Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:25

İndiyəcən belə olmamışdı


90 dəqiqəlik canlı teledebat, 3 iyun 2009
90 dəqiqəlik canlı teledebat, 3 iyun 2009
İranın hazırkı prezidenti Mahmud Əhmədinejad və onu ən sərt tənqid edən müstəqil namizəd Hüseyn Musəvi iyunun 3-də dövlət televiziyasında yayımlanan 90 dəqiqəlik canlı teledebatda üz-üzə gəliblər. Musəvi Əhmədinejadın yürütdüyü xarici siyasəti macəraçı və radikal siyasət adlandırıb, onun harda gəldi Holokostu – İkinci Dünya müharibəsi vaxtı yəhudilərin soyqırımını şübhə altına almaqda günahlandırıb. Deyib ki, bu, İranın ləyaqətini alçaldır:

«Xarici siyasətə gəldikdə, biz öz ölkəmizin imicinə ziyan vurmuşuq. Bu, bizim ölkəni xəcil eləyib, Biz hətta ölkənin daxilində də problemlərlə üz-üzə qalmışıq, başqa ölkələrlə uzunmüddətli münaqişələr yaratmışıq».

ƏHMƏDİNEJADIN ÖNCƏGÖRMƏLƏRİ ÖZÜNƏ QARŞI ÇEVRİLİR

Musəvi həm də də Əhmədinejadın Qərb ölkələrini hər addımda yıxıb-sürüməsini də hədəfə alıb. Deyib ki, siz elə hey deyirsiz ki, Amerika dağılır, İsrail dağılır, Fransa dağılır, bütün bunlar İranı gözdən salır.

Əhmədinejad isə bütün bunlara cavab olaraq deyib ki, ziyankar elə onun hökumətinə hər addımda badalaq gəlmək istəyən Musəvi və onu dəstəkləyənlərdir:

«Cənab Musəvi mənim yeganə rəqibim deyil. Musəvi tək deyil. Bura keçmiş prezidentlər cənab Rəfsəncani və cənab Xatəmini də əlavə etmək lazımdır. Onlar cənab Musəvini müdafiə edirlər. Onlar həmişə bir yerdə olublar. Bu hökumətin yarandığı ilk gündən bizə ziyan vurmaq üçün hücumlar olub».

Əhmədinejad keçmiş prezident Rəfsəncanini və onun oğlunu korrupsiyada ittiham edib, deyib ki, Musəvinin seçki kampaniyasını məhz onlar maliyyələşdirir.

MÜHAFİZƏKARLAR VAHİD QÜVVƏDİRMİ?

Əhmədinejadı İranın mühafizəkar siyasətçiləri, o cümlədən ölkənin ali dini lideri dəstəkləyir. Amma debatda diqqətiçəkən məqamlardan biri də o olub ki, Əhmədinejad bəzi siyasətçiləri cah-cəlal içində yaşamaqda ittiham edəndə parlamentin keçmiş spikeri, mühafizəkar siyasətçi Əli Əkbər Nateq Nurinin də adını çəkib. «Nyu-York Tayms» qəzeti yazır ki, bu, Əhmədinejadı dəstəkləyən mühafizəkar qrup içində heç də tam birlik yoxdur.

«Azadlıq» radiosunun İran xidmətinin əməkdaşı Hüseyn Ariyan deyir ki, bu ilki prezident seçkiləri çox fərqlənir. Namizədlərdən birinin prezidenti bu cür sərt tənqid etməsi nümunəsi əvvəl olmayıb. Onun fikrincə, Əhmədinejadın bir xeyli nüfuzlu şəxs haqda ittihamlar səsləndirməsi də onun xeyrinə deyil. Artıq bu gün Rəfsəncani dövlət televiziyasına müraciət edib ki, ittihamlara cavab vermək üçün ona vaxt verilsin. Hüseyn Ariyan deyir ki, bu rəqabət onunla nəticələnə bilər ki, Əhmədinejad seçkilərin birinci turunda tam qələbə qazana bilməsin və 2-ci tura ehtiyac yaransın.

MİLLİ AZLIQLARA ŞİRİN VƏDLƏR

Hüseyn Musəvi azərbaycanlıdır və Hüseyn Ariyan deyir ki, bu səbəbdən onun İran Azərbaycanında böyük dəstək qazanması istisna deyil.

Hüseyn Ariyanın sözlərinə görə, Musəvi hətta azərbaycanlılara öz dillərində təhsil almasının tərəfdarı olduğunu deyib. Bundan sonra prezident Əhmədinejad da məcbur olub bildirsin ki, milli azlıqlara universitetlərdə iki kurs öz dillərində oxumağa icazə verilməsi problem deyil. Hüseyn Ariyan deyir ki, milli azlıqların hüquqlarıyla bağlı da bu seçkidə əvvəlki seçkilərlə müqayisədə daha çox danışılır.

Əhmədinejad yaxın günlərdə digər iki namizədlə - Möhsen Rezai və Mehdi Karrubi ilə də debata çıxacaq. Seçki iyunun 12-dədir.

İranda müstəqil televiziya kanalları yoxdur, dövlət televiziyasının rəhbərini isə ali dini lider təyin edir. Bəzi siyasətçilər dövlət televiziyasını Əhmədinejadı təbliğ etməkdə günahlandırırlar.
XS
SM
MD
LG