Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:21

«Biz azadlıq istəyirik»


Azərbaycanda 2005-ci il seçkiləri zamanı müxalifətin aksiyalarından biri, sentyabr 2005
Azərbaycanda 2005-ci il seçkiləri zamanı müxalifətin aksiyalarından biri, sentyabr 2005
«Azadlıq»: «Seçki saxtakarlığı İranı qarışdırıb. Gözlənilən idi. Hələ seçkiqabağı təbliğat kampaniyasından bunun konturları görünürdü. Hamının molla rejimi adlandırdığı, azadlıqların xeyli məhdudlaşdırıldığı deyildiyi bu ölkədə sən demə, vəziyyət heç də belə deyilmiş.
Küçə yürüşləri, mitinqlər göstərdi ki, adamların öz sözünü sərbəst ifadə etmək azadlığı var». Rövşən Hacıbəyli «Biz azadlıq istəyirik» sərlövhəli köşə məqaləsində belə yazır.

«Yadınıza son seçkiləri salın. Azərbaycanda keçirilən seçkiləri nəzərdə tuturam. Bu seçkilər zamanı söz azadlığının vəziyyəti daha çılpaqlığıyla gözə dəydi. Müxalifətin bütün azadlıqları əlindən alınıb. Qərargahları kimi. Belə demək mümkünsə, demokratik diktatura rejimi qurulub. O mənada demokratik ki, istənilən səlahiyyət sahibi bütün özbaşınalıqları açıq şəkildə, hamının gözü qarşısında, demokratik surətdə icra edir. Hətta cəza düşərgələrində (bandotdel, polis idarələri) adamlara hansı cəzanı seçməkdə sərbəstlik, yəni seçim imkanı verirlər…

Bu ilin martında keçirilən və konstitusiyaya antidemokratik dəyişiklikləri nəzərdə tutan referendumda da müxalifətə təbliğat aparmağa imkan verilmədi. Guya demokratik şərait yaradıldı, hər kəsə söz demək imkanı verildi, amma sonda hakimiyyətin istədiyi qəbul olundu. Mitinqlər, küçə yürüşləri qadağan edildi. Amma bütün bunlar molla rejimində sərbəst şəkildə icra olunur. Elə bu sərbəst, azad mübarizənin nəticəsidir ki, etirazçıların təzyiqləri qarşısında hakimiyyət geri çəkilməli oldu. Səsləri yenidən sayacaqlar. Bunun elan olunmuş nəticələrə hansı təsiri olub-olmayacağını qabaqcadan demək çətindir, amma başlıcası odur ki, etirazçılar istəklərinə qismən çatıblar. Yəqin mübarizə şəraitə uyğun davam etdiriləcək. Ən maraqlısı isə Azərbaycan prezidentinin iranlı həmkarını qələbə münasibətilə təbrik etməsidir. İranın özünün şübhəli saydığı qələbə münsibətilə…»

«Bizim Yol»: «İrandakı prezident seçkilərindən sonra vəziyyət xeyli gərginləşib.
Tehrana, İsfəhana və Məşhədə gücləndirilmiş polis dəstələri ilə yanaşı, zirehli transportyorlar yeridilib, aksiyalar dağıdılıb. Nümayişçilərdən 170 nəfər həbs olunub.
Srağagün və dünən Tehranda 1 milyona yaxın insan küçələrə çıxıb, polis insanlara atəş açıb, 7 nəfər həlak olub». Hüseyn Bakuvi «Yaşıl inqilab» olacaqmı?» başlıqla yazısında bildirir.

«2005-ci ildə Haşimi-Rəfsəncani, ötən həftə isə Musəvinin prezident seçkilərində məğlubiyyəti ilə «80-cilər dövrü» bitdi. Növbəti prezident seçkilərində artıq bambaşqa adamlar mübarizə aparacaq, indi liderləri isə xatırlayan az olacaq. Musəvi geri çəkiləcəkmi?
Çünki İranda inqilab hələ asan iş təsiri bağışlamır. Ordu və polis də islahatlar yanğısında qovrulanları dəstəkləmir. Gərçi Musəvi inqilabi hərəkatın başında durarsa, ya həbsxanaya düşəcək, ya da edam ediləcək. Geri çəkilmək isə onun «siyasi ölümü» olacaq.

«Yeni Müsavat»: «Çoxdandır siyasi mövzularda yazmırıq. Düzdür, yazdıqlarımız da siyasətdən kənar deyil. Hətta xaricdən 41 min dollara alınmış eşşəklər mövzusu da siyasətə birbaşa aiddir. Amma bunlar şanlı hakimiyyətimizin şöhrətli və analoqu olmayan siyasətinə aid yorumlardır. Siyasi mövzuların nüvəsini təşkil edən hakimiyyət-müxalifət çəkişmələri, ölkədaxili ictimai-siyasi proseslər, partiyaların həyatı və siyasi liderlərin fəaliyyəti barədə yazılar bəlli səbəblərdən yoxa çıxıb.

Səbəbini axtarmağa baş sındırmayın; hakimiyyət özünün qanunsuz əməlləri və basqıları ilə siyasi fəaliyyət meydanını sözün birbaşa mənasında qapaya bilib. Fəaliyyət üçün çox dar sahə və çətin bir cığır qalıb». «2010-cu ildə nə baş verə bilər?» başlıqlı köşə yazısında belə iddia edir.

«Hazırda yaranmış durğunluğun aradan qalxdığını, yaxud nə vaxt aradan qalxacağını demək mümkün deyil. Hələlik yalnız bir dəyişiklik var. Seçkilərin tamamilə formal mahiyyət daşıdığı Azərbaycan üçün nə qədər təzadlı görünsə də, seçki söhbətləri yenidən gündəmə gəlir. Bu, bir neçə baxımdan diqqətçəkən haldır. Çünki seçki ilə ölkədəki vəziyyətin dəyişəcəyinə ümidlər yox dərəcəsindədir, bundan öncə isə boykot ideyaları «qalib» gəlib. Amma cəmiyyət (siyasi təşkilatlar) yenidən seçkiyə tərəf boylanır. Eyni zamanda, seçki iddialarının qızışması siyasi fəallaşmaya səbəb ola bilər».

«Yeni Azərbaycan»: «Qeyri-hökumət təşkilatları (QHT) haqqında» Qanuna təklif olunan dəyişikliklər mövcud QHT-lər üçün heç bir problem yaratmır. Qeydiyyatdan keçib fəaliyyət göstərən QHT-lər öz fəaliyyətlərini davam etdirirlər. Mən QHT-lərin bu narahatlığını anlaya bilmirəm».

Bu sözləri Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib. Onun sözlərinə görə, dəyişikliklər yeni yaranmış QHT-lərlə də bağlı heç bir problem yaratmır. «Qanuna təklif edilən dəyişikliklər beynəlxalq standartlara uyğundur. Eyni zamanda, burada dövlətlərarası münasibətlərin gücləndirilməsi məsələləri əks olunub. Məsələn, əvvəlcə Azərbaycanda xarici QHT-lər istədiyi şəkildə fəaliyyət göstərirdisə, bundan sonra fəaliyyət yalnız həmin ölkə ilə müqavilə əsasında tənzimlənəcək» -, deyə Ə.Həsənov vurğulayıb.

«Üç nöqtə»: KİV haqqında qanuna dəyişikliklər birmənalı qarşılanmır. Bu qanuna edilən dəyişiklikdə media yaratmaq üçün dövlət rüsumu 1000 manat nəzərdə tutulur. «Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev deyir ki, son bir neçə yada artıq neçənci dəfədir ki, KİV haqqında qanunu dəyişdirməyə cəhd edirlər:

«İlk baxışdan bu, heç də heç nəyi məhdudlaşdırmır. Amma təcrübədə bu o deməkdir ki, KİV təsis etmək istəyən hüquqi şəxs gələcəkdə potensial olaraq ciddi problemlə üzləşəcək. İndi gəl sübut elə ki, sənin qəzet təsis etmək hüququn var».
XS
SM
MD
LG