Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:27

Çernobıl qəzasından 23 il keçir


Qəzanın bərpasında iştirak edən 7 min adamdan 2 mindən artığı artıq vəfat edib
Qəzanın bərpasında iştirak edən 7 min adamdan 2 mindən artığı artıq vəfat edib
«Heç bir yoxlama, həkim nəzarəti olmadan bizə hərbi forma geydirdilər. Əvvəlcə Biləcəriyə, ordan da qatarla Kiyevə göndərdilər. 127 km yol getdik. Bir də gördük ki, yolda «ehtiyatlı olun, radiasiya» nişanları asılıb. Ondan sonra bildik ki, bizi Çernobıla gətiriblər».

Xələf Həsrətov 23 il əvvəl Çernobıl qəzası baş verəndə ora yollanan 7 mindən artıq azərbaycanlıdan biridir. Deyir ki, Çernobıla gedənə qədər hara aparıldıqları haqqında məlumatları olmayıb. Həmin vaxt 28 yaşı olub:

«Bir həftə reaktorun üstündə işlədik. Sahədən asılı olaraq 2-5 dəqiqə işləyirdik. Gündəlik işlədiyimiz ərazidə xüsusi cihazla radiasiyanın fonunu yoxlayırdıq, radiasiya çox idi».

Orda 6 ay qalan Xələf Həsrətovun qayıdandan sonra səhhətində problemlər yaranmağa başlayıb.
Xələf Həsrətov
Həm də müxtəlif xəstəliklər tək onda yox, övladlarında da özünü göstərib:

«Qayıdandan bir ay sonra artıq beynimdə qan çatışmazlığı, ürəkbulanma, sümük ağrıları başladı və tədricən şiddətləndi. Uşaqlarımın ikisində sinir çatışmazlığı, əsəb gərginliyi xəstəliyi var».

Çernobıl Əlilləri Cəmiyyətindən verilən məlumata görə, həmin qəzanın bərpasında iştirak edən 7 min adamdan 2 mindən artığı artıq vəfat edib. Qalanları isə xəstədir. Onlardan biri, Əbdül Məmmədov deyir ki, neçə illərdir müxtəlif xəstəliklərdən əziyyət çəkir:

«Baş ağrısı, qan laxtalanması, sümük ağrıları, ürək qüsurları…Kaş mənim də qolumu güllə aparaydı, ancaq bədənimin qalan hissələri sağlam olaydı. Dırnaqdan tutmuş başımın tükünə qədər hər tərəfim ağrayır. Bu il həmin hadisələrin üstündən 23 il keçir, ancaq unutmaq olmur. Çünki ağrılarım ildən-ilə artır. Özü də bu xəstəlikləri övladlarımız da çəkir».

Əbdül Məmmədov
Çernobıl Əlilləri Cəmiyyətinin sədri Mirhəsən Həsənov isə deyir ki, bu gün Azərbaycanda ataları Çernobıl qəzasında iştirak etmiş minlərlə xəstə uşaq var:

«Onların çoxu qan, sümük xəstəliklərindən əziyyət çəkir. Çernobıldan sonra doğulan uşaqların sayı çernobılçıların özlərindən iki dəfə çoxdur. Hər bir uşaqda problem var. Bir uşaq tanıyıram, 15-16 yaşı var. O uşağı ancaq yoqurtla saxlayırlar. Özü də güclə yedirdirlər. Dayanmadan uşaq inildəyir, elə bil sos səsidir».

Bu gün Çernobıl Əlilləri ildə bir dəfə 150 manat birdəfəlik dərman pulu alırlar. Onlara dövlətin ayırdığı təqaüd əlillik dərəcəsindən asılı olaraq 50 manatdan 100 manata qədərdir. Dərmanların bir hissəsi pulsuz verilsə də, böyük hissəsini özləri alırlar.

Bu il Çernobıl Əlillər Cəmiyyəti hökumətə böyük ehtiyacları olduğu radioloji tipli Bərpa Mərkəzinin açmağı təklif edib. Çünki bu tipli yerlərdə müalicə almaq üçün başqa ölkələrə getmək imkanları yoxdur.
XS
SM
MD
LG