Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:26

Novruz Məmmədov Minsk qrupu həmsədrlərini hədəfə alır


Novruz Məmmədov
Novruz Məmmədov
ATƏT sədri və Minsk Qrupunun həmsədrləri Ermənistan və Azərbaycanı sülh naminə daha cəsarətli addımlara, snayperləri geri çəkməyə çağırıb. Bu arada Praqa görüşlərinin nəticələri ilə bağlı ziddiyyətli məlumatlar var. Minsk Qrupunun həmsədri Mətyu Brayza Praqada keçirilən danışıqlarda irəliləyişin olduğunu, Azərbaycan xarici işlər naziri isə olmadığını deyib. «Azadlıq» radiosuna müsahibəsində Prezident Aparatı xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Minsk Qrupunun həmsədrləri və şəxsən Mətyu Brayzanın ünvanına ağır ittihamlarla çıxış edib.

- Novruz müəllim, danışıqlarda əslində nə baş verib, və bundan sonrakı addımlar nə olacaq?

- Bundan sonra atılacaq addımların nə ola biləcəyi barədə bir şey deyə bilmərəm, amma mənim üçün çox təəccüblüdür ki, nə üçün Minsk Qrupunun həmsədrləri real vəziyyət barədə danışmırlar. Əlbəttə bu bizi düşündürür və yəqin ki, bunun müəyyən məqsədləri var. Amma ümumilikdə götürəndə bu, çox təəssüf doğuran hadisədir. Son görüş zamanı ümumiyyətlə danışıqlar prosesində Ermənistan tərəfi çox qeyri-konstruktiv oldu. Yəni münaqişənin həlli ilə bağlı bir addım da olsun irəli atmaq istəmədi və Azərbaycan torpaqlarına iddialı olduğunu bir daha nümayiş etdirdi. Buna baxmayaraq, qarşılıqlı razılıq olmadan həmsədrlər Azərbaycan prezidenti ilə heç bir məsləhətləşmə aparmadan Ermənistan prezidentinin və belə çıxır ki, həm də həmsədrlərin özünün mövqeyini dəstəkləyən bir bəyanatla çıxış etdilər. Yəni dünya ictimaiyyətinə dünya birliyinə, Amerika Birləşmiş Ştatlarının prezidentinə və dövlət katibinə başqa ölkələrin rəhbərlərinə yanlış məlumat veriblər ki, guya danışıqlar çox gözəl gedib, tərəflərin mövqeləri bir-birinə daha da yaxınlaşıb və sair. Bütün bunları deməkdə məqsəd nədir, biz bunu başa düşə bilmirik. Dünya ictimaiyyətinin başının altına yastıq qoymağa ehtiyac varmı? Amerika Birləşmiş Ştatlarının prezidenti və dövlət katibinə yanlış məlumat verməyə ehtiyac varmı? Yaxud beynəlxalq təşkilatlara, məsələ ilə maraqlanan hamıya yanlış məlumat verməkdə məqsəd nədir. Mənə elə gəlir ki, bunların hamısı bir daha göstərir ki, elə işğalçı dövlət olan Ermənistana təəssüb və onun maraqlarını müdafiə etmək prosesi davam edir. Digər tərəfdən, həmsədrlər maraqlıdırlar ki, bu proses uzansın, onlar komandirovkalara gedib-gəlsinlər, vəzifələrini icra etsinlər, sanki bu, onların karyerasıdır. Yaxud, ola bilsin, Mətyu Brayzanın özünün marağı var ki, Hillari Klintona və Barak Obamaya səhv məlumat verməklə özünün karyerasını, vəzifəsini və sair təmin etsin. Mənim bundan başqa gümanım qalmır.

- Novruz müəllim, Mətyu Brayza Azadlıq Radiosuna müsahibəsində deyib ki, İlham Əliyev müəyyən məsələlərdə özü, onun dediyi kimi, ümidverici bəyanatlar verib. Onun sözlərinə görə, İlham Əliyev Qarabağda ermənilərin öz müqəddəratını təyin etmə halının davam etdirilməsinin vacibliyini vurğulayıb. Mətyu Brayzanın fikrincə, bu mövqelərin yaxınlaşması, konstruktiv...


(Sualı yarımçıq kəsir)
- Bilirsiniz nə var, siz jurnalistlər də qəribə suallar verirsiniz. Qoy Brayza Ermənistan prezidentinin mövqeyi ilə bağlı bir şey deyəydi ki, o, yaxınlaşma üçün hansı addımı atır? Azərbaycan prezidenti bunu dəfələrlə deyib ki, bəli, biz orada müqəddəratla bağlı mövqeni tanıyırıq, amma bu, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır. Amma bu gün belə çıxır ki, Azərbaycan ərazisini işğal etmiş bir dövləti, ümumiyyətlə Ermənistanın mövqeyini daha yumşaq göstərmək üçün belə yanlış məlumat vermək lazımdır? Belə məlumat verməklə həmsədrlər Ermənistanı dünya birliyinə konstruktiv dövlət kimi təqdim edirlər. Bu nə üçün belə olmalıdır? Mən yenə deyirəm – burda ikili standart özünü göstərir və hətta, ola bilsin ki, xristian təəssübkeşliyi də çox təəssüf ki, qabarıq şəkildə nümayiş etdirilir.

- Ermənistan hansı təklifdən imtina edir?

- Ermənistan ümumiyyətlə münaqişənin nizamlanmasından imtina edir və Azərbaycan torpaqlarına iddia edir ki, bunlar ya müstəqil dövlət olmalıdır, ya da Ermənistana anneksiya edilməlidir. Budur. Bundan da dönmək istəmir. Bunu isə həmsədrlər belə başa düşürəm ki, heç həmsədrlər nəzərə almaq istəmirlər. Bəyanat verib bunun haqqında mövqe bildirmək istəmirlər. Onda onların vəzifələri nədən ibarətdir? Beynəlxalq hüquq deyilən bir anlayış var. Onun norma və prinsipləri var. Onları ABŞ, Rusiya və Fransa ortaya qoyublar. Onlar bunu nə üçün pozurlar? Bunu niyə pozmalıdırlar? Söhbət bundan gedir.

- Belə çıxır ki, təməl prinsiplər üzrə heç bir razılaşma yoxdur?

- Təməl prinsiplər üzrə bir razılaşma olsaydı, Azərbaycan prezidenti razılaşardı, Ermənistan prezidenti ilə birlikdə bəyanat verərdi. Lakin Ermənistan prezidenti qalıb orda, həmsədrlərlə məsləhətləşib, özlərinə uyğun bəyanat veriblər. Azərbaycan prezidenti isə heç bir nəticə olmadığı üçün oranı tərk etdi, yəni görüşdən sonra birbaşa çıxdı getdi. Jurnalistlərlə özü görüşüb, çox da yaxşı danışa bilərdi. Buna heç bir problem yox idi.

- Bəs ümumiyyətlə, Azərbaycan prezidentinin ölkə ictimaiyyəti ilə bu məsələni müzakirə etmək planı varmı. Yəni təkliflər nədən ibarətdir...

(Sualı yarımçıq kəsir)
- Bunlar artıq əlavə suallardır. Siz lazım olmayan suallar verirsiniz. Siz sualları həmsədrlərə verin, ABŞ nümayəndələrinə verin, bir deyin görüm bu münaqişənin həlli ilə bağlı bir addım atmaq istəyirlər, ya yox. Tərəfsiz mövqe tutmaq istəyirlər, ya yox. Amma indi Azərbaycan prezidenti hansı addımı atmaq istəyir, bu düzgün deyil. Bunların hamısını Azərbaycan prezidenti özü bilir.

- Bəs bilmək olarmı ki, Azərbaycan prezidentinin razılaşdığı təməl prinsiplər hansılardır?

- Yox, demək olmaz bunu. Gedin o tərəfdən soruşun. Biz mövqeyimizi açıq şəkildə demişik. Biz ermənilərə ərazi vermək niyyətində deyilik və bu, heç vaxt olmayacaq. Dünya birliyi, həmsədrlər nə qədər kömək edirlər, etsinlər, bu, heç vaxt baş tutmayacaq.

- Azərbaycanın Minsk prosesindən imtina etməsi mümkündürmü belə olan halda?


- Bu sualları qoyun qalsın, hələlik lazım deyil. Mənə elə gəlir mən sizin suallara cavab verdim. Hələlik, sağ olun.
XS
SM
MD
LG