Mayın 10-u saat 19:30 radələrində Azərbaycan Demokratik İslahatlar Partiyasının Gənclər Təşkilatın sədri Ramin Hacılı və «Dalğa» Gənclər Hərəkatının üç üzvünü - Rövşən Nəcəfovu, Emin Rəsulzadəni və Emin Əliyevi polis saxlayıb. Gənclərin iki saatdan artıq Səbayel rayon 9-cu polis bölməsində saxlandıqdan sonra azad edildiyi bildirilir.
«Biz gül bayramı keçirilən parkın yanında dayanmışdıq. Mülki geyimli polislər bizə dedilər siz bizimlə bölməyə getməlisiniz. Səbəb demədilər və dördümüzü də gətirdilər Səbayel rayon 9-cu polis bölməsinə. İzahat aldılar. Biz yazdıq ki, dayandığımız yerdə saxlanmışıq».
9-cu polis bölməsindən «Azadlıq» radiosuna bildiriblər ki, onlar bu adlı gəncləri saxlamayıblar. Halbuki, Hacılı 9-cu polis bölməsində olduğunu deyib. Onun bölmədə olduğunu digər şahidlər də təsdiqləyiblər.