Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:56

Qəbələdə ev heyvanlarına qarşı "repressiya" dalğası


Qəbələ rayonundan bir görünüş
Qəbələ rayonundan bir görünüş
Qəbələ sakinləri şəhər rəhbərliyinin inəkləri və atları "repressiyaya" məruz qoymaqda günahlandırır

Şəhər sakini Nazlı Ağayevanın «Azadlıq» radiosuna dediyinə görə, həyət-bacada mal-qara görən kimi icra hakimiyyətinin nümayəndələri onları tutur, maşınlara yığıb Mingəçevirə aparırlar. Heyvanlar Mingəçevirdəki Ət-süd Aqrar Sənaye müəssisəsinə ətliyə verilir.

Nazlı Ağayeva: «Camaat burda mal-qara ilə məşğul olur. Qəbələ dağ rayonudur, aqrar rayon olub həmişə. İndi hər yeri park ediblər, küçələri bəzəyiblər, əcnəbi güllər gətirib əkiblər, gözəllik yaradıblar. Mal-qara da harasa yem dalınca, otlaq dalınca gedəndə oradan keçir gedir. Parka girənlər də olur, bu mal-qaradır, bunun indi ağlı kəsmir ki? Parkında gözətçisi var axı. Maaş alan adamlardır, nəzarət etsinlər».

«AT MÜQAVİMƏT GÖSTƏRDİYİ ÜÇÜN DÖYÜLÜB»

Qəbələ sakini Faiq Quliyev deyir ki, rayonda küçələrdən heyvanların yığışdırılması çoxdan başlayıb: «Mənim inəyimi çayın qırağından aparıblar. Keçən ili birini tutmuşdular, haradasa iki həftədir ki, o birini aparıblar. Mingəçevirə aparıb kombinata satıblar. İki balası da evdə mələyə-mələyə qalıb».

Kəlbəcər qaçqını Gəray Cəbrayılovun isə atını əlindən alıblar. At sahibinin yeganə qazanc yeri imiş. Atı tutub apararkən ona zor tətbiq ediblər. Cəbrayılov deyir ki, səbəb atın həbsə müqavimət göstərməsi olub: «Ana atı maşına minmədiyinə görə o ki var döyüblər. Birbaşa Mingəçevir Ət Kombinatına göndəriblər».

Atlarının aqibətindən xəbər tutan Gəray Cəbrayılov da üz tutur heyvanların aparıldığı ünvana: «Ana atımı döydüklərinə görə bir gün sonra ölmüşdü. Onu Mingəçevirin zibilxanasına atmışdılar. Bir yaşlı balasını isə çox çətinliklə almışam».
Qəbələ sakinləri şəhər rəhbərliyinin inəkləri və atları repressiyaya məruz qoymaqda günahlandırır


ÖZ MALINI PULLA ALAN QƏBƏLƏLİLƏR

Sakinlərin bəziləri Mingəçevir Ət-süd aqrar sənaye müəssisəsində kəsilməmiş heyvanlarını geri almağa müvəffəq olublar. Amma bu onlara havayı başa gəlməyib. Mal-qara sahibləri öz heyvanatını pulla satın alıblar. İnəklərin hər birinə 400 manat, ata isə 200 manat pul ödəməli olublar.

Gəray Ağayev: «Kombinatın müdiri dedi ki, hər bir ata 200 manat ödəməsən, buraxmayacağam. Həm atların pulunu vermişəm, həm də atı Qəbələyə gətirməyə maşın pulu. Halbuki atımın bir yaşlı balasını bazara çıxartsam, 80 manata getməz».

«Kəndin mərkəzində bu atlar nə iş görürdü, bunun səbəbi nədir»- bu sualla Gəray Cəbrayılov Qəbələ rayon İcra hakimiyyətinə müraciət edib. Əvəzində təhqirlərə məruz qaldığını deyir: «Deyir bura şəhərdir, olmaz. Evinizdən çölə çıxmayın. Halbuki mən şəhər mərkəzindən 12-13 km aralıda yaşayıram. Həmin kəndin ərazisindəki taxıl sahəsinin gözətçisiyəm. Bəlkə də, 100 başa yaxın mal aparıblar burdan. Rayonun mərkəzindən yox, ətraflarından».

SÜD RƏQABƏTİ

Qəbələlilərdən Faiq Cavadov deyir ki, rayonun inəklərdən «təmizlənməsinin» başqa məqsədi var: «Qəbələdə «JALƏ» süd məhsulları alınsın deyə, çalışırlar ki, əhalinin mal-qarasını azaltsınlar. Yiyələrindən xəbərsiz malları satırlar ki, onlara şərait yaratsınlar, onların süd məhsulları satılsın».

Qəbələ rayonu İcra Hakimiyyətinin Qəbələ şəhəri üzrə nümayəndəsi Mübariz Məmmədov heyvanlara qoyulan bu məhdudiyyəti təsdiqləyir: «Dəfələrlə böyük iclaslarımız olub, söhbətlər olub, evlərinə məktub gedib ki, biz nobat istəyirik. Yəni heyvanlar yığışır bir məhəlləyə, oradan da naxırçı heyvanın birini 4 manatdan aparır otarmağa. Amma mal axşam tövləyə gələn kimi camaat sağıb buraxır küçəyə. Həyətdə bağlamırlar. Deməli buna ancaq südü lazımdır. Bu haqda dəfələrlə deyilib, heç bir tədbir görməyiblər».

Sakinlərsə icra nümayəndəsiylə razılaşmırlar. Faiq Quliyev deyir ki, bununla bağlı əhaliyə heç bir xəbərdarlıq edilməyib.

İNƏKLƏRİN CƏRİMƏ MEYDANÇASI

Qəbələ icra hakimiyyətinin rəsmisi Mübariz Məmmədov mal-qaranın Mingəçevirə ətliyə verilməsini təkzib etdi: «Bilmirəm, məndə belə fakt yoxdur. Mən bilən ora getməyib».

İcra nümayəndəsinin dediyinə görə, küçədə heyvan tutan kimi sadəcə sahibini cərimə edirlər: «Bu malları götürüb ağıl deyilən yerə salırlar. 3-5 manat cərimə edirsən, dilindən söz alırsan. Qısası, xeyri yoxdur. Gecə-gündüz parklardadırlar. Yollar hamısı peyindir. Ona görə bu mallarla bu profilaktik tədbirlər görülür. Bir dəfə də götürüb aparıb Ağdaş tərəfə buraxıblar ki, qoy gedib əziyyət çəkib axtarsınlar. Mümkün deyil. Şəhərdə maşın sürmək mümkün deyil. Malın peyinindən camaatın üstü batır».

İŞ PROKURORLUQDADIR

Hüquqşünas Sadiqə Mehdizadə icra hakimiyyətinin bu addımını Mülki Məcəllənin pozulması kimi qiymətləndirir:

«Tapılan heyvan mütləq şəkildə mülkiyyətçisinə qaytarılmalıdır. Qaytarana qədər isə onu saxlayan şəxsin təqsiri ucbatından heyvanlar tələf olursa, həmin orqan və ya şəxs heyvanın mülkiyyətçisi qarşısında heyvanın dəyəri məbləğində məsuliyyət daşıyır. Yəni o dəyər tam ödənilməlidir. Əslində Qəbələ əhalisinin mal-qarası üçün ayrıca örüş yerləri olmalıdır. Əgər bu tip yerlər ayrılmayıbsa, belə məhdudiyyət qoymaq olmaz ki, mal-qara şəhərə girməsin, yaxud şəhərin bu hissəsində otlasın, o biri hissəsində yox».

Qəbələ sakinləri də elə bu qanundan yapışıb, dolanışıq mənbəyi olan heyvanlarının əllərindən alınmasına görə, Respublika Prokurorluğuna müraciət ediblər.
XS
SM
MD
LG