Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:17

Velosiped yolları nə vaxt salınacaq?


Yaşıl Velosipedçilər Klubunun üzvləri
Yaşıl Velosipedçilər Klubunun üzvləri
«Əgər velosiped yolları olsaydı, mən məmnuniyyətlə, səhər basabas avtobuslardan, metrodan canımı qurtarmaq üçün velosipedlə işə gələrdim». Bunu Yaşıl Velosipedçilər Klubunun üzvü Nigar Sadıqlı «Azadlıq» radiosunun «14-24» proqramına velosiped mədəniyyətini müzakirə edəndə bunu deyib.

«Mən əmin olsam ki, yaşadığım yerdən işlədiyim yerə qədər nəqliyyatda problem olmayacaq, onda istifadə edə bilərəm. Mən bu təhlükəni hiss edirəm. Biz özümüz yürüşlərə qrup şəklində çıxırıq. Onda biz bir-birimizə nəzarət edirik, yola nəzarət edirik. Belə daha rahat olur. Amma tək çıxmaq hazırda çətindir».

«VELOSİPED HƏLƏ Kİ NƏQLİYYAT VASİTƏSİ KİMİ QƏBUL OLUNMUR»

Klubun üzvlərindən Ülvi Həsənli deyir ki, paytaxtda insanların velosiped mədəniyyəti regionlardan daha fərqlidir: «Regionlarda bir qədər qeyri-ciddi yanaşırlar. Velosiped hələ ki nəqliyyat vasitəsi kimi qəbul olunmur. İdman növü kimi baxırlar velosipedə. Hətta biz şəhər ətrafına yürüşə çıxanda, deyirlər ki, yarışmağa gedirsiniz? Fikirləşmirlər ki, kimsə bununla işə gedə bilər».

Nigar Sadıqlı deyir ki, Bakıda velosipedin nəqliyyat vasitəsi kimi tətbiqini İçərişəhərdən başlamaq olar: «Bilirik ki, İçərişəhər qoruqdur və qoruğa avtomobil buraxılmamalıdır. Bu halda da ya fayton olmalıdır, ya da velosiped. Məncə, faytondan, atdansa, velosiped daha uyğundur. Çünki faytonun, atın səs-küyü daha çoxdur, səs yüklənməsinə gətirib çıxarır».

Velosipedçilər həm də velo-parkinqlərin olmasının vacibliyindən də danışdılar.

Nigar Sadıqlı: «Yolların kənarında avtomobil saxlanan yerdə biz də velosiped saxlayırıq, avtomobil də gəlib siqnal verir ki, çıxın burdan mən saxlamaq istəyirəm. O başa düşmür ki, bu da nəqliyyat vasitəsidir və mən də park etmişəm».

Nigar deyir ki, velosipedçilər qrupla yol keçəndə bir-iki nəfər avtomobil yolunu kəsir, qalanları keçir: «Yəni, sürücüdən xahiş edirik ki, bir dəqiqəlik bizə yol verin. Başqa cür yol vermirlər. Bəzən bizi anlamayan sürücülərə də rast gəlirik».

Yaşıl Velosipedçilər Klubu yarananda ilk üzvləri velosiped yollarının salınması ilə bağlı imza toplayıb Nəqliyyat Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə təklif göndəriblər.

Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən Namiq Həsənov dedi ki, velo-yollarla əlaqədar nazirliyə gənclərin də, bir nəfər vətəndaşın müraciəti var. Amma o, bu yolların salınması ilə Nəqliyyat Nazirliyin məşğul olmadığını bildirir.

«YOLUN KƏNARI İLƏ SÜRSÜNLƏR…»

Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təmini və İctimai Qurumlarla Əlaqə Şöbəsinin baş inspektoru Kamran Əliyev deyir ki, velosiped yolunun olmamağı o demək deyil ki, onların təhlükəsizliyi təmin edilmir:

«Onlar yolun kənarı ilə sürə bilərlər, rayonlar arasında yol çiyinlərindən də istifadə edə bilərlər. Velosipedlərin kütləvi halda istifadəsi olarsa, onlar üçün xüsusi yol salmaq olar. Azərbaycanda isə velosipeddən nəqliyyat vasitəsi kimi istifadə olunmur. Sadəcə olaraq uşaqlar bundan bir əyləncə məqsədilə istifadə edirlər. Yəni sayı həddən artıq azdır. Buna görə də onlar üçün ayrıca zolaqların salınmasına hələ ehtiyac duyulmur».

Bakının Baş Planının müəlliflərindən əməkdar memar Feyzulla Quliyev deyir ki, sovet Azərbaycanında paytaxtın baş planında velosiped yolları nəzərdə tutulubmuş: «Velo-yollar haqqında qərar qəbul olunmalıdır və layihəçilər hər hansı kompleksi və ya yaşayış rayonunu layihələndirəndə velosiped üçün də xüsusi zolaq yaratmalıdır. Maşın yolu, piyada yolu kimi. Məsələn, Günəşli yaşayış massivini layihələndirəndə biz onu nəzərdə tutmuşduq. Digər təzə massivlərdə bu yollar düşünülmüşdü. Amma bir halda ki, bu gün piyada yollarını da tuturlarsa, səkiləri tikirlərsə, velosipedçi də maşın yolu ilə getməli olacaq».

Ekspert deyir ki, Bakıda velosiped yollarının olması uzaq gələcəyə aiddir.

Buna da bax:

XS
SM
MD
LG