Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:20

Kütləvi zəhərlənmə, yoxsa təxribat?


Bakıda hərbi parad, 28 may 2008
Bakıda hərbi parad, 28 may 2008
«Niyə Müdafiə Nazirliyindəki kimi ölüm halları, yoldaşını güllələmə, kütləvi zəhərlənmə Sərhəd Qoşunlarında, Daxili Qoşunlarda da baş vermir? Və ya çox nadir hallarda baş verir?».

Bu sualı «İşdən sonra» proqramında «Ehtiyatda və İstefada olan Zabitlər» İctimai Birliyinin sədri Yaşar Əliyev səsləndirib. Onun fikrincə, Seyfəli poliqonunda bir çavuşun dörd hərbçini öldürməsi, az sonra Qaraheybət Hərbi Təlim Mərkəzindəki 164 əsgərin xəstəxanaya düşməsi onu göstərir ki, Müdafiə Nazirliyində ciddi dəyişikliyə ehtiyac var.

«Ordunun Dostları» Cəmiyyətinin sədri Emin Həsənliyə görə isə, ordu quruculuğunda böyük irəliləyiş var. Və son iki hadisəyə təsadüfi hal kimi baxmaq lazımdır.

Y.Cəfərli isə bildirir ki, Qaraheybətdəki hadisədən üç gün örtür və bu müddətdə rəsmi qurumların məlumat verməməsi təəccüb və təəssüf doğurur:

«Dəqiq səbəbi mən də bilmirəm. Amma fərz edirəm ki, ya səbəb doğrudan axıra kimi açıqlanmayıb, ya da kiminsə korporativ maraqları var ki, bu məlumatın ictimaiyyətə açıqlanmasını istəmir. Son iki gündə rəsmi məlumatlarda az qalır desinlər ki, ümumiyyətlə, zəhərlənmə olmayıb. Yaxşı zəhərlənmə olmayıbsa, o zaman nə olub? Zəhərlənmə baş verməyibsə, nə baş verib?».

Y.Cəfərli deyir ki, zəhərlənmə faktı təsdiqlənməsə, bunu təxribat kimi qiymətləndirmək olar:

«Başqa versiya ağlıma gəlmir. Həmin təlim mərkəzinə yeni komandir təyin olunmuşdu. Təhvil-təslim gedirdi. Bəlkə komandir nəsə eləyib? İctimaiyyəti çaşdırmaq istəmirəm. Amma zəhərlənmə olmasa, bu versiya da ağla gəlir».

Əgər zəhərlənmə baş verməyibsə, 164 əsgərin xəstəxanaya aparılmasına nə səbəb ola bilərdi?

«Ordunun Dostları» Cəmiyyətinin rəhbəri E.Həsənli:

«Bu, yəqin ya yeməkdən, ya da sudan olub. Mütəxəssis rəy verməlidir. Amma həmin konservlərə baxılıb, onların istifadə müddəti başa çatmayıb, hələ gələn ilin fevralına qədər vaxtı varıymış. Araşdırma gedir. Yəqin, yaxın günlərdə ictimaiyyət tam məlumatlandırılacaq. Analizlər də götürülüb. Baxaq görək nə olur...».
XS
SM
MD
LG