Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 20:10

Özbək rəsmilərinin iddialarını Qırğızıstan təkzib edir


Özbəkistan-Qırğızıstan sərhədi, 26 may 2009
Özbəkistan-Qırğızıstan sərhədi, 26 may 2009
Özbəkistan-Qırğızıstan sərhədində polis postuna hücumdan dərhal sonra Daşkənddən regiona əlavə hərbi qüvvələr yeridilib. Hadisənin baş verdiyi Xanabadda yaşayanların sözlərinə görə, əsgərlərdən əlavə qəsəbəyə hərbi texnika da gətirilib.

MƏLUMATLAR BİR-BİRİNİ TƏKZİB EDİR?

Qırğız mediasının yaydığı xəbərlərə görə, mayın 26-da silahlı şəxslər Özbəkistandan-Qırğızıstana keçmək istəyib, onları polis postunda saxlanılıblar və burdakı atışmada 4 polis öldürülüb.

Özbəkistan rəsmiləri isə hadisənin başqa cür baş verdiyini, silahlı şəxslərin Qırğızıstandan Özbəkistana keçmək istədiyini bildiriblər. Atışmanın olmasını təsdiqləyən rəsmi Daşkənd, 4 polisin həlak olmasını təkzib eləyir.

Amma Özbək rəsmilərinin iddialarını bu dəfə də Qırğızıstan tərəfi təkzib eləyib. Qırğızıstan Sərhəd Qoşunlarının rəisinin 1-ci müavini Çolponbek Turusbekov deyib ki, hadisə tamamilə Özbəkistanın içində baş verib, Qırğızıstandan ora heç kim keçməyib:

«Mən aydınlıq gətirmək istəyirəm istəyirəm ki, Qırğız Sərhəd Xidməti rəsmən Daşkəndin informasiyasını təkzib eləyir. Qırğızıstandan Özbəkistan sərhədinə bir nəfər də olsun silahlı şəxs keçməyib. Bütün hadisələr Özbəkistanın daxilində baş verib. Biz sərhədin özümüzə aid olan tərəfinə tam nəzarət eləyirik. Amma Özbəkistan tərəfdən sərhədi hələ də bağlı saxlayıblar».

Özbəkistanla Qırğızıstan arasındakı sərhəd-keçid məntəqələri atışmadan bir müddət sonra bağlansa da, mayın 27-dən gücləndirilmiş nəzarət rejimində açılıb.

YENƏ FƏRQANƏ VADİSİ

Amma Xanabaddakı polis postuna hücumla eyni gündə, Özbəkistanda başqa bir qanlı hadisə də baş verib. Fərqanə vadisindəki Əndican şəhərində intiharçının bomba partlatması nəticəsində bir polis həlak olub, bir neçə nəfər də yaralanıb.

İndi rəsmi Daşkənd bu hücumlarda Özbəkistan İslamçı Hərəkatını ittiham edir. Ancaq bu hərəkatın indi belə aksiyalar törətmək üçün imkanlarının olmasına çoxları şübhə eləyir. Üstəlik, hər iki hadisəyə görə məsuliyyəti Hərəkatdan ayrılan İslami Cihad Birliyi üzərinə götürüb.

Bu hadisələrdən sonra çoxları regionun ən gərgin bölgəsi sayılan Fərqanədə vəziyyətin yenidən gərilməyə başladığını düşünür. 2005-ci ildə burda baş verən hökumət əleyhinə nümayişlərdən sonra, İslam Kərimov hökuməti regiona qoşun yeridib, islamçıların üsyanının yatırmaq adıyla dinc əhaliyə atəş açmışdı. Nəticədə rəsmi rəqəmlərə görə 180 nəfər həlak olmuşdu.

MƏSULİYYƏT KİMİN ÜZƏRİNDƏDİR?

İndi İslam Kərimov yenə Fərqanə vadisində baş verən hücumları islamçıların törətdiyini iddia eləyir. Ancaq regionu tanıyan bir çoxları Özbəkistan İslam Hərəkatını ittiham eləməyi düzgün saymır. Vaşinqtondan Alex Vatanka deyir ki, bu hərəkatın yaraqlılarını Əfqanıstandakı NATO qoşunları, siyasi qalıqlarını isə Orta Asiya dövlətlərinin özləri demək olar ki, darmadağın eləyib. Hərəkatdan qalan çox kiçik qruplar isə Pakistanın nəzarətsiz ərazilərinə sığınıblar:

«Günahı Özbəkistan İslam hərəkatı, və ya hansısa islamçı qrupun üzərinə yıxmaq üçün gərək əlimizdə faktlar olsun. Çünki onlar uzun müddətdir ki, səssiz olublar, hətta Özbək və Qırğız rəsmiləri də onları ciddi qəbul eləməyib. Burda çox şey baş verə bilərdi, mütəşəkkil cinayətkarlıqdan tutmuş, bu işlərlə bağlı olan Özbək və Qırğız gizli servislərinin üzvlərinin hesablaşması və s. Çünki biz bilirik ki, orda korrupsiya elə səviyyədədir ki, cinayətkar qruplar özbək və qırğız təhlükəsizlik qüvvələrini də ələ ala bilir. Bu da atışmaya səbəb ola bilərdi».

Əndicandakı intiharçı bomba partlayışını da islamçıların törətdiyinə inanalar azdır. Hətta məsuliyyəti İslami Cihad Birliyi üzərinə götürsə də. Çünki Birliyin nümayəndəsi hadisənin məsuliyyətinin üzərinə götürdüklərini mediaya açıqlasa da, hadisənin konkret necə baş verməsindən də xəbərsiz olub.

Məsələn Britaniyanın Daşkənddəki keçmiş səfiri Kreiq Murrey lap iddia eləyir ki, hadisəni Özbək hakimiyyətinin nəzarətində olan hansısa qrup törədib.
XS
SM
MD
LG