Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:03

Məmur məsuliyyətsiz olanda…


Müşavirə çağırmaqla İlham Əliyev məmurların məsuliyyətsizliyini önə çəkmək istəyib
Müşavirə çağırmaqla İlham Əliyev məmurların məsuliyyətsizliyini önə çəkmək istəyib

Ekspertlərin qənaəti belədir ki, Azərbaycan dövlət idarəetmə aparatında ciddi islahatlar aparılmalıdır


Bakıda sürücü işləyən, yaşı qırxı haqlamış Azər Abdullayev Tərtərdəndir, özü də keçmiş döyüşçüdür, üç övlad atasıdır. Amma sənədlərini itirdiyindən nə döyüşçü kimi imtiyazlarından istifadə edə bilir, nə də işə düzələ. Vaxtilə aldığı bir pay torpağını isə başqaları mənimsəyib. Dediyinə görə, hansı idarədən problemlərinin həllinə kömək istəyibsə heç kim dərdinə əlac etməyib. Odur ki, Azərin məmurlardan nə qədər danışsa da, ürəyi soyumur. Deyir ki, onların biganəliyindən nə sənədlərini düzəldə bilir, nə torpağını əkib-becərə. «Məmurlardan narazıyam, biganədirlər. İmkanı olmayanı heç saymırlar. Ya adamın olmalıdır, ya pulun olmalıdır ki, səni qəbul etsinlər. Sənə elə cavab verirlər ki, verməsələr yaxşıdır. Özbaşınalıqdır. Hansı idarəyə deyirsiz gedək, lap polisə müraciət edək. Kömək edən olmayacaq…»


Amma məmurları tapa bilməyən, narazı qalan tək Azər Abdullayev deyil. Ötən həftə prezident də onları bir araya yığmağın çətin olduğunu dedi. Şənbə günü o növbəti qışın energetika problemlərini nazirlərlə müzakirə etmək istəyib. Amma prezident müşavirəni başlamaq üçün məmurları nə az, nə çox iki saata bir yerə yığa bilməyib. «Bu dözülməz haldır. Buna son qoymaq lazımıdır! Mən sizə ciddi xəbərdarlıq edirəm. Nədi ölkənin bütün məsələləri həll olunub, bütün problemlər öz həllini tapıb ki, siz istirahət edirsiniz. Vəzifəli şəxs işlə məşğul olmalıdır. Prezident işə gəlib, sizi tapmaq mümkün deyil».


Hərçənd nə Bakıda söhbətləşdiyim təqaüdçü Həmid kişi, nə də «Turan» İnformasiya Agentliyinin eksperti Zəfər Quliyev prezidentin bu cür çıxışının vəziyyəti dəyişəcəyinə inanır. Düzdü, ölkə başçısının sərt çıxışından Həmid kişinin xoşu gəlib. Amma məmurların dəyişəcəyinə inanmır: «Çətin məsələdir. Bizim vaxtımızda gecə evimizdə də iş haqqında düşünürdük. İndikilər bütün günü dağda-bağda, istirahətdədirlər. İşləmirlər».


Həmid kişi kimi düşünməyənlər də var. Məsələn, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosasiyasının vitse-prezidenti Vəli Əlibəyliyə görə, bu müşavirə dövlət başçısının indiyədək idarəçiliklə bağlı ləng gedən islahatları və kadr dəyişikliyini növbəti aylarda sürətləndirəcəyinə işarə ola bilər. Ekspert ona da diqqət çəkir ki, heç də bütün məmurların işləmədiyini, hamısının məsuliyyətsiz olduğunu demək olmaz. Elə prezident özü də müşavirədə xüsusi vurğuladı ki, bəzi nazirlər toplantıya gec gəliblər. Vəli Əlibəyli deyir ki, ölkədəki uğurların qazanılmasında öz rolu olan məmur ordusunun əməyini itirmək olmaz. Hərçənd nöqsanlar var. Vəli Əlibəyli onu da vurğulayır ki, görünür, yay fəsli də öz təsirini göstərib: «Yay olduğundan məmurlar istirahətə meyllənirlər. Prezident də işarə verdi ki, yayın-qışın dəxli yoxdur. Məmur həmişə iş başında olmalıdır».


«Turan»nın eksperti Zəfər Quliyevsə, ölkə başçısının keçirdiyi bu cür müşavirələrin çıxış yolu olmadığını deyir. «O köhnə sovet üsulu ilə problemləri həll etmək istəyir. Atası da bu yolu seçmişdi. Müşavirəylə nəsə dəyişmir. Sadəcə, ciddi islahatlar aparılmalıdır».


«Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Orculuya görə, bu müşavirəni çağırmaqla İlham Əliyev işgüzarlığını, hətta istirahət günündə də iş başında olduğunu, məmurların isə məsuliyyətsizliyini önə çəkmək istəyib. Belə gedişdən sabiq prezident Heydər Əliyev özü də dəfələrlə yararlanıb. Ancaq bu dəfə həmin nəticə alınmayıb. Prezidentin nazirləri idarə edə bilməməsi, mərkəzləşmiş idarəçilik aparatının zəiflədiyi məlum olur. Ərəstun Orucluya görə buna səbəb Azərbaycanda normal idarəçilik ənənələri formalaşmaması, hakim komandanın həmişə bir şəxsin iradəsinə tabe olmasıdır. Onun qənaətincə, istənilən avtoritar rejimin dayağı avtoritetdir, hansısa şəxsdir. Əgər o şəxs iki saat ərzində öz nazirlərini toplamaq iqtidarında deyilsə, bu hakimiyyət boşluğundan xəbər verir.


XS
SM
MD
LG