Bakı bazarlarında kənd təsərrüfatı məhsullarının bahalaşmasının qarşısını almaq üçün keçirilən yarmarkalar uzunmüddətli olacaq. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə yarmarkaların bütün il boyu keçirilməsi planlaşdırılır. Qərara alınıb ki, ticarət yerləri ancaq həftənin sonuncu günü yox, çərşənbə günü də təşkil olunsun. Kənd təsərrüfatı naziri İsmət Abbasov: «Ölkə başçısının qərarına görə bu yarmarkalar həftənin üç və altıncı günləri keçiriləcək ki, bazar günləri əhali həm istirahət etsin, həm də bu cür bazarlardan kifayət qədər istifadə edə bilsin».
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə iyulun 26-da keçirilən yarmarkada ötən həftəsonundan fərqli olaraq daha çox məhsul satışa çıxarılıb. Nazirlikdə ümid edirlər ki, bu cür satış yerləri bazarlarda qiymətlərin aşağı düşməsinə səbəb olacaq.