Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:09

Cinayətin motivi hələ də bilinmir...


Qanlı hadisədə 12 nəfər ölüb, 13 nəfər yaralanıb
Qanlı hadisədə 12 nəfər ölüb, 13 nəfər yaralanıb
«Bilmək istəyirəm ki, bu hadisənin arxasında nə dayanır. Bu elə-belə faciə deyil axı. Bu bizim dövlətimizə qarşı terror da ola bilər, nə bilim, bilmirəm sözlərimi necə ifadə edim...»

QIRĞININ ÜSTÜNDƏN 40 GÜN KEÇİR

Telman Bəndəliyev artıq 40 gündür ki, oğlunun ölüm acısını yaşayır. 20 yaşlı oğlu Yusif aprelin 30-u Neft Akademiyasında törədilən faciəli hadisənin qurbanlarından biridir. Bu gün Bəndəliyevlər kimi daha on bir ailənin evində eyni kədər yaşanır. Ali məktəbdə 12 nəfərin öldürülməsi, 13 nəfərin də yaralanmasıyla nəticələnən qırğından 40 gün keçir. Bu günlər ölənlərin ailələri, yaxınları üçün həm də sual dolu günlərdir. Telman Bəndəliyev deyir ki, bir yandan oğlunun ölümü, bir yandan da onun nəyə görə öldürülməsini bilməməsi ona əzab verir.

Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi hadisədən 15 gün sonra istintaqa məlum olan bəzi məlumatlar, qətl törədən Fərda Qədirovun mobil telefonundan görüntülər yayıb. Amma buna baxmayaraq hadisənin motivi hələ də qaranlıq olaraq qalır. Hadisə qurbanlarından başqa birinin – həmin gün Neft Akademiyasının bufetinə qatıq satmağa gələn Ayna Qurbanovanın oğlu Taleh də deyir ki, bu müddət ərzində dövlətdən hadisənin niyə məhz Neft Akademiyasında törədildiyini, cinayətkarın hansı səbəbdən belə addım atdığını açıqlamasını gözləyirdi, amma bu suallara hələ də cavab tapılmayıb. Öldürülən Şəfa Məmmədovanın həyat yoldaşı Rəhim Tağıyev isə deyir ki, istintaq hətta həlak olanların dəqiq sayını da gizlədir:

«İstintaqı düz eləmirlər. Mənim gördüyüm rəhmətə gedənlərin heç birinin adını çəkmirlər. Orda 30-dan çox adam rəhmətə gedib. «Respublikanski»də siyahını görəndə orda çox adamın adı var idi».

HƏLƏ Kİ İSTİNTAQ GEDİR…

Daxili İşlər Nazirliyinin nümayəndəsi Ehsan Zahidov isə deyir ki, cəmiyyətdə ölənlərin sayının çoxluğu ilə bağlı səslənən fikirlər əsası olmayan söz-söhbətdən başqa bir şey deyil. O ki qaldı istintaqın gedişinə, Ehsan Zahidov hələ ki yeni məlumatın olmadığını, hadisənin motivinin aydınlaşdırılmadığını deyir.

«Hələ ki istintaq tədbirləri həyata keçirilir. Gürcüstanın hüquq-mühafizə orqanları ilə birlikdə tədbirlər görülür. Yenilik olarsa, məlumat veriləcək».

Amma hadisə qurbanlarının ailələri ilə yanaşı mütəxəssislər də hesab edirlər ki, ötən vaxt ərzində istintaq yeni məlumatlar əldə edə bilərdi. Hüquqşünas Bəhruz Kərimov deyir ki, hazırda ictimaiyyətə açıqlanan məlumatları nəzərə alsaq istintaqın işini qaneedici hesab etmək olmaz:

«Bu vaxta kimi cinayət əməlinin tövsifində dəqiqləşmə ola bilərdi, yəni cinayətin motivi dəqiq müəyyən oluna bilərdi. Bəlkə də müəyyən edilib, amma ictimaiyyətə verilən məlumat bu haqda fikir deməyə imkan vermir».

Bəhruz Kərimov onu da deyir ki, ölənlərinin sayının daha çox olduğunu demək üçün kifayət qədər dəlil yoxdur. Onun fikrincə, bununla bağlı cəmiyyətdə səslənən fikirlər həmin günün həyəcanından, gərginliyindən yaranan illüziyalar da ola bilər.

Aprelin 30-da Neft Akademiyasında 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Fərda Qədirovun törətdiyi iddia olunan qanlı hadisədə 12 nəfər ölüb, 13 nəfər yaralanıb. Fərda Qədirov özü də intihar edib. Hələ ki, hadisə nəticəsində ölən, amma adı ölənlərin siyahısına salınmayanlarla bağlı konkret məlumat yoxdur.
XS
SM
MD
LG