Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:36

Jalə İsmayıl "Ülviyyə Heydərova" (Hekayə)


- Yerdən baxanda göy, göydən baxanda yer gözəl görünür. Milyon illərdi dünyanı dağılmağa qoymayan onların - Yerlə göyün - bir-birini bəyənmələridi. Qiyamət günü dedikləri də göylə yerin bir-birlərindən xoşları gəlməyəcək gündü...

- ...Yəni Allahla bəndələrin?

Yerin quşbaxışı çəkilmiş fotosunda həm dağ, həm dəniz, həm də düz vardı. Gözəl kompozisiya qurulmuşdu. Amma müəyyən etmək olmurdu ki, müəllif bunu düşünüb çəkib, yoxsa bu anı təsadüfən tutub.

- Amma, dostum, unutma, Allahın göydə olduğunu bəndə uydurub. Gücü çatmayanları özündən uzaq tutmaq insanın köhnə peşəsidi…

- Burdakı kimi?

Dostum əlini uzadıb sağdakı “Qorxu” adlı fotonu göstərdi. Cavan oğlan həyət qapısından çıxıb gedir. Azca geriyə çevrilərək evin kandarına yığışıb onun arxasınca baxan ailə üzvlərini süzür. Atasının əlində balta var. Kim kimdən qorxmuşdu, bəlli deyildi.

- …Səncə, hara uçmağın fərqi var?

- …Əsas uçmaqdı.

- Yəqin ki, təyyarəçilər uçmağı hər şeydən çox sevirlər.

- Onlar sağ-salamat enməyi daha çox sevirlər.

Biz artıq üçüncü fotonu müzakirə edirdik. Gülərüzlü təyyarəçi trapda durub onu yola salanlara əl yelləyirdi. Bu, sonuncu dəfə havaya qalxan təyyarənin fotosu idi. Onlar bir azdan yerə çırpılacaqlarını bilmirdilər.

Dostumu bu fotosərgiyə güclə gətirmişdim. İndi də çıxara bilmirdim. Sərgidə çoxlu xarici müəllif vardı. Bu da dostumu maraqlandırmışdı. Hər fotonun qarşısında durub uzun müddət diqqətlə baxırdı. Rəssamlarla fotoqrafların əbədi davasını bildiyimdən hərdən ona sataşırdım da.

- Bura bax, heç kim eşitməz, yavaşca mənə etiraf edə bilərsən.

- Nəyi?

- Müasir dövrdə fotoqrafların dünyanı daha çox heyrətləndirdiklərini.

Rəssam hirslə məni süzdü.

- Foto görünəni göstərir. Rəssam isə daxili aləmi çəkir.

- Amma yaxşı bir fotoqrafın gördüyünü hamı görə bilmir. O anı tutmaq var.

- Razıyam. Fotoqraf daha cəld ola bilər. Rəssamsa çəkəcəyi anı tutmur, onu yaradır, özü yaradır!

Dostum qalib ədasıyla çevrilib “Yol üstündə duran bulud” adı verilmiş əsərə yaxınlaşdı. Mən də onun arxasınca.

- Bax, bu, maraqlı işdi. Sən bir buludların düzülüşünə bax… Yerdəki ağacları göydə buludlar əvəz edir. Yol üstə dururlar, kölgə salırlar. Səncə, bir təyyarə o böyük buludun altında dayanıb nəfəsini dərə bilərmi?

- Bayaq gördüyümüz təyyarə?

- Olsun lap elə həmin təyyarə. Bəlkə yerə düşməmişdən qabaq o buludun altında azca nəfəsini dərib, dincini alıb… Bəlkə də hər təyyarəçinin öz sevimli buludu var. Hər dəfə eyni yolu uçanda qarşılaşırlar həmin buludla, hal-əhval tuturlar, bir-birlərinə gülümsəyirlər…

- Sən gəl hələ “Yorğun”a bax burda, filosof.

O biri salona çəkdim onu. Göstərdiyim şəkildə qoca bir kişi çayı keçməyə çalışırdı. Çayın kənarında dayanıb əllərini azca bükülmüş dizlərinə söykəmişdi. Acıqla çaya baxırdı. Sanki deyirdi: “Ölsəm də, keçəcəm səni!” Foto ikili hisslər oyadırdı adamda. Həm inanırdın ki, qoca keçəcək, həm də sanki dəqiq bilirdin ki, çayı keçməyə cəhd göstərsə, ortasına çatmamış su aparacaq onu.

…Sərginin çoxunu gəzib dayanmışdıq. Dostum bir az dilxor idi. Yerli müəlliflərin çoxunun işindən narazı qalmışdı. Bizim fotoqrafların dar düşündüyünü, dünyanı yalnız gördükləri qədər “gördüklərini” deyirdi.

- Bizimkilərin düşüncəsi azad deyil. Azad olmadıqca da nəsə yaratmaq mümkün deyil… Belə görürəm, onlar heç azad olmaq da istəmirlər.

- Axı indi kim azaddı ki, onlar qalıb?

- Heç olmasa onların çıxış nöqtəsi var. “Situasiyanı biz yaratmadıq, biz sadəcə çəkdik” deyə bilərlər.

- Deyirlər də. Əllərindən gələni edirlər. Amma nədənsə foto sənəti peşəkar səviyyədə çox ləng inkişaf edir.

- Əvəzində həvəskarlıq baş alıb gedir.

- Yaxşı, fikir vermə. Fotomuz yoxdu, əvəzində rəssamlığımız var – mən onun kefini açmağa çalışdım.

Dostumun fikrisə fotolarda idi. Bir daha çevrilib bizim bölməyə baxdı və başını buladı.

- Bizim müəlliflər adamı yerindən oynada bilmirlər.

- Axı sən nə görmək istəyirsən? Səni nə diksindirə bilər axı?

- Çox maraqlı bir şey.

- Onda səninçün maraqlı nədi, onu da de fotoqrafa… Adam nə qədər çox bilirsə, o qədər az təəccüblənir.

- Çoxbilmiş adamları da təəccübləndirmək mümkündü.

- İnsanın həyat təcrübəsi onun təəccüblənməsinə mane olur.

Biz “İnqilab” adlanan fotonun qarşısında idik. Qarışqalar nizamlı şəkildə onların yuvasını dağıdan cavan oğlanın ayaqlarına dırmaşırdılar.

Oğlan ayaqlarına baxıb gülürdü. O, hələ bilmirdi ki, qarışqa sürüsünün gəlib başa çatması anı da var. İndi ayağını yuvadan çəkməsə, qarışqalar onu yeyib axırına çıxacaq.

- Fotonu görürsən? Bu mənə maraqlıdı, məsəlçün. Olsun ki, gəzməyə çıxanda təsadüfən çəkib. Amma anı görüb, demək, “görmə” qabiliyyəti var, cəld tərpənib çəkib, demək, peşəkardı və sərgiyə göndərib, demək, həm də yaxşı menecerdi.

- Müəllifə və sənə bravo.

- Kaş, mən bu “bravo”nu öz fotoqrafımızın ünvanına eşidəydim, gürcünün yox.

- Darıxma, bir gün özümüzə də “bravo” deyə biləcəyik.

- Darıxmaqdan keçib. Mən təəccüblənmək istəyirəm.

- Yenə başladın? Qəbul et ki, indi təəccüblənmək, diksinmək, yerindən oynamaq çox çətindi. Bax, bundan sonra, məsələn, məni nə təəccübləndirə bilər bu ölkədə?

- Ölkəni çıx. Bura hamının hər şeyi bildiyi ölkədi, heç kim heç nəyə təəccüblənmir.

- …Adamı diksindirən şeylərin mahiyyətində bir qorxu var, əzizim. Məhz diksindiyin şeyi görməyə hazır deyilsən sən… Məncə, gördüklərimiz sadəcə xoşumuza gəlsə, yetərlidi. Sən niyə axı mütləq diksinmək istəyirsən?

- Xoşa gəlmək azdı. Çox az. Bu, sənət qarşısında qoyulan minimum tələbdi.

- Sənin diksinməyin diksindiyinin xoşuna gəlir. O bundan zövq alır. Ona bu zövqü yaşatmaq lazım deyil. Bütü yarat, sonra onu görüb diksin. Bu, anormallıqdı.

- Heç də bütün hallarda bizi diksindirənlər bizdən güclü olmurlar. Razıyam, biz onları görüb diksindikcə, onlar da özlərini güclü hesab etməyə başlayırlar…

- Bəzən də diksindirənlər heç özləri də belə bir qabiliyyətə sahib olduqlarını bilmirlər. Biz axmaq kimi bunu onlara deyirik. Onlar da yollarını azırlar. Bu qabiliyyəti başqalarına qarşı çevirirlər… Ən pisi odur ki, biz qayıdıb səhvimizi düzəltmirik. Hirslənə-hirslənə diksinməyə davam edirik. Heç özümüz də bilmirik ki, niyə?!

Dostum güldü.

- Sən lap mazoxist manyak kimi danışdın. Amma razılaş ki, bütün hallarda bizdə heyrət doğuran şeyləri sevirik. Biz həyəcanlanırıq bundan. Biz bu barədə düşünməyə başlayırıq.

- Xoşuna gələndə düşünmürsən? Heç bir hiss oyatmır?

- Yox… Ya da çox az.

- Bəs həm xoşuna gəlsə bir şey, həm də səni diksindirsə?

- Bax, bunun adı sənətdi!

Mən hirslənməmək üçün söhbətə ara vermək istədim. Küçədə siqaret çəkmək bəhanəsilə qapıya tərəf getdim. Dostum gülürdü. Axır ki, arzusuna çatmışdı – məni özümdən çıxara bilmişdi. Birdən mən yarıyolda dayandım.

- Bax, o qəşəng qızı görürsən?

- Hansı?

- Pəncərənin qabağında durub. Telefonla danışır. Eynəkli qız.

- Hə, gördüm. Kimdi ki?

- Jurnalistdi. Bir-iki dəfə məndən də müsahibə alıb. Çox maraqlı qızdı. Onunla söhbət eləməkdən xoşum gəlir. Musiqidən başı çıxır.

- …Şirin qızdı. Xoş təsir bağışlayır.

- Səndə hər hansı bir fikir oyadır da xoşuna gələn?

- Əlbəttə - dostum sınayıcı nəzərlərlə məni süzdü.

- Amma bayaqdan…

- Bayaqdan mən inkar eləmirdim bunu. “Təəccüblənib diksinəndə daha maraqlı olur” deyirdim.

- Yaxşı… İndi səninçün daha maraqlı olacaq. Bilirsənmi bu qəşəng qız hər dəfə zəng edəndə mən diksinirəm?

- Niyə?? - dostum təəccüblə gah mənə, gah qıza tərəf baxdı.

- Səni ancaq mən təəccübləndirə bilirəm də - gülmək tutmuşdu məni.

- Bu balaca qız bir zənglə səni necə diksindirir axı?

- Görürsən də.

- Çox qəribədi – dostum yenə çevrilib artıq telefon söhbətini bitirmiş qıza baxdı.

- Məsələ ondadı ki, bu işdən onun xəbəri yoxdu. Bütün günah məndədi.

- Neyləmisən ki? – dostumun təəccübü keçmək bilmirdi.

- Heç ağlına gəlməz – mən ürəkdən güldüm.

- Yaxşı, de, görüm.

- Demək, onun adını telefonuma yazanda qovhaqovdaydım, aeroporta çatdırmalıydım özümü…

- Aha…

- Buna görə də tələsikdə qızın adını qısaldıb yazdım.

- …

- Vəssalam. O vaxtdan da bu səhvi düzəltmirəm, diksinməyə davam edirəm… Manyak kimi!

Mən məsələni dostuma izah edənə qədər haqqında danışdığım jurnalist qız özünəməxsus sirli təbəssümü dodaqlarında bizə yaxınlaşdı. Köhnə dostlar kimi görüşdük. Vaxt itirmədən onu dostumla tanış etdim:

- Uli, tanış ol, bu cavan oğlan Natiq müəllimdi. Gözəl rəssamdı.

- Çox şadam – qız eynəyini həvəslə düzəldib dedi.

- Natiq, tanış ol, bu qəşəng qız jurnalistdi, mədəniyyətdən yazır, imzasını görməmiş olmazsan – Ülviyyə Heydərova...

Onlar fərqli təbəssümlərlə bir-birlərinin əlini sıxdılar…

…Sonra biz birlikdə “Gələcək” adlı fotoya baxa-baxa gələcəkdən danışdıq. Fotoda üç dost yan-yana durub üfüqdə doğan, bəlkə də batan Günəşə baxırdı…
XS
SM
MD
LG