Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 20:44

Konstitusiya Məhkəməsi bu vaxta kimi vətəndaşların yalnız 43 şikayətinə baxıb


Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimləri
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimləri

Ramin Tahirov Amerika Hüquqşünaslar Assosiasiyasının Pulsuz Hüquq Yardımı Mərkəzində vəkildir. Adını açıqlamaq istəmədiyi müştərisinin hüquqlarını indi də Konstitusiya Məhkəməsində (KM) qorumağa hazırlaşır. Çünki, 2004-cü ildən insan hüquq və azadlıqlarının pozulmasından şikayətçi olan Azərbaycan vətəndaşlarına da birbaşa KM-ə müraciət etmək hüququ verilib. Ümumiyyətlə isə, Azərbaycanda KM 8 il bundan öncə yaradılıb. 1998-ci ilin 14 iyulunda Milli Məclis prezidentin təqdimatı ilə 7 hakimdən ibarət məhkəmənin tərkibini təsdiq etdi və fəaliyyətə başladı. Bu 8 il ərzində KM-nin Plenumu cəmi 130 qərar qəbul edib ki, onun da üçdə biri, 43-ü vətəndaşların birbaşa şikayətləri ilə bağlı olub.


KM vətəndaşların şikayətləriylə bağlı cəmi 43 qərar qəbul eləsə də, bu o demək deyil ki, məhkəməyə cəmi elə bu qədər şikayət daxil olub. 2004-cü ilin əvvəlindən bu vaxta kimi KM-ə 6800-ə yaxın şikayət daxil olduğunu nəzərə asaq, hər 160 şikayətdən ancaq birinin icraata götürüldüyünü görmək olar. KM-nin şöbə müdiri Xaqani Məmmədovun sözlərinə görə, müraciətlərin ancaq kiçik bir qisminə baxılması bu məhkəmə instansiyasının müstəsnalığından irəli gəlir.


«Bu müstəsna imkandır, növbəti instansiya deyil. Ona görə də, konkret tələblər qoyulub, tələbələrə dəqiq əməl edilmədən şikayətlər icraata qəbul edilmir».


Əsl Konstitusiya Məhkəməsindən fərqli olaraq, Rəmzi Anayasa Məhkəməsinə müraciətlər üçün məhdudiyyət yoxdur. Amma yenə də, Rəmzi Anayasa Məhkəməsi qeyri-hökumət təşkilatının gerçəkləşdirdiyi bir layihə olduğundan, burada şikayətlərə ümumiləşdirilmiş qaydada baxmaqla maarifçilik funksiyasını yerinə yetirilir. Layihənin rəhbəri Niyazi Mehdinin sözlərinə görə, onlar rəmzi məhkəməni yaradanda hələ heç vətəndaşların Konstitusiya Məhkəməsinə birbaşa müraciət imkanı da yox idi.


«Biz onu yaradanda istəyirdik ki, nə vaxtsa belə bir hüquq veriləndə vətəndaşların təcrübəsi olsun. Düzdür, indi Konstitusiya Məhkəməsi var, amma ora müraciət etməklə bağlı çoxlu problemlər də var. Amma yenə də əsl məhkəmənin olması, olmamasından yaxşıdır».


Qanuna görə, KM 15 il müddətinə təyin edilən 9 hakimdən ibarətdir. Qərarları qəti olan, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilməsi və dəyişdirilməsi mümkün olmayan bu Məhkəməyə hazırda Prezidentin təqdimatıyla parlament tərəfindən təsdiq edilən Fərhad Abdullayev sədrlik edir. Başqa sözlə desək, ölkə ərazisində qəbul edilən istənilən hüquqi-normativ sənədin Konstitusiyaya uyğun-olub olmadığını müəyyənləşdirmək məhz bu qurumun səlahiyyətindədir.
KM-nin hakimləri müşavirə və səsvermənin nəticələrinin məxfiliyini təmin etməklə qərarı qapalı müşavirədə səs çoxluğu ilə qəbul edirlər. KM-nin hakimi Konstitusiya Məhkəməsinin qərarı ilə razı olmadıqda yazılı şəkildə qərara əlavə edilən xüsusi rəy tərtib edə bilər.


XS
SM
MD
LG