Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:39

Sakinləri ayaqlarından tanınan şəhərcik (VİDEO)


Gənclər şəhərciyi
Gözlə
Embed

No media source currently available

0:00 0:01:43 0:00
Direct-ə keçid

Gənclər şəhərciyinin sakinləri şəraitlərindən razı deyillər

««Akkord»dan çıxıb işə gedəndə, şəhərə çatanda elə bilirsən ki, kənddən gəlmisən. Dizə kimi palçığın içində olursan»

««Akkord»dan çıxıb işə gedəndə, şəhərə çatanda elə bilirsən ki, kənddən gəlmisən. Dizə kimi palçığın içində olursan. Yaz gələndə ən çox «Akkord» camaatı sevinir»

Bu cür fikirlərə «Facebook» sosial şəbəkəsində ««Akkord» Şirkətlər Qrupundan narazılar qrupu»nun səhifəsində tez-tez rast gəlmək olar. Təxminən 1 ay əvvəl yaradılan narazılar qrupunun hazırda 53 üzvü var. Üzvlərin ən son statuslarından birində «İşıqların yanması» muştuluqlanır. Hərçənd narazılar işıqların bir daha sönməyəcəyindən əmin deyillər.

Sosial şəbəkədə rast gəldiyim qrup «Akkord»un inşa etdiyi Abşeron Gənclər Şəhərciyinə getməyimizə səbəb oldu.

Bakıdan Xırdalan ərazisində salınan həmin şəhərciyə axşamlar getmək bir o qədər də asan deyil. Bu baxımdan sakinlərin nəqliyyat sarıdan şikayətlərinə haqq qazandırmaq olar. «Şamaxinka» yolundan şəhərcik istiqamətinə hər 15-20 dəqiqədən bir «99» saylı marşrut avtobus işləyir. Ancaq sakinlər deyir ki, bu marşrut şəhərciklə üzbəüz yerləşən «Riad» ticarət mərkəzi işləyən saatlarda, yəni axşam 7-ə qədər fəaliyyət göstərir.

«MARŞRUTLAR DƏHŞƏT İŞLƏYİR...»

«Marşrutlar dəhşət işləyir, bir dənə marşrut var 99, o da yarım saat gözləyirsən ki, gəlsin, o da hər zaman dolu olur. Həm buranın işçilərini, ustalarını, hamını aparır. Sumqayıta gedən avtobuslar burdan keçsə də o biri xətlə keçdiyindən çox vaxt saxlamır, orta xətlə gedirlər»

Abşeron Gənclər Şəhərciyinin tikintisinə 2005-ci ildən başlanıb. 246 min kv.m-dən böyük yaşayış sahəsinə malik şəhərcikdə 3950 mənzil var. Ancaq bu vaxta qədər təxminən yarısı təhvil verilib, qalanı isə öz növbəsini gözləyir.

Mənzillərin bir qismi sakinlərə təhvil verilsə də, şəhərcikdə bir çox məsələ ilə bağlı narazı olan adamlar var:

«QAZ YOXDUR, İŞIQ DA HƏR GÜN SÖNÜR. LİFT DƏ İŞLƏMİR»

«Qaz yoxdur, işıq da hər gün sönür. Biz soyuducu almışıq, onu taxmağa qorxuruq. Kreditlə götürmüşük, qaytarmağa da qaytarmayacağam. İşıqlar da çox zəifdir. Gedirik «Akkord»un ofisinə heç qəbul etmək, eşitmək istəmirlər. Deyirlər problem bizlik deyil, hara gedək kimə deyək bilmirəm. Lift də işləmir, camaat 11-ci mərtəbəyə ayaqla qalxır».

«Faktiki qaz demişdilər, qaz yoxdur. Qaz olmadığından bütün işləri elektriklə görürük. Buranın açılışı olub, mətbuatda da gedib, ancaq yaşayış üçün elə bir şəraiti yoxdur. Məktəb yoxdur»

- Evinizə gün düşür?

- Yox, işıq düşmür, binalar elə sıx tikilib ki, 1 saat düşə-düşməyə. Bizim üçün şərait yoxdur, o da qala uşaqlara.

Noyabr ayından şəhərciyə köçən Şahnaz Abdullayevanın mənzili əla təmirli olsa da, artıq divarlardakı kağız qopur, divarların küncündə qaralma gedib. Ev sahibəsi rütubətə binanın zirzəmisinə yığılan suyun səbəb olduğunu deyir:

«SİÇAN EVƏ GİRİR, QAÇIR»

«Siçan evə girir, qaçır. Şaxta var, ora ilə qalxırlar evdə gəzirlər. Hələ yay gəlməyib, bir azdan isti olanda epidemiya töküləcək buralara».

ŞƏHƏRCİYİN ADAMLARINI AYAQLARINDAN TANIMAQ OLAR


Seymur Teymurov də deyir ki, şəhərciyin adamlarının kənardan tanımaq asandır:

«Bizim şəhərciyin adamlarını ayaqlarından tanımaq olar, ayaqları palçıqdır. Çünki hər yerdə tikinti gedir, ona görə ətraf ərazilər palçıq içindədir. Ona görə bizi ayaqımızdan tanıyırlar ki, biz Abşeron gənclər şəhərciyinin sakiniyik».

«Abşeron Gənclər Şəhərciyi»nin reklam bukletlərində yazılıb ki, ərazidə binalar müasir texnologiya əsasında tikilir və yaşamaq üçün «Akkord»un bütün alıcılarına təqdim etdiyi hər cür rahatlıqla təmin olunur.

Həmçinin bildirilir ki, şəhərcikdə məktəb, bağça, camaşırxana, kimyəvi təmizləmə, tibb xidməti məntəqələri, bank filialları, mağazalar, avtobus dayanacaqları olacaq. Ancaq hələ ki, ərazidə ancaq bir-birinə sıx yerləşmiş göydələnlər gözə dəyir. Nə meydança, nə məktəb var. Ona görə də valideynlər uşaqlarını hər səhər Xırdalana, ya da Bakıya göndərmək üçün taksi tutmağa məcbur olublar.

«Akkord» Şirkətlər qrupunun mətbuat xidmətinin rəhbəri Afaq Quliyeva isə vəd verir ki, bütün problemlər sentyabr ayına kimi həll olunacaq. Məktəbin indiyədək olmamasına səbəb kimi də Təhsil nazirliyi ilə razılığın əldə olunmamasını göstərir. Onun deməsinə görə, nazirlik özü ərazidə məktəb tikəcəyini bildirib. Afaq Quliyeva deyir ki, növbəti mərhələdə məktəblilər üçün avtobusun da tutulması nəzərdən keçirilə bilər:

«SENTYABR AYINA QƏDƏR ONLAR DA BİZİ BAŞA DÜŞMƏYƏ, ANLAMAĞA ÇALIŞSINLAR»

«Orda yaşayanların əksəriyyəti gənc ailələrdir. Biz onları başa düşürük. Amma arzu edirik ki, sentyabr ayına qədər onlar da bizi başa düşməyə, anlayışla qarşılamağa çalışsınlar. Biz şəhərciyi şəhərcik kimi tam şəkildə istifadəyə verəndən sonra inanırıq ki, şəhərciyin adamları ən rahat həyat sürən insanlar olacaq».

Nəqliyyat məsələsinə gəlincə, «Akkord» rəsmisi Nəqliyyat nazirliyinə müraciət etdiklərini deyir. Onun sözlərinə görə, yaxın vaxtlarda 2 marşrutun– Neftçilər və şəhər istiqamətində hərəkət edəcək avtobusların xəttə buraxılacağı gözlənilir.
XS
SM
MD
LG