Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 01:11

«Qarşısına çıxanı vururdu…»


4 saylı xəstəxanada 4-dən çox yaralı, 2 ölü qeydə alındı
4 saylı xəstəxanada 4-dən çox yaralı, 2 ölü qeydə alındı
Bakıdakı xəstəxanaların qarşısında Neft Akademiyasından gətirilən yaralıların yaxınlarının, təcili yardım maşınlarının səsi bir-birinə qarışmışdı. 4 saylı xəstəxananın qabağında övladlarını, tələbə yoldaşlarını, müəllim həmkarlarını axtaranlar qapı arxasında qalmışdılar. Xəstəxana qapısının ağzında dayanan polislər və həkimlər onlara məlumat vermirdilər:

- Orda deyil, burda deyil, bu adam bəs hardadır? Öldüsündən, qaldısından necə xəbər tutaq?

Məlumatı ancaq hər dəfə təcili yardım maşını gələndə sürücülərdən almaq olurdu.
Hadisənin şahidlərindən biri - Neft Akademiyasının 3-cü kurs tələbəsi Həsən Abbasbəyli deyir ki, tələbə yoldaşlarından birini gətiriblər:

- 10-nun yarısı olardı, atışma səsi eşitdik. Yerdə çox qan vardı. O adam qarşısına çıxanı vururdu, otağa saldılar. Hər tərəf meyit idi. Atəş aça-aça birinci mərtəbədən 5-ci mərtəbəyə qədər qalxdı…

Akademiyanın tarix müəlliməsi Ayişə Osmansa yaralı həmkarlarını soraqlayırdı:

Əlindən yaralanmış Sudan vətəndaşı Amru Seyidəhməd
- Mən içəri girəndə yuxarıdan atışma səsləri gəlirdi, mənə dedilər ki, içəri gəlmə. Maskalı 3-cü mərtəbəyə qalxırdı, əlində tapançası vardı, hər gələnə atəş açırdı. Müəllim yoldaşlarımı, tələbələrimi axtarıram.

4 saylı xəstəxanada 4-dən çox yaralı, 2 ölü qeydə alındı.

Dəmiryol Xəstəxanasına isə 2 nəfər gətirilmişdi. Xəstəxananın cərrahiyyə şöbəsinin müdiri Namiq Şeyxzamanov:

- Biri reanimasiyadaydı, başından vurmuşdular, sol gözü dağılmışdı, onu 1 saylı klinik xəstəxanaya göndərdik. O birinin sol əlinin 4-cü barmağına güllə dəymişdi, sınmışdı.

Əlindən yaralanmış Sudan vətəndaşı Amru Seyidəhməd isə deyir ki, o silah səsi eşidib, ancaq heç nə yadında deyil:

- Heç kimi görmədim, əlim yaralandı.

1 saylı klinik xəstəxananın həyətində başqa universitetlərdən qan verməyə gələnlər vardı
Yaralıların çoxu 1 saylı klinik xəstəxanaya gətirilmişdi. Xəstəxananın həyətində başqa universitetlərdən qan verməyə gələnlər vardı:

- Deyirlər qan lazımdır, biz də gəlmişik.

Yaralılardan biri Kənan İsayevin anası Şərqiyə İsayeva deyir ki, oğlu səhər imtahana getmişdi. Az sonra onun xəstəxanada olması haqqında evə zəng vurublar.

Xəstəxananın məsul cərrahı Əziz Məmmədov isə deyir ki, ən çox yaralı burdadır. 7 yaralı reanimasiyada yerləşdirilib, 7 nəfər ölüb:

- Vəziyyəti orta olanı da var, ağır olanı da. Güllələr daha çox baş, boyun nahiyəsindən dəyib.
Yaralıların yanına yaxınlarını buraxmırdılar. Polislər bunun təhlükəsizliklə bağlı olduğunu deyirdilər.

Aprelin 30-da səhər saatlarında Azərbaycan Neft Akademiyasına silahlı basqın olub, rəsmi məlumata görə, 13 nəfər ölüb, 13 nəfərsə yaralanıb.
XS
SM
MD
LG