir:

«Evin qəzalı olub-olmamasından asılı olmayaraq əgər bu evdə hazırda şəxs yaşayırsa və bu ev şəxsin mülkiyyətindədirsə, bu ev nə tikinti şirkəti tərəfindən, nə dövlət tərəfindən satınalma ilə alınmayıbsa, burda iş gedə bilməz. Burda istinad vermək olmaz ki, bu evlər qəzalıdır, onsuz da dağılacaq və ya dağılsa da, biz məsuliyyətdən boynumuzu qaçıracağıq ki, bu bizim binanın tikintisindən yox, məhz evin qəzalı olmasından baş verdi. Bu belə deyil. Evlərin qəzalı olması ilə bağlı müvafiq icra hakimiyyəti baxış keçirməlidir. Əgər ev həqiqətən də çox qəzalıdırsa, vətəndaşa müəyyən təkliflər irəli sürülməlidir».

Sakinlərsə öz aralarında görüş keçirib nə edəcəklərini götür-qoy edirlər: evləri uçsa, hara gedəcəklərini, kimə şikayət edəcəklərini və s:

«Ancaq söz vermişik, beton tökməyə qoymayacağıq».
XS
SM
MD
LG