Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 00:02

«Nədir, bizim daxili işlər nazirimiz teatr rejissorudur?..»


Aleksandr Rondeli
Aleksandr Rondeli
Gürcüstanın Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Aleksandr Rondeli «Azadlıq» radiosuna müsahibə verib. Onunla söhbətə elə bu sualdan başlayırıq ki, 5 may hadisələrindən sonra Gürcüstanda ab-hava necədir? Gürcüstan Daxili İşlər Nazirliyi hərbi bazalardan birində qaldırılan qiyamın yatırıldığını bildirib:

- Bilirsiz, biz artıq belə şeylərə öyrəncəliyik, bu olanlarda da təzə heç nə yoxdur. Amma söz yox ki, adamlar baş verənləri müzakirə edirlər, özü də sakit-sakit, təmkinlə. İndi sizinlə danışdığım vaxt prezident birbaşa efirdədir, baş qərargahın zabitləriylə görüşür. Baş verənlərlə bağlı öz versiyasını danışır. Çox əmin görünür. Deyir ki, Gürcüstan əvvəlki Gürcüstan deyil, dünənki hadisələri keçmiş zabitlər hazırlayıblar. Cəhdlərisə alınmadı.

- Cənab Rondeli, baş verənlərə sizin münasibətiniz necədir? Bu çevrilişə cəhd idi, yoxsa gürcü müxalifətinin dediyi kimi tamaşaydı?

- Nədir, müxalifət fikirləşir ki, bizim Daxili İşlər naziri Akademik Teatrın rejissorudur? Məncə, bu, dövlət çevrilişinə cəhdiydi, uğursuz cəhd. Xüsusi xidmət orqanları vaxtında onun üstünə düşə bildilər. Amma qarşı tərəf bunu nə qədər uğurlu hazırlamışdı, mən buna qiymət verə bilmərəm. Çünki biz bütün detalları bilmirik. Biz sadəcə, televiziyanın ötürdüyü rəsmi məlumatları bilirik. Hərçənd televiziyada göstərilən kadrlardan başa düşmək olurdu ki, bu əməliyyat xaricdən hazırlanıb, amma gürcülərin öz əliylə.

- Prezident Mixail Saakaşvilinin qiyam olan əraziyə gedişi hadisələrə nə dərəcədə təsir etdi?


- Bilirsiz, məsələ nə yerdədir? Bazadakı əsas təşkilatçılar, yəni keçmiş zabitlər qaçmışdılar. Qalanlarsa ya tərəddüd edənlər, ya da bu məsələdə aktiv iştirak etməyən zabitləriydi. Bir də serjantlar və əsgərləriydi, onlar da əmr quludur. İndi bu işlə bağlı intensiv dindirmə gedir. Qiyamın iki əsas təşkilatçısı axtarışdadır, onları tapana mükafat vəd edilib. Görünür, onlar bilirmiş ki, hara qaçsınlar. Bir də prezident ora mühafizəylə getmişdi və Saakaşvili gedəndə ordakılar tərki-silah olunmuşdular, onlar quruyub qalmışdılar, prezidentsə öyüd-nəsihət verirdi. Hər halda, məsələ bununla bitməyəcək, hər kəs cəzasını alacaq.

- Saakaşvili bəyan etdi ki, bu işdə Rusiyanın da əli var. Rusiya isə dərhal bunu təkzib etdi. Siz nə fikirləşirsiz?


- Oğru heç vaxt demir ki, filan şeyi mən oğurlamışam. Bir də ötən il Gürcüstana hücum edən və «bu rejimi, bu prezidenti dəyişmək lazımdır» deyən dövlətin sakitcə oturması ağlabatan olmazdı. Məncə, Rusiya bu işdə aktiv iştirak edib.

- Bütün bunlardan sonra Gürcüstanda vətəndaş müharibəsi olacağını düşünənlər də var. Müxalifət istefa tələbiylə mitinqlər keçirir, hərbçilər qiyam qaldırır. Üstəlik də sizin dediyiniz kimi Rusiya bölgədə fəaldır. Siz nə fikirləşirsiz?


- Mən düşünürəm ki, vətəndaş müharibəsiylə bağlı fikir şişirdilib. Amma görünür, radikal müxalifət özünü də, tərəfdaşlarını da o qədər inandırmağa çalışıb ki, Saakaşvilini məğlub etmək asan olacaq, indi bilmirlər oyundan necə çıxsınlar, simalarını necə xilas etsinlər. Üzləri yoxdur ki, tərəfdaşlarına desinlər, meydandan gedin, belə desələr hər şeyi itirəcəklər, birdəfəlik uduzacaqlar. Qalır bircə yol - hakimiyyətə basqıları artırmaq. Ancaq xalq da onları dəstəkləmir.

- Bu günlərdə müxalifət yenidən mitinqlərə başlamağı planlaşdırır…

- Bu, onların konstitusion haqqıdır. Amma qanunu pozmaq lazım deyil. Onlar artıq qanunu tapdalamağa başlayırlar. Əslində, müxalifət də gizlətmir ki, məqsəd hakimiyyətin qəzəbini doğurmaq, onu zora məcbur etməkdir. Radikal müxalifət üçün göydəndüşmə olar ki, Saakaşvili onlara qarşı güc işlətsin. Dərhal deyəcəklər, baxın, o qanlı diktatordur, qanımızı içir və sairə.

- Bəs indiki məqamda xalq hakimiyyəti dəstəkləyirmi?

- Əlbəttə, dəstəkləyir. Əksəriyyət dəstəkləyir.

- Gürcüstan dövləti prezidentin bəyan etdiyi kimi, şimal qonşusunun yeni təxribatlarına hazırdırmı? Hər halda dediklərinizdən belə başa düşmək olar ki, Kreml Tbilisini rahat buraxmayacaq.

- Yox, əlbəttə, Gürcüstana təzyiqlər davam edəcək. Gürcüstan buna hazırdımı? Dünənki hadisələr göstərdi ki, biz demək olar ki, buna hazırıq. Düzü, gözlənilməz zərbələrə tam hazırlıqlı olmaq çətindir. Özü də sənin bu cür əziz və hörmətli qonşun varsa, ondan hər şey gözləmək olar, istənilən hədiyyəni.
XS
SM
MD
LG