Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:06

Xaricdə təhsil dövlət proqramı şəffafdırmı?


Etibar Əliyev
Etibar Əliyev
Təhsil Nazirliyinin beynəlxalq əlaqələr şöbəsindən verilən məlumata görə, bu il 200-ə yaxın gənc xarici ölkələrdə təhsil almağa göndəriləcək. Dövlət proqramına əsasən, onların təhsil, yaşayış haqqını dövlət ödəyir və təqaüd verir. Ruslan Əsədov da həmin 200 nəfərdən biri olmaq istəyir. O artıq Britaniya universitetlərindən birinə qəbul olunub və təhsilinin maliyyələşdirilməsi üçün müraciət edəcək. Baxmayaraq ki, bir dəfə dövlət proqramında iştirak edib və nəticə onun üçün uğurlu olmayıb:

«Birinci, ikinci turlarda iştirak etdim, komissiya üzvləriylə görüş də oldu, çox normal söhbət getdi, qəbul da olundum, sadəcə, mən qəbul olunduğum müddətdə Amerikada təhsil almaq üçün bir proqramdan da keçmişdim. Bu haqda onlara da dedim, bundan sonra yerimə başqa birini göndərdilər. Məni narahat edən odur ki, bu haqda mənə yazılı məlumat verilmədi və səbəbləri də göstərilmədi».

Azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil almaları üçün dövlət proqramı 2007-ci ildə qəbul olunub. Bu proqram bütövlükdə 2015-ci ilə qədər olan dövrü əhatə edəcək. Proqrama əsasən 8 il ərzində 5 min azərbaycanlı gəncin xarici ölkədə təhsil alması nəzərdə tutulub. Xaricdə təhsil almaq üçün gənclər iki yolla müraciət edir. Azərbaycanda ali məktəblərə qəbulla bağlı testdən 600 bal toplayan gənclərə dövlət universitetlər təklif edir və ya özü xarici universitetlərə qəbul olunanları maliyyələşdirir.

Dövlət proqramı çərçivəsində bakalavr pilləsi üzrə 29 yaşına qədər, magistratura pilləsi üzrəsə 35 yaşına qədər vətəndaşlar müraciət edə bilər. Bu proqramla təhsil alan şəxs mütləq Azərbaycanda 5 il fasiləsiz işləməlidir.

Vüsalə Səfərova bu proqramdan keçsə də, 5 il məsələsinə görə, sonradan təhsildən imtina edib:

«Mən qəbul olundum, ancaq şərtlər əvvəlcədən aydın deyildi. Məsələn, mən bilmirdim ki, oxuyub qurtarandan sonra 5 il Azərbaycanda işləməliyəm. Bu, çox uzun müddətdir. Bəlkə elə imkan oldu ki, təcrübə üçün başqa ölkədə qalmalı oldum, 5 il ərzində daha yaxşı imkanlar çıxdı. Ondansa hökumət elə şərtlər yaratsın ki, məzunlar özləri qayıtsın, bu, məcburi olmasın. Həm də eşitmişdim ki, bəzən təhsil haqqını gecikdirirlər, ona görə narahat oldum. Arxayınçılıq üçün başqa bir layihəylə xaricdə oxudum, ancaq deyim ki, dövlət proqramıyla çox yaxşı universitetlərə göndərirdilər».

Təhsil Nazirliyindən verilən məlumata görə, proqramın səmərəli həyata keçirilməsi üçün nazirlik müxtəlif ölkələrin tərəfdaş qurumları və ali məktəbləri ilə əməkdaşlıq edir. Proqrama əsasən Fransanın KNOUS, Almaniyanın Akademik Mübadilə Xidməti (DAAD) və ABŞ Dövlət Departamentinin «Fulbrayt» proqramı ilə əməkdaşlığın hüquqi bazası yaradılıb.

ABŞ Dövlət Departamentinin illik insan haqları hesabatının Azərbaycana aid hissəsində deyilir ki, bəzi yerli müşahidəçilər dövlət xəttiylə xaricdə oxumağa göndərilənlərin seçimindən narahatdır.

«21-ci əsr» Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev də deyir ki, xarici universitetlərə seçim qapalı keçirildiyindən, QHT-lərin iştirakına yol verilmədiyindən burada müəyyən qərəzliliyə yol verilə bilər:

«Şəffaflıq gözlənilməyə, seçimdə nöqsanlar ola bilər».

Təhsil Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Qulu Novruzovsa iradlarla razı deyil:

«Bu prosesi Almaniyadan, Fransadan, Koreyadan olan mütəxəssislər aparır. Əgər kimsə Koreyadan gəlmiş professorun Almaniyadan, Fransadan olan ekspertlərin seçiminə şübhə edirsə, mənim deməyə sözüm yoxdur. Əgər bu adam dili yüksək səviyyədə bilmirsə, 550 baldan aşağı balla sənədi götürülmürsə, kimə, necə tapşırıla bilər. Təbii ki, məğlub olan həmişə iddialar qaldırır».

Keçən il 100 gənc xaricdə təhsil proqramıyla oxumağa göndərilib. Seçimi isə yüksək vəzifəli məmurların daxil olduğu Prezident yanında Təhsil Komissiyası təsdiqləyib.
XS
SM
MD
LG