Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:15

Rəis-işçi münasibətindəki gərginliyin aqibəti


«Onun heç çilingər sənəti də yoxdur. Şikəst idi, biz ona hörmət elədik işə götürdük»
Məcburi köçkün Eyvaz Abbasov AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edib ki, onu haqsız yerə işdən çıxarıblar. Deməsinə görə, İçərişəhər Tarix Memarlıq Qoruq İdarəsinin mənzil kommunal şöbəsində elektrik-çilingər işləyib. Şöbənin müdiri Elçin Qurbanov onu özünə xəbər etmədən çilingər-elektrik ştatından sürücü ştatına keçirib. Eyvaz Abbasov bir gün həmişəkindən az məbləğdə maaş alanda xəbər tutub ki, o, idarədə faktiki çilingər-mexanik kimi işini davam etdirsə də, sənədlə vəzifəsi sürücü kimi qeyd olunub və artıq maaşını da sürücü ştatına görə alır. Elə işçi ilə şöbə rəisi arasında mübahisə də bundan yaranıb və işçinin işini itirməsi ilə nəticələnib. Eyvaz Abbasov danışır:

«6 AYDIR ÇÖRƏYİ BORCLA ALIRAM»

«İçərişəhər Tarix Memarlıq Qoruq İdarəsinin mənzil kommunal şöbəsinin rəisi Elçin Qurbanov deyir ki, hara getsən də qoymayacağam səsin çıxsın. Onun dediyi də düz çıxır, müraciət etdiyim təşkilatlardan cavab gəlir ki, get həmin idarəyə, gedirəm, o da təhqir edib qaytarır geri. İki il idi işləyirdim. 200-250 manat maaşım, yaşamaq mümkün idi. Əziyyətlə olsa da yataqxana şəraitində birtəhər yaşayırdım, heç kəsə möhtac olmurdum. 6 aydır ki, ailəmə çörəyi borcla alıram.

- Nəyə görə rəis məhz Sizi işdən çıxartdı?

- Baş mühasibin qardaşı haradansa gəlmişdi, işsiz idi, onu yerləşdirmək lazım idi deyə, məni işdən çıxartdı. Rəisin məndən başqa heç kəsə gücü çatmadı, başqalarının hamısının adamı var, mənim sözümü deyən yoxdur deyə, məni çıxartdı. İndi də mənim yerimdə baş mühasibin qardaşı işləyir. Əsasən maşınların təmirinə baxırdım. Əvvəl işimi dəyişdiyinə görə narazıçılıq eləmişdim, dövlət orqanlarına müraciət eləmişdim. Texnik-mexanik diplomum olduğu halda məni sürücü keçirtmişdi. Ancaq mənim xəbərim yox idi bundan. Mənim sürücülük vəsiqəmin 15 ildən artıqdır ki istifadə müddəti bitib. Mən bunları deyəndə rəis başa düşdü ki vəzifəsindən istifadə edib, qanunsuzluq edib. Ona görə də çıxış yolunu məni ümumiyyətlə, işdən çıxartmaqda gördü. Əmrimi də belə yazıb ki, guya mən işə getməmişəm, iş davamiyyətini pozmuşam.

«EYVAZ MÜƏLLİM HƏM ŞİKƏSTDİR, HƏM DƏ KÖÇKÜNDÜR»

İçərişəhər Tarix Memarlıq Qoruq İdarəsinin mənzil kommunal şöbəsinin müdiri Elçin Qurbanov isə keçmiş işçisinin ittihamları ilə razılaşmır. Elçin Qurbanov:

«Bununla bağlı Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyi də bizdə yoxlama aparıb. Eyvaz müəllim həm şikəstdir, həm də köçkündür. O vaxt xahiş etdilər, onu işə götürdük. Sonra ona dedim ki, bizdə uşaq meydançası var, səhər 9-da gəl, axşam 6-da get, tərtəmiz işdir, maaşını da artıraram. O da buna qol qoymadı. Sonra gəldi ki, icazə ver məzuniyyətə gedim. Mən də dedim get, ərizəni yaz gətir. Otağımda ərizəsinə sahə rəisi qol çəkdi, ərizəni uzatdım birinci müavinimə ki, o da qol çəksin.
Xalid Bağırov
Eyvaz ərizəni onun əlindən qapıb cırdı ki, istəmirəm Ələddin müəllim ora qol çəksin, sonra da tulladı mənim üstümə. Onun heç çilingər sənəti də yoxdur. Şikəst idi, biz ona hörmət elədik işə götürdük.

- Siz onu sürücülüyə keçirəndə onun sürücülük vəsiqəsi qaydasında idi?

- Köhnə sürücülük vəsiqəsi idi.

- O sürücülük vəsiqəsindən istifadə edə bilərdi?


- Mən ona elə maşın vermişdim ki, sürücülük vəsiqəsi lazım deyildi. Xırda, dövlət qeydiyyatından keçməyən, küçə süpürən balaca, xarici maşındır, heç dövlət nömrə nişanı da yoxdur. İçəridə ağaclara su səpir.

«İŞÇİNİN ƏMƏK HÜQUQLARI KOBUD ŞƏKİLDƏ POZULUB»

Vəkil Xalid Bağırov deyir ki, bu məsələdə işçinin əmək hüquqları kobud şəkildə pozulub və o, hüquqlarını məhkəmə yolu ilə bərpa etməlidir:

- Əmək qanunvericiliyi işçinin razılığı olmadan onun vəzifəsini dəyişməyi qadağan edir. Başqa bir işə keçmə yalnız işçinin razılığı ilə mümkündür. Bundan başqa, şikayətçi deyir ki onu ikinci dəfə keçirdikləri sürücülükdən çıxararkən də qanunsuzluğa yol verilib. O, bununla bağlı müxtəlif yerlərə müraciət edib. Təəssüf ki, həmin orqanlar içərisində məhkəmə orqanı yoxdur. Məhkəmələrdə qanunsuz işdən çıxarma zamanı işə bərpa səlahiyyəti var. Belə bir hala da məhkəmə mübahisəsi açmaq olar. Şikayətçi əmək qanunvericiliyinin tələbinə görə, işdən çıxarıldıqdan sonra 3 hala diqqət yetirməlidir. Ya əmək kitabçasını, ya son haqq-hesabı, ya da işdən çıxarılması barədə əmri aldığı gündən 1 ay ərzində məhkəməyə şikayət vermək hüququ var.

Vəkil deyir ki, Eyvaz Abbasov əvvəl məhkəmədə xəbəri və razılığı olmadan iş yerinin dəyişdirilməsi məsələsini mübahisələndirə bilər. Bununla bağlı əmrin qanunsuzluğu məhkəmə tərəfindən təsbit edilərsə, o, işdən çıxarılma barədə ikinci əmrindən də məhkəməyə şikayət verə bilər.

Buna da bax:

XS
SM
MD
LG