Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:03

«Rail Rzayevin bilavasitə qətli ilə bağlı həbs edilən yoxdur»


«Azərbaycan müdafiə nazirinin müavini, Hərbi-Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayevin bilavasitə qətli ilə bağlı həbs edilən yoxdur». Respublika Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA agentliyinə belə deyib.

Bir neçə gündür mətbuatda general R. Rzayevin həbsi ilə bağlı Anar Rəfiyev adlı şəxsin və daha bir neçə nəfərin həbs edilməsi barədə məlumatlar yer alıb.

Nəsimi rayon Məhkəməsinin hakimi Sevda Hüseynova isə «APA»ya açıqlamasında A. Rəfiyevin bilavasitə generalın qətli ilə bağlı həbs edilmədiyini bildirib. S. Hüseynova saxlanılan A. Rəfiyevin Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə) maddəsi təqsirli bilinərək barəsində həbs qətimkan tədbirinin seçildiyini söyləyib.

A. Rəfiyevin R. Rzayevin adyutantının oğlu olması ilə bağlı mediada yazılanlara isə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti aydınlıq gətirməkdən imtina edib.

Rail Rzayev fevralın 11-də, yaşadığı Yasamal evin yaxınlığında odlu silahla qətlə yetirilib.

Qətllə əlaqədar Respublika Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və toxumalarından istifadə etmə məqsədilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.
XS
SM
MD
LG