Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 21:38

TQDK əmindir ki, imtahandan əvvəl sualları götürmək mümkün olmayacaq


Elnur Nağızadə, 24 iyun 2006
Elnur Nağızadə, 24 iyun 2006
İyunun 25-dən ölkənin ali məktəblərinə sənədlərin qəbulu başlayıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mütəxəssisi Elnur Nağızadə bildirir ki, bu il Beynəlxalq Test Agentliyinin TQDK-ya verdiyi tövsiyələrdən hansısa birinin həyata keçirilməsi qeyri-mümkündür. Həmin tövsiyələrin sırasına 0-700 ballıq şkalanın ləğvi, nəticələrin elan edilməsi vaxtı ad və soyadların göstərilməməsi, yalnız kodların verilməsi və s. daxildir.


İyunun 24-də «Azadlıq» radiosunun Bakı bürosunda bu mövzuda keçirilən müzakirədə «Xalq qəzeti»nin əməkdaşı Səbuhi Məmmədli və «Gündəlik Azərbaycan» qəzetinin şöbə redaktoru Səlim Əzizoğlu da iştirak edib. Söhbətdə TQDK-nın təmsilçisi cənab Nağızadə qeyd etdi ki, abituriyentlərin ümumi rəyi nəzərə alındıqdan sonra ola bilsin, gələcəkdə Beynəlxalq Test Agentliyinin hansısa təklifi yerinə yetirilsin: «Ola bilsin, gələcək imtahanlarda abituriyentlərə cavab kartı təqdim olunanda, onlardan soruşulacaq ki, bu ideyanın həyata keçirilməsinə razıdırlar, ya yox. Amma hələlik builki qəbulda bu təkliflərin heç biri tətbiq olunmayacaq».


İki il bundan əvvəl bəzi müəllimlər təhlükəsizliyə cavabdeh olan polis işçiləri ilə əlbir olaraq imtahandan əvvəl test suallarını oğurlamışdılar. TQDK rəsmisi deyir ki, bu il belə halların təkrarlanması mümkün olmayacaq: «Bu, imtahan ərəfəsi baş vermiş bir kriminal hadisə idi ki, o, da TQDK-nın özünün təşəbbüsü ilə açıldı. Belə bir halların qarşısının alınması daim TQDK-nın maraqları çərçivəsindədir. TQDK fəaliyyətini elə qurub ki, belə bir şeylər mümkün deyil».


Elnur Nağızadə bildirdi ki, bu il 27 dövlət və 13 qeyri-dövlət ali təhsil müəssisəsinə tələbə qəbulu elan olunub. Ümumilikdə qəbul planı 25629 yerdir. Ötən il bu qəbul planı 28785 idi. Bu da 3 qeyri-dövlət ali təhsil müəssisəsinə – Müstəqil Azərbaycan Universiteti, Əmək və Sosial Münasibətlər Akademiyası və Korporasiya Universitetinə qəbulun ləğv olunmasıyla bağlıdır. Bundan başqa, bir sıra qeyri-dövlət universitetlərində bəzi ixtisaslar bağlanıb.


Yeniliklər sırasında isə bunu demək olar ki, bu ildən etibarən 2-ci qrup ixtisası üzrə yeni bir təhsil müəssisəsinə – Azərbaycan Turizm İnstitutuna qəbul aparılacaq. Bundan başqa, Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə bu il ilk dəfə olaraq Dövlət Neft Şirkətinin vəsaiti hesabına 1-ci ixtisas qrupunda 600-dən yüksək bal toplamış 5 abituriyentin Avropa ölkələrində bakalavr təhsili almasına imkan yaradılacaq. Amma onlar ingilis dilindən də müsabiqədən keçməlidirlər.


DİNLƏYİN!
XS
SM
MD
LG