Həftənin əvvəlində «Barmek»in hesablarına həbs qoyulması və şirkətlə müqavilənin pozulması belə bir fikrə rəvac verdi ki, Azərbaycana yatırım qoymaq istəyənlərin sayı azla bilər. «Barmek-Azərbaycan» şirkətinin prezidenti Hüseyn Arabul dedi ki, rəhbərlik etdiyi şirkətin Azərbaycandan getməsi ölkənin investisiya mühitinə mənfi təsir göstərəcək.
Bu mövzuda iyulun 8-də «Azadlıq» radiosunun təşkil etdiyi müzakirədə isə Nazirlər Kabinetində iqtisadi və maliyyə krediti siyasəti şöbəsinin müdiri Oqtay Haqverdiyev bu sözlərə fikir verməməyə çağırdı: «O fikri elə Hüseyn Arabul yayıb. Amma belə şey ola bilməz axı... Yəni, bu boyda hökumət, dövlət bilmir ki, bu işlər nəylə qurtara bilər? Kimin Azərbaycanda marağı varsa, onlar artıq Azərbaycandadır... Bu saat mənim masamın üstündə üç-dörd layihə var. Burada işləmək, yatırım qoymaq istəyənlər var».
«Barmek»in öz öhdəliklərini yerinə yetirmədiyini deyən cənab Haqverdiyevin fikrincə, «Barmek» səhlənkar abonentlərlə çox sərt davranmalıydı: «Kiminsə işığını kəsmək lazım idi, kəsəydi».
Hüseyn Arabul həmişə deyirdi ki, işıqpulunu verməyənlərin önündə məmurlar, villa sahibləri durur. Oqtay Haqverdiyevsə konkret fakt tələb edir: «Deyir, amma konkret fakt gətirmir. Elə-belə deməklə olmaz axı. İstənilən halda şirkətin özünün iş mexanizmi olmalıydı. Qanunvericilik, normativ aktlar, nə istəyirsən var. Amma həmin sənədlərin işləməsi məsələsi bir az çətindir. Əlbəttə ki, «Barmek» bu işə çox sərt yanaşmalıydı».
Oqtay Haqverdiyev 5 ballıq şkala ilə Azərbaycanda hazırkı investisiya mühitini 4 qiymətləndirir. «Xalq qəzeti»nin əməkdaşı Səbuhi Məmmədli və «Gündəlik Azərbaycan» qəzetinin redaktoru Xalid Kazımlının da iştirak etdiyi söhbətdə cənab Haqverdiyev qeyd etdi ki, son 10 ildə Azərbaycan iqtisadiyyatına 29 milyard dollar yatırım yatırılıb. Onun 22 milyardı xarici investisiyadır. 7 milyardı Azərbaycanın daxili mənbələri hesabına olub. Xarici sərmayənin 4-5 milyardı qeyri-neft sektoruna qoyulub.
DİNLƏYİN!