Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 08:44

Dərdiyi almanın pulunu ağacın budağından asıb gedən millət


Əbdülqadir İnaltəkin
Əbdülqadir İnaltəkin
«Mədəniyyət və demokratiya» silsiləsindən olan bu «İz»də türk xalqlarının çağdaş poeziyasına Almaniyada yaşayan araşdırıcı Əbdülqadir İnaltəkinin gözüylə baxası olduq. Sonda çox maraqlı bir söhbət alındı.

Kiçicik bir tanıtma: Əbdülqadir bəy Türkiyədə (Ankara) doğulub. 1970-ci illərdən Almaniyada yaşayır. Əvvəl Münhendə, sonra Berlində məskunlaşıb. Şair və araşdırmaçıdır (Türk-Azərbaycan ədəbiyyatı-Xalq bilimi). Almaniyadakı «Muğam» Mədəniyyət Mərkəzinin təmsilçisidir. Orta Asiyadan Anadoluya türk mədəniyyəti bu Mərkəzin tədqiqat obyektidir. O, həm də bir Azərbaycan sevdalısıdır. Söhbətdən özünüz də duyacaqsınız. Xoş-beşdən sonra qonağımıza ilk sualımız belə oldu:

- Həyat insanı şair edir, yoxsa şairlər həyatı şeir kimi görürlər?

- Şair olunmur, ancaq insan anadan olanda, əgər ruhunda şairlik varsa, ona fitri istedad verilibsə, o şair doğulur. Qürbət də bunun üstünə əlavə olunanda, o hissiyyat, qəmginlik, kədər halında şairlik yaranır. Canlı olaraq yaşadığımdan, bunun ciddi bir amil olduğunu düşünürəm.

- Şeir ölüb, ya harasa üz tutub gedir?

- Mən kitabımın müqəddiməsində də demişəm: Şair yaza bilmədiklərini, oxucu isə onun yazdıqlarını yaşayar. Çünki yanar dağların vulkanı onun sinəsində gizlənir, zaman-zaman çölə çıxır. Şairin qələmindən çıxan da, həmin vulkanlara bənzəyir. Əsas kütləvi güc, yanğın dağın sinəsində yanır. Şair də içindəki yanğının hissiyyatını yaşayır. Mən özümü təqdim edəndə, deyirəm ki, mən yazdıqlarımın yox, yaza bilmədiklərimin şairiyəm!

Məncə şeir ölmür, əksinə ölən həyatı yenidən canlandırır. Adətən, torpağın altında susuz qalan toxum kimi, şeir ona su çiləyir, təzədən həyat verir. Tarix boyu belə olub. Nənə-babalarımızın uşaqlıqda qulağımıza pıçıldadığı adi nağıl, bayatı, layla bizə ruh verib. Biz onun sayəsində varlığımızı saxlamışıq. Sözümün canı odur ki, şeir ölmür, əksinə mədəniyyətə, xüsusilə də Şərq mədəniyyətinə varlığını qorumağa, nəfəs verməyə davam edir.

- Azərbaycan poeziyası ilə nə dərəcədə tanışsınız? Kimlər sizə enerji verir?

- Müəyyən dərəcədə tanışam. Mən özüm Azərbaycan ləhcəsində danışmağı, yazmağı xoşlayıram. Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə sərbəst keçirəm. Sovet dövrü şairlərini də tanıyıram. Təəssüf ki, onların sonuncu nəslinə çata bilmişəm. Bəxtiyar Vahabzadə ilə çox yaxın olmuşam, mənəvi ata-oğul kimi. Mən onu XXI əsrə möhürünü vurmuş bir şair kimi qəbul edirəm. O, təkcə Azərbaycanın deyil, Türkiyə və bütün türk dünyasının da şairi kimi öz məqamına çatıb.

- Demokratik Almaniyadan Azərbaycandakı olaylar necə görünür?

- Azərbaycanın xaricdə səs gətirən fəaliyyətləri olmur. Çünki azərbaycanlılar təzə-təzə xaricə, Avropaya çıxırlar. Ancaq İran Azərbaycanından olan, Türkiyədən olan Azərbaycan əsilli Türkiyə Cümhuriyyəti vətəndaşları var. Onlar, xüsusilə də Almaniyada, milli bayramları, 20 yanvar, Xocalı kimi matəm günlərini qeyd edirlər. Məsələn, ötən il Almaniyada Azərbaycan ili çərçivəsində Türk-Azərbaycan işbirliyiylə Türk Dil-Tarix kurulu başqanı Yusuf Halaçoğlunun başqanlığıyla «Tarixdə erməni soyqırımı» adlı beynəlxalq simpozium keçirildi. Dediyim odur ki, Türkiyənin varlığı Azərbaycanı da özüylə bir yerdə aparır. Azərbaycan artıq qabığının içərisinə sıxışdırılmış vəziyyətdə deyil.

- Ölkəmizə tez-tez gəlib gedirsiniz. Burada nəyi bəyənmirsiniz?

- Azərbaycanda narahatçılıq verəcək şeylər var. Bunun başında, sizin deyiliş tərziylə desək, «hörmət» məsələsi (rüşvət, korrupsiya - S.İ.) durur. Bir millət kimi bizim əqidəmizdə, təməlimizdə olmayan şeydir. Əksinə, bağdan götürdüyümüz bir almanın əvəzi olan pulunu o ağacın budağından asıb gedən bir millətin övladlarıyıq biz. Türkiyənin bir vilayəti qədər əhalisi olan bir dövlətin bu yollara baş qoşmasına ehtiyac yoxdur. Yəni bu, ölkənin tarixinə də, xalqına da, dəyərlərinə də düz gəlməyən bir məsələdir. Məncə, bu, həll olunsa, Azərbaycanda hər şey yoluna düşər.

- Əbdülqadir bəy, Bakını necə, bəyənirsinizmi?

- Əlbəttə! Bəyənməkdən ötə, onu görməyəndə darıxıram. Bakının xüsusi bir ruhu var, onu duyuram. Tarixdə var olduğu bir əsrarı var, tilsimi var, onu hiss edirəm. Bakı adamı özünə maqnit kimi çəkir. Əvvəllər bu təsvirlər İstanbul üçün danışılırdı. İndi eyni duyğuları Bakıyla bağlı keçirirəm. Azərbaycan 20 illik bir azadlıq dövrü keçirir. 70 illik sovet dövründən sonra buna uyğunlaşmaq çətindir. Eyni anda həm özünüzü qlobal sistemə uyğunlaşdırmalısınız, həm də əhalinizi inkişaf etdirməlisiniz. Həm dəyərlərinizi qorumalısınız, həm də 70 illik zaman içərisində əlinizdən çıxmış şeyləri bərpa etməlisiniz. Üstəlik, inkişaf edən dünyayla eyni yolda yarışa girməlisiniz. Ağrılı dövr yaşayan ölkə üçün bütün bunları bir arada yola vermək çətindir, amma mümkündür!

Bax belə! Yaza bilmədiklərinin şairiylə yarım saatlıq söhbətin ən azı yarısını sizə çatdıra bildim. «İz» proqramına tam qulaq asmaq istəsəniz (yuxarıda, sağ tərəfi tıkla), bu sualların cavabını da eşitmək şansı qazanacaqsınız:

- Şairlər niyə demokratdan çox, millətçi kimi görünürlər?
- Demokratiya qurmayan, qura bilməyən bir xalq gözəl şeir yaza bilərmi?
- Bakıda işıqların tez-tez sönməsinə, suyun saatla verilməsinə qonağımız necə baxır?
- O niyə özünü Almaniyada banka içində balıq, Azərbaycanda dəryada sanır?
- Əbdülqadir bəy, «Azadlıq» radiosuna qulaq asırmı?

Ən başlıcası, Əbdülqadir bəyin iki şeirini öz dilindən eşidə biləcəksiniz. Onlardan birini-bu yaxınlarda beynəlxalq mükafat alan «Can oğul» şeirindən bir parçanı mən sizə çatdırıram:

Can oğul, dur ayağa, yatan xalqı oyandır!
Sənə vəzifə verib, atan xalqı oyandır!
Yatılası gün deyil, utan, xalqı oyandır!
Vətəni qorumayan, öz mənliyini danar,
Vətən deyilən zaman axan sular dayanar!
XS
SM
MD
LG