Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:28

Prezidenti kim seçir?


Dini lider islahatçıların namizədi Mir Hüseyn Musəviylə qohumdur
Dini lider islahatçıların namizədi Mir Hüseyn Musəviylə qohumdur
İranın dini lideri Ayətulla Əli Xamaneyinin seçkiyə təsirindən danışanda, Qərb mediasının yazdıqlarını da vurğulamaq lazımdır. Çünki «Times» jurnalı və başqa qəzetlər yazır ki, dini lider islahatçıların namizədi Mir Hüseyn Musəviylə qohumdur. Nəinki eyni kənddəndir, Xamane qəsəbəsindəndir, üstəlik, Musəvi dini liderin xalası nəvəsidir.

XAMANEYİ ARTIQ BİR DƏFƏ MUSƏVİYƏ VƏZİFƏ VERİB

Şərqdə qohum olmağın nə qədər geniş imkanlar yaratdığını hamı bilir. Odur ki, Xamaneyi kimi geniş səlahiyyətləri olan bir vəzifə sahibinin hansısa həlledici anda öz qohumunun xeyrinə rəy verməsini də düşünmək olar.

Əslində, 1980-ci illərə baxanda, İran-İraq müharibəsi vaxtı Xamaneyi prezident olanda artıq bir dəfə Musəviyə vəzifə verib. Özü də Baş nazir vəzifəsini. Ancaq, «Azadlıq» radiosunun İran xidmətinin əməkdaşı Hüseyn Ariyan və başqaları Qərb mediasının yazdıqları ilə İran reallıqları arasında fərq olduğunu deyir:

«O vaxt onların problemi var idi. Üstəlik, Xamaneyi Amerikayla yaxınlaşmanın tərəfdarı olan namizədə üstünlük verməyəcəyini açıqca bildirib. Ad çəkməsə də».

Xamaneyinin bu açıqlamalarından sonra çoxları dini liderin indiki prezident Əhmədinejadın qələbəsini istədiyini danışmağa başlayıb. Dini liderin dəstəyi isə İran seçkilərində çox önəmli amildir. Çünki Xamaneyi faktiki olaraq İranın İnqilab Keşiçkiləri Korpusu və Bəsic Müqavimət Qüvvələrinin rəhbəridir. Yarısilahlı təşkilatlar olan bu qurumlardan əlavə Xamaneyi həm də İran Ordusunun dəstəyinə malikdir.

Üstəlik, İran Konstitusiyasına görə, bu qurumlara islam inqilabının təhlükədə olması halında, inqilaba qarşı istənilən fəaliyyətə qarşı mübarizə aparmaq, müdaxilə eləmək imkanı verilib. Qanunda konkret olaraq halların adları sadalanmır, ancaq hətta Bəsic və İnqilab Keşiçkiləri Korpusunun bəzi fəalları da, bir sıra seçkilərin gedişinə müdaxilə elədiklərini gizlətməyiblər. Həm də söhbət təkcə nüfuzlarıyla hansısa namizədin xeyrinə təşviqat aparmaqdan getmir, söhbət həm də bilavasitə seçkinin nəticələrinə təsir eləyən - kimə səs vermək əmrindən gedir.

Çünki adını çəkdiyimiz bu iki qurum faktiki olaraq İranda 13 milyon üzvü olduğu üçün ən böyük siyasi qüvvədir. İranda Qərb modelində olduğu kimi siyasi partiyalar olmadığı üçün, bu 13 milyonluq qüvvə seçkinin nəticələrinə də bilavasitə təsir edə bilir. Seçki dövrlərində faktiki olaraq kommunist emissarları kimi kampaniya aparan, insanları müxtəlif yollarla inandıran bu şəxslərin 2005-ci ildə və 2008-ci ildə seçkiyə müdaxiləsi haqda çoxlu ittihamlar olub.

«BU DƏFƏ DƏ İNQİLAB KEŞİKÇİLƏRİ KORPUSU VƏ BƏSİC TƏLİMATLARA UYMAYACAQ»

2005-ci il prezident seçkilərində Əhmədinejada uduzan namizədlərdən biri Karrubi açıq-aşkar bu qurumları seçkini saxtalaşdırmaqda ittiham eləmişdi. 2008-ci ilin parlament seçkilərində də Bəsic eyni ittihamla üzləşdi.

Ancaq bəzən İran seçkilərinin bu qurumların rəhbərlərinin istəyinin əksinə olaraq nəticələnməsi faktları da olub. Çünki İnqilab Keşikçiləri Korpusu və Bəsicin idarəçilik strukturu ordudakı kimi amirənə prinsiplərə əsaslanmır. Hüseyn Ariyan bu qurumları daha çox könüllülər klubuna bənzədir:

«1997-ci ildə bu qurumların sıravi üzvləri rəhbərlərinin dediklərini eləmədilər, və Xatəmiyə səs verdilər».

1997-ci ili yada salan islahatçılar ümid eləyirlər ki, bu dəfə də İnqilab Keşikçiləri Korpusu və Bəsic fəalları yuxarıdan gələn təlimatlara uymayacaq.

Çünki yuxarıdan gələn təlimatlar da, Ayətulla Əli Xamaneyinin mövqeyi də əvvəlki illərdə olduğu kimi, qəti hiss olunmur. Xamaneyi uzaqbaşı bəzi görüşlərdə ad çəkməsə də, Amerikayla danışıqların tərəfdarı olan islahatçıların yox, daha prinsipialların tərəfdarı olduğunu bildirir. Ancaq çoxları bilir ki, Xamaneyi və İslam İnqilabının Keşikçiləri hər hansı bir namizədin seçilməyinin 100 faiz əleyhinədirsə, o zaman ona qarşı daha sərt kampaniya aparardılar.
XS
SM
MD
LG