Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:37

Müstəqil olmalarını ermənilər və gürcülər daha geniş qeyd edir


Müstəqillik günü ilə bağlı hərbi parad. Tbilisi, 2008
Müstəqillik günü ilə bağlı hərbi parad. Tbilisi, 2008
Gürcüstan, Azərbaycan və Ermənistan 1918-ci ildə müstəqil dövlət qurmalarını təxminən eyni vaxtda qeyd edirlər, amma Azərbaycandan fəqrli olaraq gürcülər və ermənilər bununla bağlı bayramlarını daha təmtəraqla qeyd edirlər.

MÜSTƏQİLLİK GÜNÜNDƏN ƏZİZ ANCAQ BİR BAYRAM VAR

Tbilisidə adətən mayın 26-da möhtəşəm hərbi parad keçirilir. Məsələn, keçən il paradda 15 min hərbçi iştirak etmişdi. (Yəni Gürcüstan ordusunun təxminən yarısı). Paradda tanklar və təyyarələr də nümayiş etdirilmişdi.

Gürcülər həmin günü Müstəqillik günü kimi qeyd etməkdədirlər.Bu ən geniş qeyd edilən mülki bayramdı. Gürcülər bundan daha təmtəraqla ancaq İsa peyğəmbərin dirilməsi gününü keçirirlər. Müstəqillik günü münasibətilə kilsələrdə də Allaha dua edilir. Gürcü patriarxının təşkilatçılığı və iştirakı ilə.

Prezident Muxadverdidəki memorialın açılışında, 26 May 2009
1917-ci ildə Rusiya İmperiyasının süqutundan sonra gürcü, erməni və azərbaycanlılar nəhayət ki Zaqafqaziya Federasiyasında birləşmişdilər, amma 1918-ci il mayın 26-da federasiya dağıldı və ilk olaraq gürcülər özlərini müstəqil dövlət elan etdilər. Gürcü dövlətinin ömrü Azərbaycan Xalq Cümhuriyyətindən uzun olub – bolşeviklər Gürcüstanı 1921-ci ilin fevralında işğal ediblər.

“BELƏ ÇIXIR Kİ GÜRCÜLƏR SOVET DÖVRÜNDƏ MÜSTƏQİL OLUB”

Bir müddət əvvələcən Gürcüstanda debatlar gedirdi ki, müstəqillik günü 26 may olsun, yoxsa 9 aprel. Sovet İttifaqı dağılandan sonra gürcülər öz müstəqilliklərini aprelin 9-da bərpa ediblər.

Debatı qızışdıranlardan biri də 1991-ci ildə Gürcüstanın müstqəlilliyinin memarı olmuş Zviad Qamsaxurdiyanın qohumları və tərəfdarları idi. Onlar deyirdilər ki, əgər müstəqillik günü mayın 26-dısa, onda belə çıxır ki, gürcü xalqı sovet dövründə öz müstəqilliyi uğrunda mübarizə aparmayıb və bolşeviklərin rəhbərliyi altında müstəqil olub.

Amma indi kompromis variant kimi bu bayram 1918-ci ildə elan edilən dövlətin 1991-ci ildə bərpası kimi təqdim edilir.

GÜRCÜLƏRİN EYFEL QÜLLƏSİ

Bu il Tbilisidə ənənəvi parad son məqamda verilən qərarla keçirilməyib. Çünki ölkədə siyasi vəziyyət sabit deyil, hökumət ehtiyat edib ki, iki aya yaxındı ki, şəhərin mərkəzində öz etiraz aksiyaları ilə hegemonluq edən müxalifət paradda qarşıdurma yarada bilər. Müxalifət həmin gün “xalq paradı” adıyla Tbilisidəki “Dinamo” stadionunda prezident Saakaşvilinin istefası tələbilə etiraz aksiyası keçirib.

Tbilisidə müstəqlillik günü ilə bağlı hərbi parad. 2008.
Prezidentin özü isə Muxadverdidə keçən il Rusiya-Gürcüstan müharibəsində ölən əsgərlər üçün qardaşlıq məzarı yaxınlığında memorialın açılışında iştirak edib.

Bundan başqa bayram münasibətilə Saakaşvili Batumidə 130 metrlik “Azadlıq məşəli”nin təməlqoyma mərasiminə qatılıb. Prezident deyib ki, bu, Avropada ən hündür tikili olacaq və Abxaziyadan görünəcək. Saakaşvili bildirib ki, Eyfel qülləsi Fransanın rəmzi olduğu kimi “Azadlıq məşəli” də Gürcüstanın simvolu olacaq.

Bu il bayram bir qədər sönük keçsə də, keçən il Tbilisdə təşkil edilən konsertdə məşhur italyan müğənnisi Toto Kutunyo çıxış etmişdi, hətta gürcücə “Suliko” da oxumuşdu. Daha sonra atəşfəşanlıq olmuşdu.

ERMƏNİSTANDA PREZİDENT QONAQLIQ VERİR

Ermənistanda müstəqillik gününü Azərbaycan kimi mayın 28-də qeyd edirlər. Amma daha təmtəraqla. Əsas bayram tədbirləri Türkiyə sərhədinə yaxın Sardarabad şəhərində təşkil edilir. Ermənilər müstəqillik bayramını təkcə Tbilisidə Ermənistan Demokratik Respublikasının elan edilməsinin ildönümü olaraq yox, həm də elə həmin vaxt türk qoşunları ilə döyüşdə üstünlük qazanmalarının ildönümü kimi keçirirlər.

Ermənistan prezidenti Sarkisyan Sardarabaddakı tədbirlərdə. 28 may 2009
Ermənistan prezidenti və başqa siyasi qüvvələrin rəhbərləri Sardarabada gəlirlər, o vaxtkı döyüşlərdə həlak olanların qəbirlərinə gül qoyurlar.

Sardarabadda meydanda böyük süfrə açılır. Sardarabadın aid olduğu Armavir bölgəsinin şəhər və kəndləri hərəsi orda öz süfrəsini açır və prezident stolları bir-bir gəzərək süfrədəki yeməklərdən dadır, sağlıq deyir, toplaşanların bayramını təbrik edir. Amma adətən müxalifət və iqtidar nümayəndələri bu tədbirdə ayrı-ayrılıqda iştirak edirlər.

Yerevanda isə prezidentin özü də qonaqlıq verir, xarici səfirlər də tədbirə dəvət edilir. Amma tədbirə yalnız hakimiyyətə münasibətdə radikal olmayan müxalifət partiyalarının nümayəndələri dəvət edilir. Yerevanda bayram konserti də təşkil edilir.
XS
SM
MD
LG