Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:34

Əhməd Davudoğlu Bakıya nəyə gəlib?


«Bölgədəki aktyorlara, xüsusilə də Ermənistana mesajımız çox açıqdır»
«Bölgədəki aktyorlara, xüsusilə də Ermənistana mesajımız çox açıqdır»
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərindən az keçmiş bu ölkənin yeni Xarici İşlər naziri Əhməd Davudoğlu Azərbaycana gəldi. Ə.Davudoğlu deyir ki, azərbaycanlı həmkarı Elmar Məmmədyarovla ikitərəfli münasibətlər, o cümlədən enerji məsələləriylə bağlı müzakirələr aparıb və hər sahədə hər şeyin qaydasında olduğuna bir daha əmin olub.

Bəs Türkiyə Xarici İşlər nazirinin Baş nazirdən dərhal sonra Azərbaycana gəlməsi, yüksək səviyyədə görüşlər keçirməsi hansı zərurətdən yaranıb?

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, nazirin bu səfərini Türkiyədə illərcə oturuşmuş bir ənənəyə sadiqlik kimi də yozmaq olar:

- Türkiyənin xarici siyasətində iki önəmli maddə var. Kıbrıs və Azərbaycan. Əhməd Davudoğlu öncə Kıbrısa sərəf elədi, sonra da Azərbaycana. Bu, sadliqliyi göstərir.

Nazir Əhməd Davudoğlu isə özü səfərinin məqsədini bir mesajla ifadə edir:

- Azərbaycanın istiqlalı, torpaq bütövlüyü bizim üçün önəmlidir. Azərbaycanın güclü olması Türkiyənin güclü olmasıdır. Azərbaycanlı qardaşlarımız müstəqil olmalıdır ki, Türkiyə hər zaman Azərbaycanın yanında olsun.

«TÜRKİYƏ SİYASƏTİNİ UZLAŞDIRMAQ İSTƏYİR»

Ekspert Zəfər Quliyev isə Xarici İşlər nazirinin Azərbaycana səfərini Türkiyənin Dağlıq Qarabağ probleminin həllində irəliləyişə nail olmağa can atması kimi izah edir. Onun fikrincə, Türkiyə Ermənistanla sərhədlərini açmaqla paralel Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışır və bu siyasətini uzlaşdırmaq istəyir:

- Türkiyə Ermənistanla münasibətlərin düzəlməsinin əsas şərti kimi doğrudan da Dağlıq Qarabağ məsələsində hansısa ciddi irəliləyişə nail olmaq istəyir.

Çıxışında Türkiyə-Ermənistan sərhədləri mövzusuna toxunmayan Əhməd Davudoğlu, Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı nikbinliyini gizlətmir. Türkiyə xarici siyasət idarəsinin rəhbəri deyir ki, onlar Azərbaycan və Ermənistan prezidentlərinin iyunda gözlənən görüşünü bu munaqişənin həllində bir fürsət sayırlar.

Əhməd Davudoğlunun fikrincə, bölgədə donmuş münaqişələr partlamamış bombaya bənzəyir. Ona görə də Türkiyə regionda barışa nail olmaq istəyir:

- Bölgədəki aktyorlara, xüsusilə də Ermənistana mesajımız çox açıqdır. Bölgənin işğallardan, gərginliklərdən, yüksək təzyiqlərdən qurtulması lazımdır. Bölgənin dondurulmuş problemlərini həll etməyin yolu bu problemləri davam etdirməkdə deyil, ikitərəfli və çoxtərəfli əlaqələri hərəkətə gətirməkdədir. Artıq bölgəmizin gələcəyini birlikdə cızmağımız lazımdır. Türkiyənin Qafqaz Sabitlik və Əməkdaşlıq Platformasını təklif etməsinin səbəbi də budur. Biz regionun iqtisadi baxımdan inkişaf etmiş, daxili ixtilaflardan təmizlənmiş bölgə olmasını istəyirik. Təbii ki, işğal olunmuş Azərbaycan torpaqlarının boşaldılmasını, Dağlıq Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını əsas məsələ sayırıq. Bu məsələdə hər kəs əlindən gələni etməlidir.

ƏHMƏD DAVUDOĞLU QAZLA BAĞLI SUALI AXIRA QƏDƏR DİNLƏMƏDİ

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu nazirin prezidentlərin Rusiyada gözlənən görüşünə ümidlə baxmasına əsas görmür. Onun fikrincə, Praqa görüşü nəticəsiz qaldığı kimi, Sankt-Peterburqdan da yaxşı xəbər gözləməyə dəyməz:

- Çünki Azərbaycan tərəfi vurğulayır ki, heç bir irəliləyiş yoxdur.

Amma ekspert Zəfər Quliyev bunun əksini düşünür. O hesab edir ki, Azərbaycan və Ermənistan prezidentləri gözlənən görüşdə bir addım qabağa gedə bilərlər, əgər Rusiya mane olmasa:

- Rusiya doğrudan da maraqlı olsa, hansısa bir irəliləyişə Ermənistanı, Azərbaycanı dəvət etsə, onda Sankt-Petreburqda nəsə əldə etmək olar.

Əhməd Davudoğlu Elmar Məmmədyarovla birlikdə keçirdiyi brifinqdə yalnız Dağlıq Qarabağla bağlı sualı cavablandırdı. İkinci sual isə ağızda qaldı. Bu, qaz məsələsiylə bağlı sual idi və nazir bu sualı axıra qədər dinləmədi. Bəzi Türkiyə ekspertləri isə hesab edirlər ki, Əhməd Davudoğlunun səfəri Ankaranın Bakıdan aldığı qazın həcmini artırmaq istəyiylə bağlıdır .

Bu, ekspertlərin fikri. Siz necə düşünürsünüz?
XS
SM
MD
LG