Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:25

Seymur Baycan yeni romanından bir maşının pulunu qazanıb


Fevralın ortalarında gənc yazar Seymur Baycanın Qarabağ münaqişəsindən bəhs edən "Quqark" romanı çap edildi. Təxminən 2 aya kitabın min nüsxəlik ilk basqısı satılıb. Bu günlərdə kitabın min nüsxəlik ikinci tirajı çap edilib.


- Seymur, Azərbaycanda yazıçılar arasında ilk dəfə idi ki, sən çox aqressiv satış kampaniyası apardın, ofislərə, təşkilatlara gedib öz kitabını təbliğ etdin, satdın. Təəssüratın nə oldu?

- Əvvəla onu deyim ki, kitabın çapı asan olmadı.

O zaman elə sizin “Oxu zalı”nda da məlumat verilmişdi ki, roman “Qanun” nəşriyyatında “Ən yeni ədəbiyyat” seriyasında çıxacaq.

Sadəcə, Azad Yazarlar Ocağı bir qurum olaraq Milli Kitab Mükafatına qatılmadığı üçün bizimlə “Qanun” nəşriyyatı arasında müəyyən narazılıq yarandı. Burada mənim heç bir günahım yox idi.

O zaman mən nəşriyyata məktub yazdım və bildirdim ki, bu məsələ bizim işgüzar münasibətlərimizə təsir etməməlidir.

Amma elə vəziyyət yarandı ki, mən kitabı öz hesabıma çap etməli oldum. Bir neçə nəfərə müraciət etdim, sağ olsunlar, kömək etdilər.

Hətta heç gözləmədiyim bir insan əlaqə yaratdı, dedi ki, sənin yazdıqların, mövqeyin xoşuma gəlməsə də, əgər söhbət kitabdan gedirsə, mən buna dəstək verməyə hazıram. Və kifayət qədər normal məbləğdə yardım etdi.


"Əgər oxucular bir qədər də aktivlik etsələr, Azərbaycan yazıçısının yazıb-yaratması üçün normal şərait yarana bilər. Düzdür, biri var yaşamaq, biri də var dolanmaq. Amma əgər Azərbaycanda bir yazıçının kitabı 2000-2500 tirajla satılsa, məncə, o, kitabdan-kitaba dolana bilər. Artıq vəziyyət o həddə yaxınlaşır.
Ümumilikdə mən hətta kitabın çap xərcindən də artıq pul yığdım.

Kitabı ən çox alanlar və bunu başqalarına tövsiyə edənlər isə əsasən gənclər oldu.

Xaricdə yaşayan azərbaycanlılardan da kitabdan istəyənlər oldu.

Əlbəttə mən texniki baxımdan kitabı onların hamısına göndərmək imkanında deyildim.

Amma onların Bakıda yaşayan qohumları, tanışları mənimlə əlaqə yaratdılar və bir xeyli adam gəlib məndən kitab aldı (həmin kitabları imzaladım) və xaricə göndərdi.

Ofislərdə keçirdiyim təqdimatların da böyük rolu oldu.

İlk dəfə idi ki, müəllif ofisləri gəzib, öz əsərini təbliğ edir və kitablarını bu yolla satmağa çalışırdı.

Mən özüm də oxuculara çağırış yazısı yazıb mətbuatda çap etdirmişdim.

Tanıdığım imkanlı şəxsləri bir yox, bir neçə kitab almağa çağırmışdım. Sağ olsunlar, mənə dəstək verdilər.

- Birinci tirajın hamısı satılıbmı?

- Çox az qalıb. Bu günlərdə “Əli və Nino” mağazasından zəng vurub onlarda olan partiyanın bitdiyini dedilər və mən ora daha bir partiya kitab apardım.

Dostlar məni təbrik edirlər - kitabım yaxşı satıldığı üçün.

Amma mən bilmirəm 9 milyonluq ölkə üçün 1000 kitabın satılması nə dərəcədə yaxşı rəqəmdir.

Əgər nəzərə alsaq ki, bu illər ərzində Azərbaycanda kitab söhbəti tam öldürülmüşdü və Azərbaycan hakimiyyəti illərlə müğənniləri, mikrofonu, güləş döşəyini təbliğ etmişdi, onda buna da şükür eləmək lazımdı ki, Azərbaycanda hələ də 1000 nəfər kitab oxuyan adam qalıb.

Amma məncə, proses yaxşılığa doğru getməyə başlayır, çünki kitablar özləri özlərini təbliğ etməyə başlayıb.

Hiss edirəm ki, kitaba maraq artır və bir çox insanlar anlayıblar ki, kitabsız toplumun gələcəyi yoxdur.

- Sənin bu kampaniyan nəticəsində kitabı alanlar, yaxud kömək üçün bir neçəsini alanlara gəlincə, reallıqda onlar arasında kitabı oxuyanlar nə qədər oldu?

- Mənə gələn məktublardan bilirəm ki, kitab yaxşı oxunub. Deyim ki, hətta bir kitabı bir neçə nəfərin oxuması halı da var.

Elə adam oldu ki, mənə yazdı ki, kitabın birini özüm üçün aldım, birini də xaricdəki qohumuma göndərdim. Kitabı alıb öz qrup yoldaşına, dostuna bağışlayanlar da oldu.
"Quqark" romanının Azad Fikir Universitetində təqdimatı. Yazıçı Rafiq Tağı (solda) və Seymir Baycan. 20 fevral 2011

- Azərbaycanda bəli bir təbəqə var – siyasətçi, QHT-çi, jurnalist – səncə bu təbəqəni "aşa" bildinmi, yəni səni yaxından-uzaqdan tanıyanlardan başqa çoxmu adi oxucu aldı kitabı?


- Əksinə, QHT, jurnalistika sahəsindən gözlədiyim olmadı.

Bilmirəm bu, bəzilərinin mənə mənfi münasibəti ilə bağlı idi, yoxsa onların kitab oxuma limiti bitib...

Bəlkə də düşünürlər ki, Azərbaycan ədəbiyyatında yaxşı nəsə yarana bilməz daha. Mən o adamları doğrudan da tərpədə bilmədim.

Onlara kitab çatdıra bimədim.

Hətta iki insanın hərəkəti mənə çox pis təsir etdi. Mən onlara məktub yazdım ki, sizin ofisdə təqdimat keçirmək istəyirəm, birindən “yox” cavabı aldım, o birisi isə ümumiyyətlə susdu.

- Adlarını çəkə bilərsən?

- ... Biri Qubad İbadoğlu idi ki, susdu. O biri isə Emin Hüseynov idi... müraciət etdim ki RATİ-də təqdimat keçirim, amma elə münasibət gördüm ki, sonda alınmadı.

Halbuki ikisindən də dəstək gözləyirdim. Amma çox maraqlıdı ki, mən “Tükəzban yazıları” - Azərbaycan qadınları haqda tənqidi yazılar yazmağıma baxmayaraq kitabın alınmasında və təbliğ ediməsində qadınlar çox aktivlik göstərdilər.

Bunu da mən bir jest kimi qəbul edirəm.

Hətta tanımadığım qızlar öz Facebook səhifələrində kitabımı təbliğ etdilər. Amma ümumilikdə kitabın əsas alıcıları gənclər oldu.

- O gənclər də QHT, partiya, jurnalistika sahəsindəndi?

- Bu, təbiidir. Mənim kitabımın təbliğatı əsas harda getdi? Facebook-da.

Orda aktiv olan gənclər də müəyyən səviyyəyə çatmış gənclərdir, fəal insanlardır. Belə demək olarsa, mən gəncliyin yazıçısıyam.

- Romanın tekstinə keçək. Əsər Qarabağ müharibəsi haqdadır. Pasifist ruhda yazılıb. Azərbaycan torpaqlarının da 20 faizi işğal altındadır. Cəmiyyətdə müharibə əhval-ruhiyyəsinin zəif olduğunu da demək də olmaz. Belə bir mühitdə sənin pasifist ruhlu əsərini pis qəbul edənlər olmadı?

- Açığı mən də gözləyirdim ki kimsə məni ittiham edəcək, deyəcək ki, bu nədi yazmısan, müharibə hələ bitməyib....

Amma belə ittihamlar olmadı. Kitabla bağlı müəyyən iradlar oldu. Amma o iradlar belə idi ki, filan yerdə təkrarçılıq var, yaxud filan yeri belə yazsaydın daha yaxşı olardı.

- Məsələn konkret hansı hissələri?

- Məsələn, bir insan haqda olan məlumat başqa bir fəsildə də təkrar gedir.

Məsələn, Karapet surəti haqda deyilir ki, o dülgər idi, qutular düzəldirdi. Onun düzəltdiyi taxta yeşiklər sovet imperiyasının dörd bir yanına yayılırdı.

Və rayonda belə bir şayiə yayılmışdı ki, onun əli yüngüldü, düzəltdiyi yeşiklə əsgərə sovqat göndərsən, mütləq çatacaq.

Bu məqam başqa bir fəsildə də təkrar olunur.

Bir çoxları elə bilirdilər ki, bu texniki səhvdir, amma bu başqa-başqa fəsillərdə olan və yerinə düşən təkrardır.

5-6 nəfər də belə bir fikir söylədi ki, Seymur, sənin publisistikan ədəbiyyatından daha maraqlıdır.

Yəni publisist kimi daha güclüsən. Amma məni xüsusi olaraq nədəsə ittiham edən olmadı.

Çünki həqiqətən də mən o kitaba çox enerji qoymuşdum. Sanki “Quqark” mənim missiyam idi.

Mənə elə gəlirdi ki, bu kitabı yazmaq üçün dünyaya gəlmişəm. Və düşünürəm ki, mən bundan yaxşı şey heç vaxt yaza bilməyəcəm.

Bu mənim - nə yaza biləcəkdimsə, o yazım idi. Ən enerjili vaxtımın yazısıdır.

Mən bədənimin bütün enerjisini sovurub ora qoydum. İstər romanın yazı prosesinə hazırlıq, istərsə də yazılma prosesində.

- Seymur, hələ ki kitabına peşəkar tənqidçilər münasibət bildirməyib... Yeri gəlmişkən deyim ki, “Oxu zalı”nda sənin kitabını müzakirəyə çıxaracağıq. Amma bəzi jurnalistlər, siyasətçilər sənin əsərin haqqında yazı yazırlar. Və deyəsən Fazil Qəzənfəroğlu sənin kitabın haqda sərt yazıb...

- Bəli, tənqid edib – deyib ki, “tualet ədəbiyyatı”dı...

- F.Qəzənfəroğlu hər halda deputatdır, onu çox mütaliəli və savadlı siyasətçi sayanlar var. Nə düşünürsən onun tənqidləri haqda?

- Əvvəla, onun həmin yazısı xüsusi olaraq “Quqark” haqda deyildi, diqqətlə oxusanız, görərsiniz ki, o yazı bu günkü müxalifətdən bəhs edir.

Fazil Qəzənfəroğlu sadəcə, tələm-tələsik ora mənim haqqımda bir abzas əlavə etmişdi.

Bu da səbəbsiz deyil. Ondan cəmi 3-4 gün əvvəl mənim bir yazım çıxmışdı.

Mən orada Fazil Qəzənfəroğlunu Viktor Hüqonun “Səfillər” əsərindəki Tenardye ilə müqayisə eləmişdim.

Orda yazmışdım ki, Tenardye “Vaterloo” məğlubiyyətindən özü üçün bir axşana düzəltmişdi.

Həmin aşxananın adını da qoymuşdu “Vaterloo serjantı”. Mən yazmışdım ki, Fazil Qəzənfəroğlu da Tenardyeyə oxşayır, çünki Əbülfəz Elçibəy məğlubiyyətindən özünə bir deputat mandatı düzəldib...

Yəqin ki bu ona çox pis təsir etmişdi. Çünki Fazil Qəzənfəroğlu mütaliəli bir insandı və “Səfillər” əsərini yüz faiz oxuyub.

O bilir ki, bu necə ağır bir söhbətdir, müqayisədir. Ona görə də mənim romanım haqda öz məqaləsinə abzas salmışdı.

Bax onun tənqidinin səbəbi budur! O ki qaldı tənqidçilərə, açığını deyim ki, çox təəssüf ki bizim tənqidçilərin yazıları oxucu gətirmir.

Tənqidçi elə yazmalıdır ki, kitaba maraq artsın.

Mən sizə deyim ki, Azərbaycanda bir köşə yazarının kitab haqda bir abzas yazması bir tənqidçinin həmin kitab haqda 20 min işarə yazı yazmasından daha effektli olur. Mən bunu hiss elədim.

Mənim kitabım haqqında Elnur Astanbəyli, Şahvələd Çobanoğlu yazdı. Zamin Hacı öz fikirlərini bildirdi və bunlar mənim üçün çox dəyərli fikirlər idi.

Bunlar mənim zövqünə inandığım və kifayət qədər mütaliəsi olan insanlardı.

Mən inanmıram ki, Azərbaycan Yazıçılar Birliyinə yaxın olan hansısa tənqidçi durub etiraf etsin ki, Seymurun kitabı həqiqətən də satılıb.

Onlar Anarın qorxusundan, ordan aldıqları maaş səbəbindən heç vaxt belə obyektiv fikir söyləyə bilməzlər.

O biri tərəfdən də bizim tənqidçilərin reputasiyası xeyli zədələnib.

Pula görə, yaşayışa görə onlar elə adamlar haqda elə məqalələr yazıblar ki, hətta düz yazanda da heç kim onların yazdıqlarına inanmır.

- Seymur, sən əlbəttə ki yazıçı prizmasından çıxış edirsən - kitabını satmaq istəyən bir yazar məntiqindən. Amma tənqidçi də yazını yazıçıya oxucu gətirmək üçün yazmır. Onun işi əsəri təhlil etməkdir. Yazıçıya işləmək yox...

- Ola bilsin mən tənqidçilərlə bağlı fikirlərimi sərt ifadə etdim. Amma onların romanım haqda nə yazacaqlarını da məmnuniyyətlə oxuyardım.

Bilim ki, əsərin zəif yeri nədi, güclü yeri nədi... Yazsalar, oxuyacam.

- Ermənistandan sənin romanına hansısa reaksiya oldumu? Kimsə maraq göstərdimi?

Seymur Baycan Şuşa yaxınlığında. QHT layihəsi çərçivəsində Qarabağda monitorinq apararkən...
- Eşitdilər, bildilər. Çünki Facebook-da kitabın üz qabığının şəklini yaymışdım.

O şəkildə də tankdı, altında da Quqark sözləri. Facebook-da ortaq dostlarımız var, orda bunu görürlər.

Mənim belə bir roman yazdığımı əvvəlcədən bilənlər də vardı.

Təbii ki istəkləri odur ki, əsər heç olmasa rus dilinə tərcümə edilsin ki, oxusunlar.

Tbilisidə bir təqdimat keçirək, mənim Gürcüstanda, Ermənistanda layihələrində iştirak etdiyim şəxslər bunu oxusunlar, fikirlərini desinlər.

Amma bu məsələnin reallaşmasına hələ var. Çünki bunun üçün mən ən azı maddi məsələni həll etməliyəm.

- Təxminən neçəyə başa gələ bilər tərcümə, maraqlanmısanmı?

- Yəqin ki 3-4 min manat lazımdır. Ondan aşağı qiymətə tərcümə artıq qeyri-ciddi söhbətdir.

- Roman əsasında kino çəkilə biləcəyi haqda da məlumat yayıldı. O işlər nə yerdədi? Film üçün pul tapmaq mümkün oldumu?


- Açığı “Dərviş” prodüsser mərkəzi kitab çıxandan sonra mənə belə bir təklif vermişdi.

Yəni o mənada ki, indi bəlkə də filmin çəkilməsi real olmasa da, biz belə bir müqaviləni bağlayaq.

Azərbaycanda ilk dəfə idi ki, müstəqil prodüsser mərkəzi romançı ilə belə müqavilə bağlayırdı.

Amma bizim aramızda həm də bir centlmen razılaşması var ki, əgər daha real layihə olarsa, mən “Dərviş”lə müqaviləni poza və filmin çəkilişi üçün başqaları ilə işbirliyi qura bilərəm.

Amma istərdim ki, alınsa, filmi elə “Dərviş” çəksin.

- Film üçün nə qədər pul lazım ola bilər?

- Mən onu bilmirəm. Yəqin ki kifayət qədər ciddi büdcə lazımdır.

Seymur Baycan jurnalistlərin aclıq aksiyasında. 24 oktyabr 2010
- Sən özün də paralel olaraq sponsor axtarırsanmı?


- Bu yaxınlarda Gürcüstanda oldum. Orda rejissor dostum var.

Onunla bu haqda söhbətimiz oldu. O dedi ki, əsər gərək ilk növbədə rus dilinə tərcümə edilsin ki, o, mətnə baxsın.

İndi Gürcüstanda yeni bir layihə də başlanıb.

Post-sovet ölkələrindəki ədəbiyyatı çap edirlər. Əgər əsərim ruscaya çevrilsə, orda çap edilə bilər.

- İndiki dövrdə kitab satmaqla dolanmaq mümkündürmü?

- Açiği kitabın çapından əvvəl maddi vəziyyətim çox ağır idi.

Mənə bir dostum maddi yardım edirdi. Adını çəkmirəm, çünki özü də bunu istəmir. O, Azərbaycanda yaşamır.

“Gündəlik Azərbaycan” qəzeti bağlanandan bəri mən faktiki olaraq işsizəm. Çox gülməli vəziyyətdir.

Guya Azərbaycanda oxunan publisistlərdən biriyəm, amma mənim özümü ifadə etməyim üçün tribunam yoxdu. Halbuki özümü formada hiss edirəm və yazmaq istəyirəm.

Mənim müstəqil vətəndaş mövqeyimlə yanaşı mədəni müxalifətçiliyim də olduğuna görə, baş redaktorlarla elə də asan yola getmirəm.

Demək olar ki, maddi vəziyyətim ağır idi və bir adamın köməkliyi ilə aydan-aya keçə bilirdim.

Əvvəlki kitablarımdan da ikisinin pulunu o adam vermişdi. O zaman elə çox oxucum da yox idi. Bəzi kitablar satılmışdı, bəzilərini hədiyyə etmişdim.

Bizdə oxucu indi-indi yaranır. “Quqark”dan sonra əvvəlki kitablarıma da maraq artıb. Və yəqin ki onları da təkrar çap edəcəm.

Çünki əsl oxucu indi yaranır. Biz o zaman "boşluğa" düşdük.

- Sirr deyilsə, “Quqark”dan nə qədər pul qazandın?

- Dörd min manata yaxın qazanc götürdüm (gülür – R.Q.). Buraya kitabın çapı üçün verilən pulları da daxil edirəm.

Bu yardımlar hətta kitabın çap xərcindən də çox eləmişdi. Xeyli borclarım vardı, onları qaytardım.

Mənim indiyəcən gördüyüm ən böyük pul iki min dollar idi. İndi bu kitabdan bu qədər qazanc götürməyim mənim üçün böyük hadisə oldu.

Bu pul borclarımı qaytarmağımdan əlavə geyimimin təzələnməsində, çox insanların mənə etdiyi yaxşılıqların xırda da olsa qaytarılmasında ciddi rol oynadı.

- Növbəti tirajla bağlı planların nədi?

- Bir neçə ofis var ki, orada da təqdimatlar keçirib kitabımı yayacam.

Bundan başqa xaricdə yaşayan 30-40 dostum var ki, onlar da kitabdan istəyiblər.

Deyiblər ki, kitabdan alıb Amerika, Fransa, Almaniya, Hollandiya və başqa ölkələrdə soydaşlarımız arasında yayılmasına kömək edəcəklər.

Əgər oxucular bir qədər də aktivlik etsələr, Azərvbaycan yazıçısının yazıb-yaratması üçün normal şərait yarana bilər.

Düzdür, biri var yaşamaq, biri də var dolanmaq. Bunlar ayrı-ayrı şeylərdi.

Amma əgər Azərbaycanda bir yazıçının kitabı 2000-2500 tirajla satılsa, məncə, o, kitabdan-kitaba dolana bilər. Artıq vəziyyət o həddə yaxınlaşır.
XS
SM
MD
LG