Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:18

Qadın məhbusların sayı artıb


Sonuncu amnistiya aktı ilə 29 nəfər qadın azadlığa çıxıb. 4 nəfəri isə bu yaxınlarda sərbəst buraxılacaq.
Sonuncu amnistiya aktı ilə 29 nəfər qadın azadlığa çıxıb. 4 nəfəri isə bu yaxınlarda sərbəst buraxılacaq.
...Bura hovuzlu, geniş həyətli və çoxotaqlı evə oxşayır. Ancaq bu evdə yalnız qadınlar yaşayır. Bu evin qapısının açarı nəzarətçilərin əlindədir. Onlar qapını açır, görüşə gələnlər içəri keçir, içəridən isə ancaq buranın əməkdaşları çıxır.

Buranın əsas sakinləri olan qadınlarsa elə içəridə qalır. Bura Azərbaycanda qadın məhbusların saxlandığı 4 saylı cəzaçəkmə yeridir...

Hazırda qadınların saxlandığı cəzaçəkmə yerində 295 məhbus var. Azərbaycanda heç vaxt bu qədər qadın məhbus olmayıb. Bunu «Azadlıq» radiosuna cəzaçəkmə müəssisəsinin rəhbəri Müzəffər Məmmədov deyir:

«Bu rəqəm çoxdur. Ümumiyyətlə, son vaxtlar bura düşənlər arasında artım var. Onlar da əsasən adam öldürməyə, narkotik maddədən istifadə və saxlamaya, qadın alverinə görə tutulanlardır».

Sonuncu amnistiya aktı ilə 29 nəfər qadın azadlığa çıxıb. 4 nəfəri isə bu yaxınlarda sərbəst buraxılacaq.

Tikiş sexi
Azərbaycanın başqa həbsxanalarında olan işsizlik burda da var. Ancaq başqa həbsxanalarla müqayisədə qadın həbsxanasında işləyənlərin sayı çoxdur. Onlar əsasən xalça, tikiş sexində işləyənlərdir. Bu günsə dərzi-modelyer və kompyuter kurslarını bitirənlərə sertifikatlar verilirdi. Məhbus Gülnarə Mirzəyeva deyir ki, o kompyuterdə öz şerlərini yazır:

«Bəlkə daha yaxşı öyrəndim. Burdan çıxanda mənə iş tapmaqda kömək edər».

Tikiş sexində işləyən Elmira Səfərova isə deyir ki, işləmək vaxtın keçməsində ona kömək edir:

«Həm də başımız qarışır... Bura gələndə tikiş tikə bilmirdim, vaxt öldürürdük ki, cəzamız tez başa çatsın.
- Neçə saat işləyirsiniz?
- Hər yerdə olduğu kimi, 8 saat.
Xalça sexi
- Maaş alırsınız?
- Olanda olur. Aldığımızı da dükana veririk, çatışmayan şeylər alırıq, siqaret, qənd, çay alıram. Burda hər şey yaxşıdır, hər şey var, azadlıqdan başqa...»

Məhbus Könül Nağıyeva isə deyir ki, o burdakı gözəllik salonuna gəlməyi xoşlayır. «Özümü ruhdan salmıram, kitab oxuyuram, voleybol, nərd, domino oynayırıq, özümü azadlığa hazırlayıram».

Baş Məşğulluq İdarəsinin rəis müavini Şahbaz Xələfov deyir ki, cəzaçəkmə yerlərində açdıqları kurslarla onlar məhbusların gələcəkdə işlə təmin olunmasına çalışırlar:

«Bu kurslar əsasən cəzasının bitməsinə 3-6 ay qalanlar üçündür. Azad olunandan sonra özlərinə iş yerləri tapmağa kömək etmək istəyirik. Bu məhbuslar illərlə cəmiyyətdən uzaq düşüblər. Ümid edirik ki, açdığımız kurslar cəmiyyətə uyğunlaşmalarında, iş yerləri tapmaqda onlara kömək edəcək».

Qadın həbsxanasının divarlarına qadınlara aid müxtəlif kəlamlar yazılmışdı
Qadınlar deyirlər ki, onlar öyrənməyə, işləməyə həvəslidirlər. Ancaq onları ən çox o düşündürür ki, görəsən burdan çıxandan sonra yaşam, həyat tərzləri necə olacaq? Məhbus qadınlar törətdikləri cinayətlərdən danışmağı sevmirlər. Ancaq Salidə Hətəmova danışır:

«Mən həyat yoldaşımı öldürmüşəm. Ona görə ki, o başqa qadını sevirdi. Onu da öldürdüm, o qadını da, sonra da ki, bura düşdüm. Günlər birtəhər keçir...»

Adam öldürməkdə ittiham olunanların əksəriyyəti öz həyat yoldaşlarını öldürənlərdir. Bu məhbus da onlardan biridir:

«Hər çətinliyə dözdüm, ancaq axırda dözmədim, onu öldürdüm. Uşaqlarım yanıma gəlir, onlara deyirəm ki, dərslərinizi yaxşı oxuyun, nənənizə qulaq asın...»

Cəzaçəkmə müəssisəsinin rəhbəri Müzəffər Məmmədov
Qadınlar deyirlər ki, burda bir-birləriylə yola gedirlər, burda rəfiqə olanlar da var.

Qadın həbsxanasının kişi rəisi Müzəffər Məmmədovsa deyir ki, qadınlarla dil tapsan işləmək asandır:
«- İşləmək üçün gərək qadınlarla dil tapasan.
- Siz dil tapırsınız?
- Deyəsən, hə, çünki mənə hamısı «dədə» deyir...»

Qadın həbsxanasının divarlarına qadınlara aid müxtəlif kəlamlar da yazılmışdı. Hüseyn Cavidin «Sürüklənən bəşəriyyət qadınla yüksələcək», həmçinin «Qadınsız evdə hörümçəklər tor qurar» atalar sözünü oxumaq olurdu. Eks-prezident Heydər Əliyevin də kəlamları yazılmışdı – «Ana olan bir qadın dünyanın ən xoşbəxt məxluqudur». Heydər Əliyevin divara yazılmış başqa bir sitatda isə deyilirdi – «Kim müxalifətdə durursa, dursun, ancaq Vətəninə, xalqına, mənəviyyatına, məsləkinə müxalifətdə durmasın».
XS
SM
MD
LG