Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 00:45

Qobudakı yeni zooparkdan nə xəbər var?


Hazırkı Bakı zooparkı 1984-cü ildən metronun «Gənclik» stansiyasının yaxınlığında fəaliyyət göstərir
Hazırkı Bakı zooparkı 1984-cü ildən metronun «Gənclik» stansiyasının yaxınlığında fəaliyyət göstərir
Fil, zürafə kimi başqa qitələrə aid heyvanları Bakı sakinləri iki il sonra təkcə televiziyadan yox, həm də canlı görə biləcəklər. Bakının Qobu kəndi ərazisində 230 hektar sahədə yeni zooloji parkın salınmasına başlanıb.

Yeni zooparkın salınması ilə bağlı prezident İlham Əliyev ötən il dekabrın 26-da sərəncam imzalayıb. Artıq bundan ötrü Prezidentinin Ehtiyat Fondundan 2.85 mln. manat vəsait də ayrılıb. Layihənin icrası ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyində Milli Elmlər Akademiyasının nümayəndələrindən ibarət işçi qrup yaradılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyir ki, zooloji parkda bioloji müxtəlifliyə və xüsusən də nəsli kəsilməkdə olan heyvanların qorunmasına önəm veriləcək:

«Bu parkda nəsli kəsilməkdə olan canlılar peşəkarcasına çoxaldılaraq təbiətə qaytarılacaq».

Heyvanlar qəfəsdə saxlanmayacaq.

Yeni zooparkı fərqləndirən bir xüsusiyyət də buradakı istirahət mərkəzləri olacaq. Parkda həm də beşulduzlu otelin tikilməsi də nəzərdə tutulur. Binaların üzərində isə Qobustan qayaüstü rəsmləri, orta əsr miniatür sənəti və Azərbaycanın heyvanat aləminin tarixi inkişaf dövrü əks olunacaq. Digər fərq isə heyvanların tam bağlı qəfəslərdə deyil, yarım-sərbəst şəkildə saxlanmasıdır.

Ora gediş-gəliş də çətin olmayacaq

İradə İbrahimova deyir ki, Bakıya yaxın olduğuna görə zooparkın tikiləcəyi yer kimi Qobu seçilib. Seçimdən öncə ölkə ərazisində monitorinq aparılıb. Nazirliyin nümayəndəsi deyir ki, zooparka gediş-gəliş çətin olmayacaq. Lazım gələrsə, Bakının mərkəzlərindən zooparka gedəcək marşrutların ayrılması da mümkündür.

Hazırkı zooparkın gələcək taleyi məlum deyil

İradə İbrahimova hazırda fəaliyyət göstərən zooparkın təmsil etdiyi quruma tabe olmadığı üçün gələcək aqibətindən xəbərsizdir.

Heyvanxananın direktoru Azər Hüseynov da deyir ki, hazırkı zooparkın gələcək taleyi ilə bağlı onlara heç bir məlumat verilməyib.

Hazırkı Bakı zooparkı 1984-cü ildən metronun «Gənclik» stansiyasının yaxınlığında fəaliyyət göstərir. Zoopark cəmi 4.25 hektar ərazini əhatə edir. Burada 170 növdə 1200-dən çox heyvan, quş, sürünən və balıqlar var.
XS
SM
MD
LG