Kənd Təsərrüfatı Nazirliyinin qiymətlərin monitorinqi şöbəsinin müdiri Rauf Məmmədov «Azadlıq» radiosuna bildirib ki, iyulun 20-də həmin ərazilərin siyahısı təsdiq olunub. Məqsəd bazardakı bahalığın qarşısını almaqdır: «Həmin yarmarkalarda mal satanlar alverçilər yox, kəndlərdən gələn fermerlər olacaq. Camaat rahat, bazardakı qiymətlərdən çox-çox aşağı qiymətə mal ala biləcək. Gələcəkdə isə bu yarmarkaları daimi bazarlara çevirməyi planlaşdırırıq».
Yay başlayandan bazarlarda kənd təsərrüfatı məhsullarının qiymətinin qalxmasını hökumət nümayəndələri Bakı bazarlarının rəhbərlərini günahkar bilirlər. Onlar deyirlər ki, bazara məhsulun sahibi olan kəndlilər buraxılmır, yalnız alverçilərə şərait yaradılır, onlar da kənd sakinlərindən məhsulu ucuz alıb baha satırlar. Bazar rəhbərləri isə qiymətə onların heç bir təsirləri olmadığını, satıcılar isə məhsulu baha aldıqlarını deyirlər. Meyvə-tərəvəzin bu yay mövsümündə əvvəlki illərdə müşahidə edilməyən baha qiymətə təklif edilməsindən isə şəhər sakinləri əziyyət çəkirlər.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə rəisi Sabir Vəliyev deyir ki, yarmarkalar məhsul mövsümünün sonunadək davam edəcək.