Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 00:43

«Prezidentlərin bir-birinə etibar etməsi üçün hər şey edilib»


«Biz ümid edirik ki, onlar balaca bir dönüş yarada biləcək həddə qədər ümumi dil tapacaqlar»
«Biz ümid edirik ki, onlar balaca bir dönüş yarada biləcək həddə qədər ümumi dil tapacaqlar»
Azərbaycan və Ermənistan prezidentləri iyunun 4-də Rusiyanın Sankt- Peterburq şəhərində görüşəcəklər. Artıq indidən bu görüş barədə müxtəlif ziddiyyətli fikirlər səslənməkdədir. Özü də birbaşa Dağlıq Qarabağ probleminin nizamlanması ilə məşğul olan diplomatların dilindən. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza deyir ki, onlar prezidentlərin Sankt-Peterburq görüşünü «dönüş anına» çevirmələri üçün mümkün olan hər şeyi ediblər. Və ümid var ki, nəhayət, danışıqlar prosesində belə bir dönüş anı yaşanacaq:

METYU BRAYZA: «BİZ MÜMKÜN OLAN HƏR ŞEYİ EDİRİK»

«Biz mümkün olan hər şeyi edirik ki, prezidentlər danışıqlar prosesində dönüş yaratsınlar. Və ümid edirəm ki, bu, Peterburqda baş verəcək. Biz ümid edirik ki, onlar balaca bir dönüş yarada biləcək həddə qədər ümumi dil tapacaqlar. Mən əvvəldən nə olacağını deyə bilmərəm. Amma bu, ciddi danışıqlardır. Və bu danışıqlar artıq çox ciddi mərhələyə gəlib çatıb. Onların bir-birinə etibar etməsi üçün hər şey edilib. Mən hiss edirəm ki, prezidentlər arasında inamın səviyyəsi getdikcə artır».

Amerikalı diplomat deyir ki, Qarabağ probleminin baza prinsiplərini əks etdirən Madrid sənədinin olması heç kimə sirr deyil. Onlar istəyirlər ki, prezidentlər razılaşdırılmamış prinsiplər üzərində işi başa çatdırsınlar. Əgər prezidentlər baza prinsiplərini konseptual şəkildə razılaşdıra bilsələr, danışıqlarda həmin o dönüş anı olacaq.

ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasye isə bildirib ki, Sankt-Peterburq masası üzərinə qoyulacaq konkret təkliflər var, sənəd imzalamaq isə prezidentlərin siyasi iradəsindən və cəsarətindən asılıdır.

ELMAR MƏMMƏDYAROV: «HƏLƏ TEZDİR BELƏ DEMƏK»

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarova görə isə, Sankt-Peterburqda hər hansı sənədin imzalanması gözlənilmir. İndidən hansısa dönüş barədə nəsə demək də çətindir. O ki, qaldı görüşün diplomatlarda yaratdığı ümidlərə, belə ümidlər danışıqların əvvəllər keçirildiyi, prezidentlərin qarşılaşdığı başqa şəhərlərə də bəslənirdi:

«Hamı gözləyirdi ki, Sürixdə yaxşı görüş olacaq, sonra bu gözlənti Praqaya yönəldi, indi də ümid bəsləyirik ki, bəlkə Peterburqda yaxşı görüş olar. Amma hələ tezdir belə demək. Qoy görüş keçsin, sonra təhlil etmək olar ki, vəziyyət nə yerdədir. Əlbəttə, biz istərdik ki, tezliklə hansısa bir irəliləyiş olsun».

E.Məmmədyarova görə, Azərbaycan Sankt-Peterburq danışıqlarında Ermənistanın konstruktiv mövqe tutacağına ümid etmək istərdi.

«HƏMSƏDRLƏR NƏTİCƏ ƏLDƏ OLUNMAMASININ TƏQSİRİNİ PREZİDENTLƏRİN ÜZƏRINƏ ATIRLAR»

Söhbət etdiyimiz politoloqlar isə Sankt-Peterburq görüşündə nə baş verəcəyindən daha çox diplomatların - xüsusilə də həmsədrlərin bəyanatları üzərində düşünürlər. Azərbaycanın XİN başçısı danışıqlardan ciddi bir şey gözləmədiyi halda, niyə həmsədrlər ümidverici dönüş anı barədə danışırlar?

Keçmiş dövlət müşaviri Vəfa Quluzadə hesab edir ki, həmsədrlər bu cür bəyanatlarla sülh danışıqları üçün nə lazımdır etdiklərini bildirmək istəyirlər. Bununla onlar nəticə əldə olunmamasının təqsirini dövlət başçılarının üzərinə atırlar:

«Yəni biz nə edək ki, İlham Əliyevlə Serj Sarkisyan bir məxrəcə gələ bilmirlər. Biz bunun üçün əlimizdən gələni etmişik. Ancaq bunların ikisi də qeyri- konstruktiv mövqe tuturlar və sair. Bu cür mövqenin səbəbi yalnız bundan ibarətdir».

«BƏS SİZ UZUN İLLƏR NƏ İLƏ MƏŞĞUL OLMUSUNUZ?»

V.Quluzadə deyir ki, əgər həmsədrlər öz ölkələrinin əsas səlahiyyət sahiblərindən olsaydılar, onda onların bəyanatlarını danışıqlar öncəsi tərəflərdən birinə təzyiq kimi də dəyərləndirmək olardı. Amma bu, belə deyil.

Konfliktoloq Arif Yunus isə deyir ki, əslində, həmsədrlər özləri də yaxşı bilirlər ki, Sankt-Peterburqda heç nə baş verməyəcək. Ancaq onlar diplomatik protokol qaydalarının əleyhinə gedib bunu deyə bilməzlər:

«Çünki yaxşı bilirlər ki, əgər desələr, onda ortaya belə bir sual çıxacaq: Bəs siz uzun illər nə ilə məşğul olmusunuz?».

Şərhinizi yazın.
XS
SM
MD
LG