Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 08:21

Neft şirkəti insan haqları fəallarının ölümündə günahlandırılır


«Shell» iddiaları təkzib edir
«Shell» iddiaları təkzib edir
14 il əvvəl Nigeriyada hakimiyyətdə olan hərbi xunta ətraf mühit və insan haqları fəalı Ken Saro Viva və 8 tərəfdaşını edam etdi. Gələn həftə Nyu- York Federal Məhkəməsi «Royal Dutch Shell» şirkətinin bu qətldə əli olmasıyla bağlı iddiaları araşdıracaq.

Edam olunan Ken Saro Vivanın ailəsi sözügedən şirkəti ictimai fəalların səsini batırmaq üçün Nigeriya hakimiyyəti ilə işbirliyi qurmaqda, Nigeriya iqtidarına hərbi və maddi yardımlar etməkdə və dinc əhaliyə qarşı törədilən cinayətlərdə iştirakçı olmaqda ittiham edir.

«Shell» Nigeriyadakı hərbi rejimlə əməkdaşlıq edib

Ken Saro Viva 90-cı illərdə Nigeriyadakı hərbi rejimə qarşı müqavimət hərəkatının rəhbərlərindən sayılırdı. O, təkcə hərbi rejimi tənqid etmirdi. Həm də Nigeriyanın neft-qaz yataqlarını istismar edən «Shell»i ətraf mühitə ziyan vurmaqda, meşələri qırmaqda və neft-qaz kəmərləri çəkmək üçün bütöv qəbilələri evlərindən qovub, dinc əhalini qıran Nigeriya rejiminə yardım etməkdə ittiham edirdi.

Nyu-York məhkəməsinə təqdim olunan iddiaya görə, 90-cı ildə müqavimət hərəkatının getdikcə geniş vüsət almasını və beynəlxalq aləmdə də səs-küyə səbəb olmasını görən «Shell»in rəhbərləri bunun şirkətin imicinə ziyan vuracağını görüb, ictimai fəalları susdurmaq üçün Nigeriyadakı hərbi rejimlə əməkdaşlıq edib.

Bundan ötrü şirkətin hətta Nigeriya hökumətinə vertolyotlar və hərbi texnika da almağa kömək etdiyi iddia olunur. Hökumətin 1994-cü ildə keçirdiyi əməliyyatlardan sonra Saro Viva və 8 tərəfdaşı həbs olunur və 1 il sonra onları edam edirlər.

İddiaya görə, «Shell» hətta məhkəmənin gedişinə də müdaxilə edib. Azı iki şahidə Saro Viva əleyhinə yalan ifadə verməsi üçün rüşvət verib. Və məhkəmənin həbs olunanlar barəsində edam hökmü çıxarmasına və hökmün icrasına çalışıb. Hətta Saro Vivaya da təklif ediblər ki, əgər onlara qarşı fikirlərindən imtina etsə, azad olunması üçün cəhd göstərə bilərlər.

«Shell» iddiaları təkzib edir


«Shell»in rəsmiləri isə bu ittihamları tamamilə təkzib edirlər. Şirkətin sözçüsü Sten Meys ittihamları «saxta və əsassız» adlandırıb. Onun sözlərinə görə, əksinə şirkət həmin vaxt cəza alanların əfvi üçün Nigeriya rəhbərliyinə müraciət edib. Sadəcə, müraciətlərinə qulaq asan olmayıb, Saro Viva və tərəfdarlarını edam ediblər.

Məhkəmə «Shell»ə qarşı qərar versə, bütün dünyadakı neft şirkətləri özünü yığışdıracaq


«Human Rights Watch» beynəlxalq insan haqları təşkilatından Arvind Qanesanın fikrincə, əgər məhkəmə «Shell»ə qarşı bu ittihamları qəbul etsə, bu, bütün dünyadakı neft şirkətlərinin insan haqlarının pozulmasına göz yumması və ya bu cür rejimləri dəstəkləməsi təcrübəsinə son qoya bilər.

Son illər bütün dünyada neft şirkətlərinə qarşı qaldırılan iddiaların sayı artıb

Məsələn, ABŞ-ın «Chevron» şirkəti Ekvadorda ətraf mühiti çirkləndirməkdə və insanların ölümünə bais olmaqda ittiham edilir. Artıq bununla bağlı məhkəmə iddiası qaldırılıb və şirkətin 27 milyard dollar cərimə edilməsi gözlənilir.

«Chevron»nu 1998-ci ildə şirkətə etiraz edib, barjı ələ keçirən bir qrup nigeriyalının güllələnməsinə səbəbkar olmaqda da ittiham edirdilər.

İndoneziyada isə «Exxon Mobil» şirkəti əyalətlərin birində onlara qarşı çıxan kəndlilərə divan tutulmasında iştirakda ittiham olunur.

2004-cü ildə Kaliforniya məhkəməsi «Unocal» şirkətini Birmada kəmər çəkilişində qul əməyindən istifadə etməkdə günahkar bilib, kompensasiya ödəməyə məcbur etmişdi.
XS
SM
MD
LG