Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:31

Bütün dövrlərin sualı: Azərbaycan futbolu niyə bu gündədir?


«Biz yarımcan Uelsi uda bilmədik»
«Biz yarımcan Uelsi uda bilmədik»
Azərbaycan futbol yığmasının iyunun 9-da İspaniya millisi ilə keçirəcəyi oyun Azərbaycana 700 min avroya başa gəlir. Yerli və ispan mətbuatının bu barədə yazdıqlarını Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov təkzib edir. İspaniyalı futbol jurnalistlərinə görə, onların ölkəsində bütün media bilir ki, İspaniya Futbol Federasiyası 700 min avro qarşılığında Bakıya gəlib. İspaniya yığması ilə Bakıya gəlmiş futbol şərhçisi Roberto Morales:

İSPANİYALI ŞƏRHÇİ: «AZƏRBAYCANIN TƏKLİF ETDİYİ MƏBLƏĞ İSPANİYANI QANE EDİB»

«Azərbaycanla oynamağı ilk növbədə iqtisadi cəhətdən seçmişik. Azərbaycanın təklif etdiyi məbləğ İspaniyanı qane edib. Digər tərəfdən Azərbaycanın oyun sistemi İspaniyanın qarşılaşacağı Cənubi Afrika Respublikası millisinin oyun sisteminə uyğundur. Ona görə də rəqib kimi Azərbaycan seçilib».

AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu isə 700 min avroyla bağlı deyilənlərin doğru olmadığını bildirir.

Bəs, son Avropa çempionunun Azərbaycanla qarşılaşmada marağı nədir? AFFA rəsmisi deyir ki, bu, sırf əməkdaşlıq məsələsidir:

AFFA-NIN SÖZÇÜSÜ: «BİZ ONLARIN MÜƏYYƏN XƏRCLƏRİNİ ÖDƏYƏCƏYİK»

«Yox, belə bir şərt yoxdur. Biz onların müəyyən xərclərini ödəyəcəyik. Qalmaq, məşq xərclərini. Bu yoldaşlıq oyunu İspaniya Futbol Federasiyası isə imzalanmış razılıq əsasında keçirilir. Həm də futbolu inkişaf etmiş ölkələrin bu sahədə geri qalan ölkələrə yardım göstərməyə marağı olur. İspaniya yığması Bakıya gəlməklə, reytinqdə zəif komandayla yoldaşlıq oyunu keçirməklə böyüklük göstərir».

2010-cu il futbol üzrə Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması ötən şənbə Bakıda Uels millisinə 0:1 hesabı ilə məğlub olandan sonra yenidən bir sual aktuallaşıb: Niyə Azərbaycan yığması həmişə uduzur? Futbola xərclənən pullar hara gedir?

Mütəxəssislər deyirlər ki, bu sahənin inkişafı üçün pul ilk növbədə uşaq futbolunun inkişafına qoyulmalıdır. Əks təqdirdə Azərbaycan futbolu elə yerində sayacaq. AFFA rəsmiləri isə futbolda artıq böyük inkişafın olduğunu, məsələn, Futbol Akademiyasının açıldığını misal çəkirlər.

«MOURİNYO GƏLSƏ BELƏ, XEYRİ YOXDUR»

Şərhçi Sənan Şəfizadə Uelslə oyundan sonra bir daha bu qənaətə gəlib ki, futbola qoyulan pullar böyük olsa da, düzgün istiqamətə yönəlməyib:

«Biz yarımcan Uelsi uda bilmədik. Uels Bakıya bir də o cür zəif heyətlə gəlməyəcək. Bu oyunda bir daha sübut olundu ki, Azərbaycan futbolunun səviyyəsi ölçüləsi deyil. Bizim yığmaya Joze Mourinyo, ya da başqa məşhur da gəlsə, Azərbaycan futboluna kömək etməyəcək. Berti Foqtsa ayda 90-95 min maaş vermək əvəzinə, bu pulu uşaq futboluna, futbol məktəblərinin tikilməsinə sərf etməliyik. Bizim milli oyununu müdafiə üstündə qurur. Müdafiə olunan komanda heç vaxt qələbə haqda fikirləşə bilməz».

FOQTSLA MÜQAVİLƏNİN MƏBLƏĞİ NİYƏ SİRRDİR?

AFFA rəsmiləri isə deyirlər ki, futbolun inkişafı üçün son vaxtlar görülən işləri danmaq olmaz. Federasiyanın sözçüsü Mikayıl Nərimanoğlu bildirir ki, onlar hesab etmirlər ki, futbola qoyulan pullar ünvanına yönəlməyib. O deyir ki, bu ilin sonuna qədər baş məşqçi Berti Foqtsla müqavilə imzalanıb, ancaq müqavilənin məbləği haqqında məlumat vermir:

«Bunu demək olmaz».

Azərbaycan yığması İspaniya ilə yoldaşlıq görüşündən sonra Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyunu da öz meydanında keçirəcək. Avqustun 19-da Azərbaycan millisi Almaniya yığması ilə qarşılaşacaq.
XS
SM
MD
LG