Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:58

«Ali Baş Komandan məlumat versin»


Ali Baş Komandan, müdafiə naziri istər özləri, istərsə də nümayəndələrinin parlament qarşısında məlumat verməsi istənildi
Ali Baş Komandan, müdafiə naziri istər özləri, istərsə də nümayəndələrinin parlament qarşısında məlumat verməsi istənildi
«Ortadakı vəziyyət üçün bütün məsuliyyət birbaşa dövlət başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin üzərinə düşür. Ona görə də bu məsələlərə müdaxilə etməsinə, müvafiq qərarlar, göstərişlər verməsinə ehtiyac var. Müsavat deputat qrupu yaranmış vəziyyətin çox ciddi bir şəkil və miqyas aldığını nəzərə alaraq Ali Baş Komandan və müdafiə naziri istər özləri, istərsə də nümayəndələri vasitəsilə Milli Məclisin növbədənkənar iclasında çıxış edib deputatlara və onlarla birlikdə seçicilərə məlumat verməsi narahatlıq doğuran vəziyyətin aradan qaldırılması üçün əhəmiyyətli olardı. Biz bu tələbi Milli Məclis, İcra hakimiyyəti orqanı və Ali Baş Komandan qarşısında qaldırırıq».

Bu, deputat Pənah Hüseynin fikirləridir. Milli Məclisin iyunun 9-da keçirilən növbədənkənar iclasında o dedi ki, orduda baş verənlər barədə KİV-də yayılan məlumatların qarşısını almaqla və ya susmaqla artıq cəmiyyəti narahatlıqdan qurtarmaq, sakitləşdirmək mümkün deyil.

Deputat hesab edir ki, fövqəladə hadisələrin bilərəkdən və ya təsadüfən üst-üstə düşməsi indi də yerlərdə «əsgərliyə uşaq vermərəm» kimi çağırışların artması barədə məlumatların yayılmasına səbəb olub. Məclis üzvünün fikrincə, bütün bunlara görə isə təkcə müdafiə nazirini günahlandırmaq düzgün olmaz.
Spiker Oqtay Əsədov isə deyir ki, deputatın vəziyyəti şişirdir.

«Necə danışdınsa canıma qorxu düşdü. Gül kimi ordumuz var, inkişaf edir. Nəsə yeməkxanada bir hadisə olub deyirsiniz çox ciddi vəziyyətdir. Ordumuz haqda məsələləri belə şişirtmək lazım deyil».

Orduda «dedovşina» və işgəncələrlə bağlı son məlumatlar «Yeni Müsavat» qəzetində yayılıb. Qəzet Azərbaycan Ordusunda 2008-ci ildə baş vermiş zorakılıq halları ilə bağlı məlumatları keçən ayın əvvəllərində sona çatan istintaq materiallarından götürdüyünü yazıb.

Qəzetin istinad etdiyi ittiham aktına görə, «N» saylı hərbi hissənin zabiti və çavuşları tabeliklərində olan əsgərləri zorlayıb və Ermənistan ordusunun xeyrinə casusluğa cəlb ediblər. Və yaxud başqa bir komandir digər bir çavuşla əsgərləri bir-birilərini döyməyə məcbur edib, qanunsuz göstərişi icra etmək istəməyənlərə huşunu itirənə qədər işgəncələr veriblər.

Məqalədə qeyd olunun ittihamlar sırasında əsgərlərin soyuqda çılpaq saxlanılması, it kimi boğuşdurulması və sair hallar da var.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu ezamiyyətdə olduğu üçün «Azadlıq» radiosunun bu barədə suallarını cavablandıra bilməyəcəyini deyib.

Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri, birinci vitse-spiker Ziyafət Əsgərov isə ordu haqqında mətbuatda yayılan məlumatların ajiotaj xarakterli informasiyalar olduğunu deyir. Fikrini əsaslandırmaq üçün cənab Əsgərov ötən ayın sonlarında Müdafiə Nazirliyinin Qaraheybət Hərbi Təlim Mərkəzində əsgərlərin kütləvi zəhərlənməsi halı ilə bağlı yayılan məlumatları misal gətirir.

«Müdafiə naziri və digər vəzifəli şəxslərlə şəxsən əlaqə saxlamışıq. Deputatlar qəzetlərin guya zəhərlənmə halı ilə bağlı məlumatlar yaydığı hərbi hissədə olublar. Orada heç bir zəhərlənmədən söhbət getmir. Ona görə də belə şeylərdən istifadə edib cəmiyyətdə ajiotaj yaratmaq, müxtəlif çağırışlar etmək tamamilə yersiz və mənasızdır»

Ziyafət Əsgərov deyir ki, ordu ilə bağlı bütün məsələlər Ali Baş Komandan - prezidentin nəzarətindədir. Yəni narahat olmağına dəyməz.

Deputat Aydın Həsənov isə heç bir narahatçılığa əsas olmamasını başqa məntiqlə izah edir. Deyir başqa ölkələrin ordusunda bundan da artıq hadisələr olur, heç bu barədə yazılmır. «Orduda hər şey ola bilər. Ölüm də itim də. Hələ bir azdan suda boğulub ölən də olacaq. Çünki qarşıdan yay gəlir». Bu deputat Aydın Həsənovun qənaətidir.

Ehtiyatda olan polkovnik leytenant Üzeyir Cəfərov isə parlamentdə səslənən fikirləri ciddi siqnal adlandırır. Ancaq deyir ki, o Milli Məclis rəhbərliyinin məsələyə bu cür laqeyd yanaşmasını anlaya bilmir:

«Spiker deyir ki, «nəsə yeməkxanada bir hadisə olub». Əgər soyuqdəymədirsə bunun yeməkxanaya nə dəxli var. Yox zəhərlənmədirsə niyə bunu gizlədirlər? Ümumiyyətlə, Azərbaycan övladlarının öz vətənlərində başına gələn bu hadisələrə niyə onlar biganədirlər?»

Üzeyir Cəfərov deyir ki, həkim orduda zəhərlənmə faktını təsdiqləyib, prakurorluq cinayət işi açıb. Görəsən parlament rəhbərliyinə daha nə lazımdır ki, müharibə aparmadığı halda əsgəri qırılan, hərbçisi işgəncəyə məruz qalan, zəhərlənən ordunun vəziyyətinə belə laqeyd yanaşılmasın. Parlament rəhbərliyində isə ordunun vəziyyəti ilə bağlı fərqli təsəvvür var. Hər halda Pənah Hüseynin tələb etdiyi açıqlama parlament kürsüsündən səslənməyəcək.
XS
SM
MD
LG