Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:46

Sənə qızıl medal lazımdı?


«Yeni təhsil qanunu təhsilə yenilik gətirməyəcək, əksinə qüsurları daha kəsin şəkildə ortaya çıxaracaq»
«Yeni təhsil qanunu təhsilə yenilik gətirməyəcək, əksinə qüsurları daha kəsin şəkildə ortaya çıxaracaq»
İyunun 19-da parlament «Təhsil haqqında» yeni qanun layihəsini dəyişikliksiz qəbul edərsə, orta məktəblərin əlaçı şagirdləri qızıl medallarla fərqləndiriləcək və onlar ali məktəblərə imtahansız qəbul olacaqlar. Bundan başqa, yeni qanun beynəlxalq olimpiadaların qaliblərinə də belə bir hüquq verir.

QIZIL MEDAL HƏR iL 15-20 ŞAGiRDƏ VERİLƏCƏK

Prezident yanında Təhsil Komissiyasının üzvü, millət vəkili Cəmil Həsənli bu məsələyə tərəfdar olduğunu deyir:

«Təhsil Nazirliyi bu məsələdə çox maraqlıdır. Birinci məktəbə inamı artırmaq üçün. İkincisi yaxşı oxuyanla pis oxuyan arasında fərq qoyulmalıdır. Ancaq burada neqativ meyllərin olacağı istisna deyil. Qızıl medal hər il 15-20 şagirdə veriləcək. Əgər bu şagirdlərin 10-12 nəfəri gerçəkdən buna layiqdirsə, qalanları ilə bu həddə yaxındırsa, bundan qorxmaq lazım deyil. Bu addımı atmaq gərəkdir».

C.Həsənli beynəlxalq olimpiadaların qaliblərinin Azərbaycanda yenidən imtahan edilməsinə ehtiyac olmadığını bildirsə də, qızıl medal alan şagirdlərin test sistemindən keçməsini vacib sayır.

Bakı Dövlət Universitetinin kafedra müdiri Cahangir Məmmədli sovetlər dönəmi ilə bağlı nostalji hisslərinin olmadığını desə də, o dövrün bəzi yaxşı ənənələrinin davam etdirilməsini normal sayır. Onun dediyinə görə, sovetlər dönəminin yaxşı ənənələrindən biri məhz qızıl medalların verilməsi idi:

«Azərbaycan mühitində şagirdlərin biliyinin qiymətləndirilməsi məni bəzən təmin eləmir. Saxta qiymətlər yazılır. Sovet dönəmində də saxta qiymətlər vardı. İndi ciddi bir nəzarət olmalıdır ki, o medalları alanlar buna layiq olsunlar».

Medalların verilməsi məsələsi məktəblərin, yoxsa Təhsil Nazirliyinin səlahiyyətində olması məsələsinə gəlincə, C.Məmmədli düşünür ki, bu məktəblərin səlahiyyətində olmalıdır. Ancaq nazirlik ciddi dövlət nəzarəti həyata keçirməlidir ki, bu təsadüfi adamların əlinə keçməsin.

Bakı Dövlət Universitetinin dosenti Qulu Məhərrəmli isə düşünür ki, qızıl medal məsələsinin yenidən təhsilə qayıtması təhsilin keyfiyyətinə qətiyyən müsbət təsir göstərməyəcək.

«Test sistemi Azərbaycanda vicdanlı və ədalətli bir qəbul sistemini düzəldib. Buna rəhbərlik edən insanlar cəmiyyətin etimadını doğruldub. Bu geri qayıtmaq, yalançı qızıl medallar məsələsinin tərəfdarı deyiləm. Guya əsas məqsəd orta məktəbin stimullaşdırılmasıdır. Ancaq başa düşmək gərəkdir ki, indiki təhsil sistemi ilə Azərbaycanda cazibədar təhsil sistemi olmayacaq. Ona görə də valideynlər, xüsusən varlı valideynlər başqa yollar aramaqla məşğuldur. Ancaq birdəfəlik anlamaq gərəkdir ki, biz bütünlükdə təhsil sistemini dəyişək».

Qulu Məhərrəmlinin sözlərinə görə, Azərbaycan təhsil sistemini beynəlxalq standartlara uyğunlaşdırıldığını bildirir, bir tərəfdən də keçmişin heç də uğurlu olmayan ənənələrinə qayıdır. Məhərrəmli düşünür ki, yeni təhsil qanunu təhsilə yenilik gətirməyəcək, əksinə qüsurları daha kəsin şəkildə ortaya çıxaracaq.

VƏTƏNDAŞLAR NƏ DÜŞÜNÜR?

Bakı sakinləri ilə söhbətimizdə də bəlli oldu ki, onlar təhsildə qızıl medal məsələsinin bərpasının tərəfdarı deyillər:

- Sizcə, qızıl medallar həqiqi sahiblərinə çatacaq?
- Həqiqi sahiblər həmişə olduğu kimi kənarda qalacaq. Kimin pulu, imkanı varsa o da övladına qızıl medal alacaq. Pula, tapşırıqla həll olunacaq bu məsələ. Bu elə sovet dönəminə qayıdışın bir formasıdır. Qızıl medalı heç zaman öz sahibi almayıb.

- Mən sovet adamı kimi arzu eləyərdim ki, elə sovetlər dönəmində olduğu kimi verilsin. Ancaq indi inanmıram. Bugünkü təhsil sisteminin tərs gedişatından bəllidir ki, heç nə şəffaf olmayacaq.

- Qızıl medal verilməsi düzgün deyil. Əslində qızıl medala neçə ildən bir yalnız bir nəfər layiq görülə bilər. Onu da seçib tapmaq çox müşkül məsələdir. Ən doğrusu bütün şagirdlərin vahid testdən keçməsidir. Əgər biliyi varsa, onsuz da istədiyi fakültəyə daxil ola biləcək. Bu məsələdə mütləq saxtakarlıq olacaq.

- Qızıl medala layiq görülənlərdə yalnız bir neçəsi buna layiq olacaq. Qalanları rüşvətlə alınacaq. Azərbaycanda varlı insanlar çoxdur. Pula attestat satırlar, indi də qızıl medal satacaqlar. Bu məsələ təhsildə yeni rüşvət qaynağına çevriləcək».

MƏLEYKƏ ABBASZADƏ DEYİR Kİ…

«Təhsil haqqında» yeni qanun layihəsinin qəbulunun uzun müddət çəkməsini ekspertlər Təhsil Nazirliyi ilə TQDK arasında bir sıra məsələlər üzrə ortaq fikrə gəlinməməsi ilə izah edirdilər. Mübahisəli məqamlardan biri isə məhz orta məktəblərdə buraxılış imtahanlarının keçirilməsi, şagirdlərin qızıl medallar fərqləndirilməsi və bunun ali məktəblərə qəbul zamanı nəzərə alınması idi.

TQDK sədri Məleykə Abbaszadə dəfələrlə mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda şagirdlərin qiymətləndirilməsi onların biliyinə adekvat deyil. Abbaszadə bunu orta məktəblərdə yüksək qiymət alan şagirdlərin test imtahanlarında aşağı nəticə göstərməsi ilə izah edir.
XS
SM
MD
LG