Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:35

Beynəlxalq təşkilatların sükutu nədən xəbər verir?


«Yüzə yaxın gənc tutuldu. Mən də daxil olmaqla nə qədər gənc döyüldü. Qızların başı yarıldı. Buna hələ də reaksiya yoxdur»
«Yüzə yaxın gənc tutuldu. Mən də daxil olmaqla nə qədər gənc döyüldü. Qızların başı yarıldı. Buna hələ də reaksiya yoxdur»
- Yüzə yaxın gənc tutuldu. Mən də daxil olmaqla nə qədər gənc döyüldü. Qızların başı yarıldı. Buna hələ də reaksiya yoxdur. Mən bunun səbəbini izah etməyə söz tapmıram. Elə bil Azərbaycan hökuməti ilə münasibətlərə görə, biz gəncləri tapdaladılar. Ona görə də biz indi yalnız özümüzə inanırıq…

Bu, Azərbaycan Xalq Cəbhəsi Partiyası Gənclər Komitəsinin üzvü Elçin Həsənovun Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlardan narazılığının ifadəsidir. O, mayın 10-u bir qrup gəncin «gül bayramı»nın keçirilməsinə etiraz aksiyasını yada salır və aradan dörd gün keçməsinə baxmayaraq, beynəlxalq təşkilatların bu hadisələrə hələ də reaksiya verməməsindən şikayətlənir.

Elçin Həsənov deyir ki, ABŞ-ın Bakıdakı səfirliyini çıxmaqla beynəlxalq təşkilatlardan heç biri mayın 10-u baş verən polis özbaşınalığına münasibət bildirməyib. Onun fikrincə, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların bu prosesləri sükutla izləməsi ikili standartlardan xəbər verir.

Əslində, rəsmilərin də dilindən tez-tez beynəlxalq təşkilatların ikili standartla fəaliyyət göstərməsi ilə bağlı fikirlər səslənir. Hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov deyir ki, bəzi beynəlxalq təşkilatlar Azərbaycanda gedən proseslərə qərəzli münasibət bəsləyirlər. Ancaq B.Sadıqov son dövrlər beynəlxalq təşkilatların münasibətində müəyyən dönüşün olduğunu da etiraf edir:

- Artıq bəzi beynəlxalq təşkilatlar daha düzgün mövqe sərgiləməkdədirlər. Bu mənada onların həmin hadisəyə reaksiya verməmələrini çox təbii qarşılayıram. Düşünürəm ki, biz bütün bu baş verənlərə daha təmkinli yanaşmalı və terrora qarşı birgə çıxış etməliyik.

«Zerkalo» qəzetinin şərhçisi Rauf Mirqədirov isə beynəlxalq təşkilatların fəallığının azalmasını əsasən iki amillə izah edir. Birincisi, onun fikrincə, artıq beynəlxalq təşkilatların mövqeləri nəzərə alınmır. İkincisi isə onlar özləri demokratik dəyərlərin yayılmasında prinsipiallıq nümayiş etdirmək istəmirlər.

R.Mirqədirov düşünür ki, artıq beynəlxalq təşkilatlar dilemma qarşısında qalıblar. Ya ciddi sanksiyalar tətbiq etməli ya da avtoritar rejimlərə dözüm nümayiş etdirməlidirlər.

Onun fikrincə, beynəlxalq təşkilatlar artıq daha çox dözüm nümayiş etdirməyə üstünlük verirlər:

- Bu siyasət o vaxta kimi davam edəcək ki, hakimiyyət geopolitik məsələlərdə Qərbin aparıcı ölkələrinin maraqlarına qarşı çıxacaq. Əgər geopolitik məsələlərdə də sapmalar olsa, Qərb insan hüquqlarının, əsas azadlıqların müdafiəsinə qalxacaq.

R.Mirqədirovun fikrincə, keçmiş postsovet məkanındakı hakimiyyətlər yaxşı başa düşürlər ki, hələ ki, siyasət bəşəri dəyərləri üstələyir. Bu da onlara çox ciddi manevr imkanları yaradır.

Mayın 10-da baş verənlər və bu hadisələr ətrafında dəyərləndirmələrlə bağlı beynəlxalq təşkilatların Bakıdakı nümayəndəliklərinin də mövqeyini öyrənməyə çalışdıq. Günün ikinci yarısı rəyini öyrənə bildiyimiz ATƏT-in Bakı ofisinin Mətbuat və İnformasiya İdarəsinin rəhbəri Rəşad Hüseynov dedi ki, onlar bütün bu prosesləri daim diqqətdə saxlayırlar:

- Biz hesab edirik ki, demokratiyanın fundamental prinsiplərindən olan sərbəst toplaşmaq azadlığı təmin edilməlidir. Hüquq-mühafizə orqanları kütləvi aksiyalar zamanı nümayişçilərə qarşı təmkinlilik nümayiş etdirməlidirlər. ATƏT-in Bakı ofisi bununla bağlı polislər və Daxili Qoşunların zabitləri üçün təlimlər keçib. Orda qeyd etmişik ki, kütləvi aksiyalar zamanı nümayişçilərə qarşı yalnız müvafiq, ehtiyatlı və proporsional tədbirlər görülməlidir. Üstəlik, hesab edirik ki, bu tədbirlərin də görülməsi zamanı insan hüquqlarının müdafiəsi əsas meyar kimi götürülməlidir.

Avropa Şurasının Bakı ofisindən cavabı isə yalnız günün sonunda ala bildik. Yazılı şəkildə verilən qısa cavabda qeyd edilirdi ki, Avropa Şurası 2009-cu il mayın 10-da Bakıda baş verən olayları izləyib. Qərar verən orqanı Strasburqda təmsil olunmuş üzv ölkələrdən ibarət olduğu üçün bəyanat vermək Avropa Şurasının yerlərdəki ofislərinin təcrübəsinə aid deyil.
XS
SM
MD
LG