Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:49

«Manat dollara nisbətən 10 faiz ucuzlaşa bilər»


«Manatın dollara məzənnəsinin 10 faizədək azaldılması qlobal böhranın təsirlərini azaltmağa yardım edə bilər»
«Üç nöqtə»: Mərkəzi Bank məzənnə siyasətinə yenidən baxa bilər. Qurumun 2009-cu il üçün pul siyasətinin əsas istiqamətləri haqqında bəyanatında bildirilib ki, ölkənin mərkəzi bankı xarici faktorlardan asılı olaraq çevik siyasət həyata keçirəcək. İqtisadçı alim Vüsal Qasımlı qeyd etdi ki, pul siyasətinin əsas həlqəsi məhz məzənnə siyasətidir:

«Ötən il Azərbaycan manatı dollara nisbətən 5,2 faiz möhkəmlənsə də, hazırda Mərkəzi Bank manatın məzənnəsinin stabil saxlanması üçün dövriyyəyə dollar intervensiya edir».

Müstəqil ekspertin qənaətinə görə, Azərbaycan Respublikasında manatın devalvasiyası ən çox müzakirə edilən iqtisadi məsələlərdən olsa da, yaxın vaxtlarda onun məzənnəsinin kəskin aşağı düşməsi səmərəli hesab edilmir: «Baxmayaraq ki, devalvasiya qısamüddətli dövrdə neqativ, uzunmüddətli dövrdə isə pozitiv təsirlərə malikdir. Bununla yanaşı, Mərkəzi Bankın mərhələli olaraq yumşaq məzənnə siyasəti aparması daha məqsədə uyğun hesab edilir. Mərhələli məzənnə yumşaldılması siyasəti həm manata olan inamın azalmasına imkan verməyəcək, həm də bir sıra makroiqtisadi, eləcə də büdcə, investisiya siyasətinə müsbət təsirlər göstərmək imkanına malikdir. Bu baxımdan antiböhran tədbiri kimi yaxın aylarda manatın dollara məzənnəsinin 10 faizədək azaldılması qlobal böhranın təsirlərini azaltmağa yardım edə bilər». Vüsal Qasımlı qeyd etdi ki, bu qabaqlayıcı tədbir neqativ sosial təsirlərə malik olmayacaq və makrotarazlığın qorunmasına müsbət təsir göstərəcək.

«Azadlıq»: «Təhsil xalqın gələcəyi, siması, inkişafı deməkdir. Amma bu gün təhsili elə günə salıblar ki, adam yazmağa da xəcalət çəkir. Bu günlərdə rayona getmişdim, məktəblə maraqlandım, dedilər ki, müəllimlər qara günlərini qablaşdırıblalar. Bəs onları imtahan edəcəklər, amma müəllimləri narahat edən imtahan yox, həmin imtahanın «uğurlu nəticəsinə» görə maaşlarından 100 manatın tutulmasıdır». Rövşən Hacıbəyli «Azərbaycana yaraşan…» sərlövhəli köşə məqaləsində belə yazır.

«Təhsil Nazirliyi məktəblərdə hansı diplomlarla dərs verildiyindən xəbərdardır, təhsilin səviyyəsi də hər kəsə bəllidir. Özləri verdiyidir. Məsələn, mən kənddə olduğum gün səhər dərsə gedən qardaşım uşağı saat 11 olmamış qayıtdı: müəllim dərsə gəlmədiyinə görə. Səbəbini soruşdum, «indi əkin vaxtıdır, müəllimlər hamısı təsərrüfatla məşğuldur» cavabını eşitdim. Bu, hər gün təkrarlanır, amma dərslər keçilmiş sayılır, direktordan tutmuş üzü aşağı, bütün personal maaşını alır. Üzü yuxarı da hər şey vaxtında çatdırılır ki, aşağılar əziyyət çəkməsin…»

«525-ci qəzet»: «Ötən ilin avqust ayında baş verən gürcü-osetin münaqişəsindən sonra aydın oldu ki, hər hansı münaqişənin hərbi yola həlli mümkün deyil». Bu sözləri Avropa Birliyinin təhlükəsizlik və xarici siyasət üzrə ali komissarı Havyer Solana deyib. O, AB-nin 2008-ci il noyabrın 2-də imzalanmış Moskva Bəyannaməsini alqışladığını söyləyərək bildirib ki, indi bu sənədi konkret fəaliyyət və cəsarətli addımlarla möhkəmləndirmək lazımdır: «Münaqişənin həlli bölgədə vəziyyəti tamamilə dəyişəcək və bütün tərəflər, o cümlədən Ermənistan üçün yeni perspektivlər açacaq».

«Bizim yol»: «Satirik jurnalist Mirzə Sakit 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Türkiyə vətəndaşı Həmid Doğanın başına gətirilən hadisələrlə bağlı açıqlama verəndən sonra məsələ öz aktuallığını saxlayır. Qeyd edək ki, Mirzə Sakit Həmid Doğanın 14 saylı cəzaçəkmə müəssisəsinin rəisi və 5 əməkdaşı tərəfindən döyüldüyünü, sonra isə rəis tərəfindən murdarlandığını deyib. Bunu jurnalistə Həmid Doğanın özü söyləyib.

Dünən bu məsələ ilə bağlı yeni təfərrüatları ortaya çıxıb. Məlum olub ki, bu məsələlərdən tam olmasa da, qismən hüquq müdafiəçisi Arzu Abdullayeva da məlumatlı imiş. Bunu A.Abdullayevanın özü bizimlə söhbətində söyləyib.

«Səs»: «Prezident seçkiləri və referendumdan müəyyən vaxt keçməsinə baxmayaraq, hələ də müxalifət daxilində davam edən inteqrasiya prosesi nəticə vermir. Prezident seçkilərindən öncə elan olunmuş «Müxalifətin Əməkdaşlıq Mərkəzi» bu gün arzu olaraq qalmaqdadır».

«Müsavatyönlü mətbuatda gedən yazılarda da bildirilir ki, artıq AXCP-nin cənub rayon şöbələri Aydınlar Partiyasına üz tuturlar. Müsavatın qara piarının güclənməməsi üçün AXCP isə öz diktəsini davam etdirir. Bu isə, o deməkdir ki, radikal düşərgə yeni bir qarşıdurma zonasına çevrilir. Görünür, qarşıdakı parlament seçkiləri ilə bağlı müxalifətin cəbhələşməsi prosesi daha kəskin şəkil alacaq».
XS
SM
MD
LG