Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:27

Obamanın mülayimliyi Vaşinqtonda hamının ürəyindən deyil


Anti-Amerikan çıxışlarıyla tanınan solçu Uqo Çaves və Barak Oabama sammitdə cəmi 3 dəfə ünsiyyətdə olub, əl sıxıblar.
Anti-Amerikan çıxışlarıyla tanınan solçu Uqo Çaves və Barak Oabama sammitdə cəmi 3 dəfə ünsiyyətdə olub, əl sıxıblar.
Bəziləri Obamanın son addımlarını «məsuliyyətsiz» adlandırır, bəziləri isə «tarixi» sayır.

Tənqidlərin başlamasına səbəb isə Obamanın Trinidad və Tobaqoda keçirilən Latın Amerikası ölkələri sammitində Venesuela prezidentiylə ünsiyyəti olub.

Anti-Amerikan çıxışlarıyla tanınan solçu Uqo Çaves və Barak Oabama sammitdə cəmi 3 dəfə ünsiyyətdə olub, əl sıxıblar.

Birinci dəfə sammitdən öncə, ilk dəfə görüşəndə. Adi rəsmiyyət xətrinə.

İkinci dəfə isə, Uqo Çaves kameraların önündə Obamaya sürpriz edib - əlində kitabla ona yaxınlaşıb və kitabı təqdim edib. Kitabsa ABŞ və Avropa ölkələrinin Latın Amerikasında imperialist siyasəti haqda idi. Obama hədiyyəni qəbul edib, təşəkkür də etmişdi.

Üçüncü kontakt isə sammitin sonunda olub. Liderlər şəkil çəkdirərkən Obama Ekvador və El Salvador prezidentlərinin arxasında – Uqo Çavesin yanına keçməyə can atanda baş verib.

Venesuela lideri sonradan Obamayla görüşlə bağlı belə deyib:

«Mən onun əlimi sıxmaq üçün yaxınlaşmağa çalışmasını yaxşı qəbul edirəm. Mən belə həssas xoşməramlı addımı cavabsız qoya bilməzdim. Və fürsətdən istifadə edib ona, 8 il əvvəl Kanada sammitində Buşa dediklərimi dedim: «Mən sizin dostunuz olmaq istəyirəm».

Çaves Buşla həmin görüşü boş yerə xatırlatmayıb. Çünki əslində 2006-cı ildəki sammiti yada salanda, hər kəs Çavesin tribunada çıxşı zamanı ABŞ prezidentini «iblis» adlandırmasını xatırlayır. Hətta Çaves bu sözləri deyəndə əliylə burnunu da tuturdu. Eyni tribunada Buş da çıxış etmişdi və Çaves işarə vururdu ki, «iblis»ə məxsus kükürd qoxusu üstündən bir gündən çox keçsə də, hələ də qalır.

Qısası, məhz bu Çaveslə mehriban ünsiyyət grüntüsü verməsi üzündən Obama ölkəyə qayıdan kimi tənqidlərə tuş gəlib.

Düzdür, Obamanı mediada az qala Qorbaçovluq etdiyini – buzları əritməyə cəhd etdiyini və köhnə düşmənləri özünə yaxınlaşdırmaq siyasəti üzündən media bir qədər göylərə də qaldırmışdı.

Amma Obamanın siyasi rəqibləri, respublikaçıların cəbhəsindən yönələn tənqidlər daha sərt oldu. Onlar Obamanı «düşünülməmiş» addımlar atmaqda və ABŞ-ı zəif göstərməkdə ittiham edirlər.

Nümayəndələr Palatasının eks-spikeri Nyut Qinqrix Obamanı «Amerikanın düşmənlərini» həvəsləndirməkdə və «yeni rəhbərliyin diktatorlara hörməti haqda təhlükəli siqnal göndərməkdə» ittiham edib.

İki respublikaçı senator - Judd Qreq və Con Ensin isə Obamanın addımlarını «məsuliyyətsiz» adlandırıb və «prezidentliyə başlamaq üçün pis nümunə» kimi qiymətləndirib.

Ən pis reaksiya odur ki, respublikaçılar artıq Obamanı başqa bir demorkat prezident, xarici siyasətdəki uğursuzluqlarıyla tanınan Cimmi Karterlə müqayisə etməyə başlayıblar.

Bu cür tənqidçilərin arasında Dövlət Departamentinin Latın Amerikası üzrə keçmiş mütəxəssisi, Vaşinqtonda sağ təmayüllü Heriteyc Fondunun eksperti Ceyms Roberts də var.

Roberts deyir ki, Obama həmin sammitdə ABŞ-ın ənənəvi müttəfiqləri - Braziliya, Kolumbiya, Çili, Peru, Meksika liderləri ilə görüşmək əvəzinə Venesuela, Boliviya və Nikaraqua kimi anti-Amerika siyasəti yürüdən ölkə liderləriylə görüşməklə pis mesaj verib. Üstəlik, heç də inandırıcı deyil ki, Çaves və ya başqa bir avtoritar lider sırf Obamayla görüşüb deyə, bundan sonra siyasətini dəyişəcək.

Roberts onu da əlavə edir ki, Obama ABŞ-ın öncəki siyasətlərinə görə üzr üstəməklə özünü gülünc vəziyyətədə qoyur. Və azad ölkənin, azad dünyanın lideri yox, adi «ictimai fəal» təsiri bağışlayır.

Obama özü bu cür tənqidlərə hələ sammitə getməzdən əvvəl cavab verməyə başlamışdı. Çünki, Obama Administrasiyasının Kubaya qarşı uzun illərdir ki, qüvvədə olan embarqonu yumşaltmağından söhbət gedirdi. Obama elə Venesuelada olanda bildirdi ki, «bizim 50 ildir gerçəkləşdirdiyimiz siyasət heç bir fayda vermir. Kuba xalqı bizim embarqomuzla azadlığa çıxmayıb, odur ki, bu siyasəti gözdən keçirmək vaxtı gəlib».

Amma anti-Amerikan çıxışları və siyasətiylə tanınan Uqo Çaveslə ünsiyyətinə görə Obama daha geniş izahat verməli oldu.

Obama deyib ki, Venesuela prezidentiylə onun arasında iqtisadi və xarici siyasətlə bağlı ciddi fakir ayrılıqları var. O, Çavesin Amerika haqda çıxışlarını da «təxribatçı» adlandırıb.

Obama əlavə edib ki, «Çavesin mənə kitab hədiyyə etməsi xoş bir addım idi. Çünki mən də kitab oxuyanam. Amma bu o demək deyil ki, üç dəfə əl sıxmaqla biz Çaveslə eyni cür düşünməyə başladıq. Bu, inandırıcı deyil ki, mənim cənab Çavesin əlini sıxmağım və xoş söhbət etməyim nəticəsində Amerikanın strateji maraqlarını təhlükəyə atıram».

Corctaun Universitetinin xarici siyasət professoru Maykl Şifterin fikirincə, doğrudan da Obama Çavesdən kitab almaq və onunla normal söhbət etməklə öz mövqeyinə, ABŞ-ın mövqeyinin necə əmin olduğunu göstərdi. Və bu davranışdan sonra ola bilsin ki, Çaves daha Amerika haqqında əvvəlki tonda danışmayacaq.

Şifter nümunə olaraq elə Kuba prezidenti Raul Kastronun Obamanın jestinə cavabını göstərir. Raul Kastro Obamanın bu güzəştinin ardından bildirmişdi ki, ABŞ-la istənilən məsələylə bağlı danışıqlara başlamağa hazırdır.

Amma elə Şifter və başqa ekspertlər də deyirlər ki, çətin ki, sadəcə xoşməram nümayiş etdirməklə hansısa ölkələr, elə Kuba, ya da Venesuela bundan sonra daxili siyasətlərində önəmli dəyişikliklər etsinlər.
XS
SM
MD
LG