Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:36

Qordon niyə gəlmişdi?


ABŞ dövlət katibinin köməkçisi Filipp Qordon
ABŞ dövlət katibinin köməkçisi Filipp Qordon
ABŞ dövlət katibinin köməkçisi Filipp Qordonun Bakıya səfərinin qısa müddət çəkməsinə yerli mətbuat ən müxtəlif qiymətlər verməkdədir. Obama administrasiyası təmsilçisinin Bakıya səfərindən öncə rəsmi qaynaqlar onun İlham Əliyevlə görüşünün planlaşdırılmadığını xəbər vermişdi. Baxmayaraq ki, cənab Qordon Azərbaycandan öncə Ermənistanda və Gürcüstanda olmuş, hər iki ölkənin prezidentləri ilə görüşmüşdü. Bakıya səfərin 2 gün sürəcəyi xəbər verilsə də Qordon Bakıda cəmi bir neçə saat qaldı, xarici işlər naziri Elmar Məmmədyarovla görüşdü və gəldiyi gün axşam saatlarında Azərbaycan paytaxtını tərk etdi. Müxalifət mətbuatı bu faktı rəsmi Bakı və Ağ Ev arasında soyuq münasibətlərin sübutu kimi dəyərləndirir.

AƏZƏRBAYCAN RƏSMİLƏRİ HEÇ KİMLƏ DEMOKRATİYADAN DANIŞMAQ İSTƏMİRLƏR

Politoloq Hikmət Hacızadə isə hesab edir ki, Filipp Qordonun Bakı səfərinin gözlənildiyindən tez başa çatmasının səbəbi onun ABŞ dövlət katibinin məhz demokratiya məsələləri üzrə köməkçisi olmasıdır. Hacızadəyə görə Azərbaycan rəsmiləri demokratiya mövzusunda heç kimlə danışmaq istəmir. Əgər İlham Əliyevlə görüşsəydi Qordon mütləq qaydada xarici radioların yayımı, ölkədə insan azadlıqlarının qorunması məsələsini gündəmə gətirəcəkdi. Rəsmi Bakı isə hətta bu məsələnin səsləndirilməsindən də qıcıqlanır.

Bununla yanaşı Hikmət Hacızadə Qordona Bakıda soyuq münasibətin onun Yerevanda Qarabağ münaqişəsinin nizamlanması haqda bəyanatının da səbəb olacağını düşünür. Qordon Yerevanda bildirib ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və Qarabağ ermənilərinin öz müqəddəratlarını təyinetmə haqqının tanınması ilə çözülə bilər. Hikmət Hacızadə deyir ki, beynəlxalq hüquqda əsas məsələ sərhədlərin toxunulmazlığıdır.

Beynəlxalq hüquqda millətlərin öz müqəddəratını təyinetmə haqqı var. Ancaq bu ikinci, üçüncü dərəcəli hüquqdur. Dağlıq Qarabağ erməniləri sübut eləməlidir ki, onlar xalqdır və davamlı olaraq Azərbaycanda onların haqqı tapdanıb. BMT-nin bununla bağlı xüsusi komissiyasının rəyində isə bunlar təkzib olunur:

«Orada yazılır ki, Dağlıq Qarabağ məsələsi millətlərin öz müqəddəratını təyinetmə haqqına aid deyil, onlar xalq deyil, onlara Qarabağda işgəncə verilməyib. O ki qaldı diplomatların bu məsələni gündəmə gətirməsinə bu ədalət və səmimiyyətdən uzaq diplomatik hoqqadır. Məqsəd də ermənilərin danışıqlardan yayınmasının qarşısının alınmasıdır. Çünki Azərbaycanın tələblərinin ədalətli və beynəlxalq hüquq normalarına uyğun olduğu qabaqcadan bildilsə, erməni tərəf danışığa gəlməyə bilər».

ABŞ-IN QARABAĞ SİYASƏTİ NECƏDİR?

Politoloq Vəfa Quluzadə isə İlham Əliyevin Obama administrasiyasının nümayəndəsi ilə görüşməməsinə haqq qazandırır. Politoloq düşünür ki, ABŞ-ın Qarabağla bağlı siyasəti balanslı deyil:

«ABŞ Lissabon sammitində Qarabağ ermənilərinin müqəddəratlarını təyin etmək haqqını tanıyıb. Bu yanlış yanaşmadır. Burada söhbət yalnız Azərbaycanın ərazi bütövlüyündən gedə bilər. Qarabağ ermənilərinin öz müqəddəratlarını təyin etməyə heç bir haqqı yoxdur. O zaman belə çıxır ki, Los-Ancelesdə, Bostonda yaşayan ermənilərin də öz müqəddəratlarını təyin etmək haqları var».

Quluzadənin fikrincə, Obama administrasiyası bildirməlidir ki, Azərbaycan torpaqları işğal olunub və işğaldan azad edilməlidir, Azərbaycan hakimiyyəti isə Qarabağda yaşayan ermənilərin bütün hüquqlarını təmin etməlidir. Bu halda Azərbaycan rəsmləri Ağ Ev təmsilçiləri ilə təmaslara həvəs göstərəcək. Bu olmayana qədər belə yarımçıq səfərlərin və orta səviyyəli dövlət məmurları ilə görüşlərin sırası arta bilər.
XS
SM
MD
LG