Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsinin regional şöbəsi Gəncə sakini Ağarəşid Əliyevi saxlayıb. Şöbənin rəis müavini Rəfael İsmayılov «Azadlıq» radiosuna bildirib ki, onlar A.Əliyevi 7 kq marixuananı 5 min dollara satarkən yaxalayıblar: «Əvvəllər iki dəfə narkotik maddə satdığına görə həbs olunmuş Ağarəşid Əliyevin evində də axtarış aparıb 3 kq marixuana aşkarladıq».
Faktla bağlı cinayət işi açılıb. Təqsirləndirilən şəxsin günahı sübuta yetirilərsə, o, 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.
Rəfael İsmayılovun sözlərinə görə, bu il narkotik maddə satışıyla bağlı 30 fakt üzrə cinayət işi qaldırılıb.