Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:52

«Tənqidə bu qədər həssas yanaşmağın tərəfdarı deyiləm»


Əli Əhmədov «Amnesty International»ın hesabatının ölkənin imicinə təsir edəcəyinə inanmır
Əli Əhmədov «Amnesty International»ın hesabatının ölkənin imicinə təsir edəcəyinə inanmır
«Onların öz baxışları, yaxud hər hansı bir qrupun maraqlarını ifadə etmək məqamları da ola bilər. Ona görə də hər hansı bir tənqidə bu qədər həssas yanaşmağın da tərəfdarı deyiləm».

Hakim Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov «Amnesty International»ın insan haqlarının vəziyyəti ilə bağlı hesabatında Azərbaycan haqqında yer alan fikirlərə belə münasibət bildirib.

«Hər bir hökumət ilk növbədə ayrı-ayrı məqsədlərlə yaranmış təşkilatların söyləyə biləcəyi tənqidləri nəzərə alaraq yox, öz xalqının və dövlətinin maraqlarını nəzərə alaraq fəaliyyət göstərir. Azərbaycan hökuməti də bu cür işləyir. Və Azərbaycan vətəndaşlarının hökumətin fəaliyyətinə verdiyi qiymət istənilən təşkilatın və ya beynəlxalq qurumların verdiyi qiymətdən hökumət üçün də, Yeni Azərbaycan Partiyası üçün də qat-qat üstündür»-, deyə Ə.Əhmədov bildirib.

Belə hesabatlar Azərbaycanın imicinə təsir edə bilməsinə gəlincə, YAP rəsmisi bunu istisna edir:

«Hər bir dövlətin imici hər şeydən əvvəl onun iqtisadi qüdrəti ilə müəyyənləşir. Azərbaycanın iqtisadiyyatı gücləndikcə, ölkənin imici də bu qüdrətə uyğunlaşır. Bəzi məqamlarda elə Azərbaycanın iqtisadi cəhətdən güclənməsi bir çox təşkilatlar tərəfindən tənqid hədəfinə çevrilməsinə səbəb olur. Hesab etmirəm ki, hər hansı bir təşkilatın çoxlarının oxumadığı, heç xəbərləri olmadığı hesabatlarında Azərbaycanı məqsədli şəkildə tənqid etməsi bizim dünya birliyindəki yerimizə təsir edə bilsin».

«Amnesty International» beynəlxalq hüquq müdafiə təşkilatı mayın 28-də dünya ölkələri üzrə 2009-cu ildə insan haqlarının vəziyyətini qiymətləndirən illik hesabatını yayıb. Hesabatda deyilir ki, Azərbaycanda müstəqil mətbuat sıxışdırılır və müxalifət təqib olunur.
XS
SM
MD
LG