Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:32

Nəbatət bağında quşlar qırılır, ağaclar məhv olur


«Kolleksiyanın düz sinəsinin üstündə, bizim hasarla bitişik 4 dənə 17 mərtəbəli bina tikilir»
«Kolleksiyanın düz sinəsinin üstündə, bizim hasarla bitişik 4 dənə 17 mərtəbəli bina tikilir»
Bakıdakı Nəbatət bağında quşlar və nadir bitkilər məhv olmaq təhlükəsi qarşısında qalıb. Qırmızı Kitaba düşən qiymətli ağac və bitki növlərinə qənim kəsilənsə yaxınlıqdakı tikintilərdir.

Nəbatət bağının direktoru Oruc İbadlı «Azadlıq» radiosuna deyir ki, hasarın o üzündə yeni tikilən 17 mərtəbəli binalar gün işığını elə kəsib ki, bitkilər günəş qəbul edə bilmir. Söhbət 1934-1935-ci illərdə ölkənin cənub zonasından gətirilən 5 hektarlıq sahədəki bitki kolleksiyasından gedir:

«Kolleksiyanın düz sinəsinin üstündə, bizim hasarla bitişik 4 dənə 17 mərtəbəli bina tikilir. Dördü hazırdır, qalanlarını da tikirlər. O binalar bizim təcrübə sahəsini işıqlanmağa qoymur, kölgə düşür, həmin bitkilər məhv olmaq təhlükəsindədir. Burda Qırmız Kitaba düşən dəmirağac, azad ağacı, şümşad, mantar ağacı kimi nadir ağaclar var. Onlar məhv olur. İşıq bitkinin canıdır, bunun da qarşısı kəsilib,
Nəbatət bağının direktoru Oruc İbadlı
ağaclar get-gedə zəifləyirlər».

Oruc İbadlı da başda olmaqla 60-dan çox alim təhlükəylə bağlı Prezident Administrasiyasına, Milli Məclisə, Nazirlər Kabinetinə məktubu məktub dalıyca göndəriblər. Həmin qurumlar da bu məktubları göndəriblər uyğun qurumlara. Gəliblər, baxıblar, ancaq alimləri müdafiə etməyiblər:

«Gəlirlər yoxlayırlar, deyirlər düz ayrılıb. Necə düz ayrılıb? Mən 42 ilin mütəxəssisəyəm, bağında turş alça bitməyən, almadan, heyvadan, nardan danışa bilməz. Onlar nə bilir ki, nadir bitki nədir? Burda 149 nadir, nəsli kəsilməkdə olan bitki var, bunlar beynəlxalq konvensiyayla qorunur. Rusiyada nadir ağacı qıran bir nəfərə 3 il iş verdilər, burda isə...Gələn il 75 yaşımız tamam olur, bəlkə bu, bizə hədiyyədir? Tikintilərin bünövrəsi qoyulandan yazırıq.
«Burda 149 nadir, nəsli kəsilməkdə olan bitki var»
5 hektar sahənin sinəsində 17 mərtəbəli bina tikmək cinayətdir...»

O.İbadlı deyir ki, tikintilər son illər bağdakı quşların artımına da mənfi təsir göstərib. Vaxtilə bura yığışan qumru quşları, bülbüllər, torağaylar, qaratoyuq son vaxtlar pərən-pərən düşüb:

«Quşların səsini eşidirsiz də necə zəif çıxır. Əvvəllər belə deyildi, səslərindən qulaq tutulurdu. Vaxtilə bura onlar üçün elə yaxşı yer idi ki, burdan miqrasiya eləmirdilər, indi isə çıxıb gedirlər. Hamısı da bu tikintilərə görədir. Səs-küy onların səsini batırır, mane olur, arta bilmirlər. Hürkməsələr, şən olarlar, artarlar, narahatçılıqları çoxdur, quşlar nəfəs ala bilmir».

Bağban Qasım Tağıyevsə deyir ki, bu qış bağdan 20 quş cəsədi yığıb. Əvvəllərsə belə şey olmurmuş:

Bağban Qasım Tağıyev
«Bu qış 20-yə yaxın quşun cəsədini götürüb basdırmışam. Hamısı tikintilərdəndir. Əvvəllər belə şey olmurdu, quşların ölümü də tikinti başlanandan başlayıb».

Nəbatət bağının yaxınlığında aparılan tikintilərlə bağlı tikinti şirkətləri deyirlər ki, əlimizdə xəritə var, icazəni də Bakı Şəhər İcra Hakimiyyəti verib. Şəhər İcra Hakimiyyətindənsə bildiriblər ki, kanalizasiya xətti də daxil olmaqla tikinti bağa təhlükə yaratmır. Mütəxəssislərsə deyir ki, bitkinin, ağacın necə nəfəs almasını alimdən yaxşı kim bilə bilər? Onların da səslərini eşitmirlər.

«Rusiyada nadir ağacı qıran bir nəfərə 3 il iş verdilər, burda isə...»
Bir müddət əvvəl Nəbatət bağının Şamaxıdakı 30 hektara yaxın təcrübə sahəsini də imkanlı adamlar zəbt edib. Hazırda bu işlə bağlı Sumqayıt İqtisad Məhkəməsində məhkəmə gedir. Oruc İbadlı deyir ki, Bakıdakı özbaşınalığa isə alimlərin hələ ki, gücü çatmır.

Bakı Nəbatət bağı keçən əsrin 30-cu illərində salınıb. Ərazisi 45,7 hektardır. Burda 3000-ə qədər bitki növü var. Nəbatət bağı bitkilərlə bağlı dünyanın 110 ölkəsi ilə təcrübə mübadiləsi aparır.
XS
SM
MD
LG