Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:14

Bakıda çanaq antenaların yığışdırılmasına başlanıb


Antenaların yığışdırılmasına dair göstəriş mayın 20-də verilib
Antenaların yığışdırılmasına dair göstəriş mayın 20-də verilib
Bakının mərkəzi küçələrindən çanaq antenalarının yığışdırılmasına başlanıb. Nəsimi rayon 49 saylı Mənzil İstismar Cahəsindən (MİS) deyirlər ki, onlara belə bir göstəriş «yuxarıdan» verilib. Elə antenaları da MİS-lər yığışdırır. Üzeyir Hacıbəyov küçəsində «Cavanşir» körpüsünün yaxınlığındakı beşmərtəbəli binanın çanaq antenaları artıq mayın 20-dən sökülməyə başlanıb. Qoparılan antenalar isə necə gəldi yaşayış binasının üstünə atılıb. Bu isə binada yaşayanların narazılığına səbəb olub. Sakinlər deyirlər ki, onlara bu barədə heç bir xəbərdarlıq edilməyib. Əgər edilsəydi, özləri antenaların yerini dəyişərdilər:

«Qalmışıq informasiya blokadasında, dünəndən bilmirik ölkədə, dünyada nələr baş verir. Elə gəldilər sökdülər, dedilər ki, binanın fasadını korlayır. Dedilər özünüz quraşdırın».

Sakinlər deyirlər ki, onlara bildiriblər ki, prezidentin hər gün işə gedib gəldiyi yolda belə səliqəsizlik yolverilməzdir və ona görə də binanın fasadındakı bütün antenalar sökülməlidir. Bəzilərinin dediyinə görə, bu, binaların fasadlarının təmir olunacağıyla bağlıdır.

Mən həmin ünvanda olanda qonşular ustalarla qoparılıb atılmış antenaları binanın yoldan görünməyən hissələrinə, əsasən də tüstü bacalarına quraşdırmaqda idilər. Ustalarla söhbətdən aydın oldu ki, sökülmüş antenaların yenidən quraşdırılması üçün adamlardan 10 manatdan tutmuş 50 manata qədər pul alırlar.

49 saylı MİS-in əməkdaşları «Azadlıq» radiosuna deyiblər ki, antenaların yığışdırılmasına dair göstəriş mayın 20-də verilib. MİS-dən onu da bildirdilər ki, mərkəzi küçə və prospektlərdə təkcə çanaq antenaları yox, kondisionerlər, eyvanlara paltar sərilməsi üçün çəkilən iplər də yığışdırılacaq.

49 saylı MİS-dən onu da dedilər ki, bir müddət əvvəl Bakıdakı Gənc Tamaşaçılar Teatrı ilə üzbəüz binada da çanaq antenaları fasaddan yığışdırılaraq binanın üzərində quraşdırılıb.

Hüquqşünas İradə Cavadova hesab edir ki, binaların fasadlarının təmizlənməsi normal haldır, amma yaxşı olar ki, bu barədə vətəndaşlara əvvəlcədən xəbərdarlıq edilsin və bu işin həyata keçirilməsi üçün müəyyən müddət təyin edilsin:

«Gecə yatırlar, səhər dururlar ki, antenaları çıxarmaq lazımdır. Burda bir qərar olmalıdır, əhali xəbərdar edilməlidir. Belə bir təmizləmə isə istehlakçıların hüquqlarının kobud şəkildə pozulmasıdır».

Multimedia Araşdırmaları Mərkəzinin rəhbəri Osman Gündüz isə hesab edir ki, çanaq antenaları insanların informasiya almaq vasitəsi olduğundan bunun xəbərdarlıq edilmədən sökülməsi ciddi qanun pozuntusudur.

Onun sözlərinə görə, bu kimi tədbirlər görüləndə istehlakçılara əvvəlcədən xəbərdarlıq edilməli və insanların şəxsi əmlakına hörmətlə yanaşılmalıdır. Sökülən antenaların vətəndaşların öz vəsaitləri hesabına yenidən quraşdırılması isə daha bir qanun pozuntusudur.

Çanaq antenaların binaların fasadlarından yığışdırılması və eyvanlara paltar sərilməsi Naxçıvan Muxtar Respublikasında ötən ildən qadağan edilib. Hətta eyvandan paltar asmaya görə 500 manata qədər cərimə də müəyyən edilib. «Azadlıq» radiosunun Muxtar Respublikadakı müxbirinin dediyinə görə, sahə polisləri bu işə ciddi nəzarət etməkdədirlər.
XS
SM
MD
LG