Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 08:28

İnternet: tənzimlənmə, yoxsa nəzarət?..


Jurnalistlər üçün aydın deyil ki, texniki cəhət istisna olmaqla interneti necə və nə üçün tənzimləmək istəyirlər
Jurnalistlər üçün aydın deyil ki, texniki cəhət istisna olmaqla interneti necə və nə üçün tənzimləmək istəyirlər
İnternet mediasının tənzimlənməsilə bağlı Avropa Şurası ilə Azərbaycan Milli Teleradio Şurasının birgə müzakirələri media qurumlarında ciddi narahatlığa səbəb olub. «Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyevə görə, ona aydın deyil ki, texniki cəhət istisna olmaqla interneti necə və nə üçün tənzimləmək istəyirlər. Azərbaycanda medianın yeganə inkişaf edən sahəsinin internetlə bağlı olduğunu deyən Arif Əliyevə görə, bu ona görə belədir ki, burda dövlətin hər hansı tənzimləmə mexanizmi yoxdur.

«YEDDİ DAYƏSİ OLAN UŞAQ KOR OLAR…»

Bu səbəbdən də Arif Əliyev düşünür ki, nə qədər hökumət internet mediasına dəstək göstərmək fikrinə düşməyib bu sahə inkişaf edəcək, amma internet mediasının tənzimlənməsi dövlət qurumlarının maraq dairəsinə daxil olan andan internet mətbuatın problemləri başlayacaq:

«Deyir «yeddi dayəsi olan uşaq kor olar». İndi bizdə qanun da var, Dəstək şurası da, pul da ayrılır, Mətbuat Şurası da mövcuddur, Teleradio Şurası da, amma inkişaf yoxdur. Getdikcə plüralizm dairəsi daralır, getdikcə keyfiyyət düşür, tiraj azalır. Yeganə inkişaf edən internet mediadır, heç bir tənzimləmə də yoxdur. İnternetin yeganə problemi odur ki, tariflər yüksəkdir və texniki cəhətdən bu sahə Azərbaycanda çox geridədir».

Arif Əliyev deyir dövlət tərəfindən tənzimlənmədiyi üçün o internetin kiminsə həyatında, ailəsində hər hansı bir problem yaratdığını eşitməyib.

İNTERNET ÖZ-ÖZÜNƏ GƏZƏN PİŞİKDİR...

Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovsa internetin tənzimlənməsini vacib sayır. İnterneti pişiyə bənzədən cənab Həsənova görə, sərhəd-filan tanımayan bu sahənin tənzimlənməsi vacibdir:

«Rusların bir sözü var – «koşka qulyayuşin sama po sebe» - İnternet öz-özünə gəzən pişik kimi bir şeydir. Heç kimin razılığını almadan istənilən adamın həyatına da girir, evinə də girir, dövlətinin sərhədini də pozur, amma bunu tənzimləyən bir şey yoxdur».

Əli Həsənova görə, Azərbaycanda mətbuatın fəaliyyətini Mətbuat Şurası, televiziya və radioların fəaliyyətini Teleradio Şurası tənzimləsə də, onları üstələməkdə olan İnterneti tənzimləyən bir qurum olmadığından ciddi daxili və xarici siyasət resursu olan internetin tənzimlənməsi indi bütün dünyanı düşündürür. Amma Əli Həsənov deyir ki, bu sahədə Azərbaycan təkbaşına hansısa addım atmaq fikrində deyil:

«Biz kiçik dövlətik, baxaq görək Avropa dövlətləri nə edəcək? Baxaq görək o dövlətlər nə qəbul edəcək və biz də onlara baxıb biz də Avropa Şurasının standartlarına uyğun addımlar düşünəcəyik».

Media eksperti, hüquqşünas Ələsgər Məmmədli isə internet medianın tənzimlənməsində hər hansı boşluq görmür. Hüquqşünas deyir bu gün qəzetlər necə təsis olunursa, internetdə də vəziyyət eynidir. İstənilən şəxs domen alıb qeydiyyata düşür və fəaliyyət göstərir. Ələsgər Məmmədliyə görə, əgər həmin internet medianın sahibi qanunvericiliyin hər hansı tələblərini pozursa onun məsuliyyətə cəlb edilə bilir:

«Mən deməzdim internet qalıb başlı-başına, orda anarxiyadır. Hesab edirəm ki, bizim hökumət qurumlarında olan insanlar tənzimlənmə deyəndə daha çox nəzarəti nəzərdə tutub tənzimlənmə deyirlər. Bu isə yolverilməzdir».

İNTERNET DA ONSUZ NƏZARƏTDƏDİR

Nəzarət məsələsinə gəldikdə isə Ələsgər Məmmədli deyir ki, onsuz da internetin filtrasiyası Milli Təhlükəsizlik Nazirliyinin nəzarəti altındadır və burda hər hansı problemin olması da mümkün deyil, hətta olduğu halda müvafiq strukturlar bu barədə tədbir görürlər.

Avropa Şurası Azərbaycan nümayəndəliyinin rəhbəri Veronika Kotek isə hesab etmir ki, internet medianın tənzimlənməsi insanların məlumat almaq hüququnu məhdudlaşdırmalıdır. Onun sözlərinə görə, elə hazırda Avropa ölkələrində də bu məsələlər müzakirə olunmaqdadır.

Veronika Kotek deyir ki, tənzimlənmə deyəndə burda söhbət internet medianın necə fəaliyyət göstərməsilə bağlı standartların işlənib-hazırlanmasından gedir ki, bu da sonradan üzv ölkələrə tövsiyə oluna bilər.
XS
SM
MD
LG